23 Dekabr 2024, Bazar ertəsi

Dünən

“Şərq qapısı” qəzetinin ötən əsrin 90-cı illərinin əvvəllərindəki nömrələrinin birində dərc edilən “Taxılımız bol olarsa” sərlövhəli yazıda müəllif – Babək rayonundakı “Tingçilik” sovxozunun baş aqronomu Qabil Tağıyev digər sahələrlə yanaşı, kənd təsərrüfatında da yaşanan geriliyi ürəkağrısı ilə qələmə alır, yeganə çıxış yolunu məhz torpağa bağlılıqda görürdü. Həmin yazıdan müəyyən bir hissəni təqdim edirik: “Son üç-dörd ilin ictimai-siyasi hadisələri muxtar respublikanın iqtisadiyyatına da böyük ziyan vurub. Qıtlıq yaşanıb. Bahalıq baş alıb gedir. Adamların yaşayış səviyyəsi xeyli aşağı düşüb. Bir mütəxəssis kimi bunun səbəbini onda görürəm ki, bol suyu, geniş, münbit torpağı, günəşli günləri çox olan muxtar respublikamızda son illər kənd təsərrüfatının inkişafına laqeyd münasibət göstərilir. Torpaqdan ikiəlli yapışmasaq, iqtisadi böhrandan çıxa bilməyəcəyik. Axı nə üçün bizim hər cür imkanımız ola-ola, özümüzü dolandırmağa gücümüz çatmasın. Torpağın sinəsində bütün kənd təsərrüfatı bitkiləri ilə yanaşı, taxıl da əkib-becərməklə özümüzü dolandıra bilərik. Əgər taxılımız bol olarsa, yaxşı yaşayar, heç kəsə əl açmaz, heç kəsin yoluna gözümüzü dikmərik. Amma biz taxılçıların gileyi də az deyil. Birinci gileyimiz ondan ibarətdir ki, istehsal etdiyimiz taxılı bizdən ucuz qiymətə alırlar. İkincisi, texnika sarıdan da çətinlik çəkirik. Üstəgəl, bazar iqtisadiyyatına keçid dövründə bütün məhsulların bahalaşması da biz kənd əməkçilərinin əl-qolunu bağlayıb”.

 Və bu gün

“O günlərdən bir o qədər də çox vaxt keçməsə də, çox şey dəyişib. Nədir dəyişən? – sualını mənə ünvanlasanız fəxrlə deyərəm ki, kənd­linin həyatı, gün-güzəranı, yaşadığı kənd. Özü də bu dəyişiklik əsrə bərabərdir. Dəyişiklik sözünü bir neçə dəfə təkrar etdim, amma məni qınamayın. Mənim kimi orta və yaşlı nəslin nümayəndələri ötən əsrin sonlarında Naxçıvanda çörəklə imtahana çəkildiyimiz günləri yaxşı xatırlayırlar. O günlərin acı xatirələrini tez-tez yada salıb bu günümüzlə fərəhlənirik. Oğul, çörəksiz ev suyu sovrulmuş dəyirmandır”, – deyən təcrübəli bioloq, şıxmahmudlu torpaq mülkiyyətçisi Zahid Tağıyev Naxçıvan istehsalı olan “NAZ Lifan” markalı maşının pəncərəsindən ətraf əraziləri nişan verir və söhbətə belə davam edir: – Görün, bu il nə qədər payızlıq taxıl əkini aparılıb. Heç uzağa getmirəm. Rəqəmlərin dili ilə danışsaq, bizim bu Şıxmahmud və Xəlilli kəndlərinin 672 hektar əkinəyararlı torpağı var ki, onun da 370 hektarında taxıl əkilib. Ötən illə müqayisədə 20 hektar ərazi əkin dövriyyəsinə qatılıb. Sizi inandırım ki, bu yaşıma gəlmişəm, muxtar respublikada builki qədər taxıl əkildiyini görməmişəm. İnsanlar indi torpaqdan ikiəlli yapışır, öz zəhməti hesabına təsərrüfatını qurur, gün-güzəranını yaxşılaşdırır. Mən özüm 10 hektara yaxın sahədə taxıl əkmişəm. Zəmilərdə bol məhsul yetişib”.
Zahid müəllimin sahəsinə yaxınlaşırıq. “Naxçıvan Aqrolizinq” ASC-yə məxsus müasir texnika artıq biçinə hazırlaşır. “Başlayın uşaqlar, işiniz avand, əliniz bərəkətli olsun!” – deyir müsahibimiz. Yerdən də xeyir-dua səsləri yüksəlir: “Bərəkətli olsun!” Qocaman təsərrüfatçının sevincini duymaq çətin deyil. “Çətin olan ötən əsrin sonlarında yaşadığımız günlər idi”,– deyir Zahid müəllim. Namərd ermənilər o vaxt muxtar respublikanın sərhəd kəndlərinə aramsız hücumlar edir, kəndli bir əlində bel, bir əlində tüfəng çöllərdə əlləşib-vuruşurdu. Kim idi taxıl hayına qalan? Başımızın üstünü alan qara buludlar bu gündən sabaha olan ümidimizi, inamımızı itirmişdi. Muxtar respublika işğal təhlükəsi ilə üz-üzə idi. Buna görə də istehsal olunan az miqdardakı məhsul elə sahədə qalıb məhv olurdu. Uzun danışıb ovqatınızı təlx etmək istəmirəm. Bir də ki, ay oğul, müdriklərdən qalma bir söz var. Həyatda o kəslər qalibdir ki, onlar yekdil qərar qəbul edə bilirlər. Fikrimcə, ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə dəvət edilməsi, əbədi və dönməz olan müstəqilliyimizin qorunub saxlanılması Azərbaycan xalqının ən böyük uğurlarından biridir. İndi kəndlinin əməyi yüngülləşdirilib, onlara əkin-biçin üçün dövlət tərəfindən maddi və mənəvi köməkliklər göstərilir, gübrə və yanacaq verilir. Açıq danışacağam. Kənd təsərrüfatı sahəsində ixtisaslaşmış, təcrübəli mütəxəssislərin yerlərdə olması, taxılın əkinindən tutmuş ta ki yığımınadək verdikləri aqrotexniki məsləhətləri şəxsən mən ən böyük mənəvi dəstək hesab edirəm.
Taxıl biçini kampaniyası yekunlaşanadək Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri də bizimlə görüşlər təşkil edir, biçini itkisiz və təhlükəsiz şəkildə başa vurmaq üçün maarifləndirici söhbətlər aparırlar. Məhsuldarlığı ilə seçilən “Bezostaya-1”, “Qobustan”, “Bərəkətli - 95”, “Araz” və digər toxum sortlarından istifadə edirik. Özü də kəndimizdə mənim kimi sahibkarlar kifayət qədərdir. Əyyub 15, Xeybər 12, Çərkəz 10, Çölbəyi isə 8 hektar sahədə payızlıq taxıl əkini aparıb. Çörəyin qədrini bilənlər onun bolluğunu da yarada biliblər. Bu diyar blokada şəraitində yaşamasına baxmayaraq, özünün istehsal etdiyi məhsulları ilə daxili bazarın tələbatın ödəmək gücündədir. Bir sözlə, çörəyimiz öz təknəmizdəndir. Çörək ətrindən də gözəl ətir ola bilməz. Allah bərəkət versin!
– Bağışlayın, söhbətinizi bölürəm. Ata, kombaynçı İntiqam deyir ki, sahənizdə bol məhsul yetişib. Məhsuldarlıq 30-35 sentner olacaq.
Gələn Zahid müəllimin oğlu Gündüzdür.
Ardınca həmsöhbətim: – Məni üzrlü sayın, getməliyəm. İşin qızğın çağıdır. Gərək biçin vaxtı uşaqların yanında olam. Bu təsərrüfatçılıq ənənələrini onlara da aşılamağa çalışıram. Qoy bilsinlər ki, ömür zəhmətlə ucalanda daha mənalı olur. Torpağı sevməli, qədir-qiymətini bilməli, onun yolunda tər axıtmalıdırlar. Bu ali keyfiyyətlər gənclərimizə nümunə göstərilməlidir. Əkinçi ildə iki dəfə sevinir. Bir torpağa toxum atanda, bir də elin sərvəti olan taxıl biçiləndə. İndi Zahid müəllimin timsalında bütün naxçıvanlı torpaq mülkiyyətçiləri bu sevinci birgə yaşayırlar.
Yenə əvvələ qayıdıram.“Tingçilik” sovxozunun baş aqronomu Qabil Tağıyevin arzuları sanki bu günlərə hesablanmışdı. Artıq torpağın sinəsində bütün kənd təsərrüfatı bitkiləri ilə yanaşı, taxıl da əkib-becərməklə özümüzü dolandıra bilirik. Taxılımız boldur, yaxşı yaşayır, heç kəsə əl açmır, heç kəsin yoluna gözümüzü dikmirik. Nə deyək, bunu yaradan əllər var olsun!

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR