İqtisadi inkişafın davamlı olması üçün dövlətin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri kreditləşmədir. İstehlak bazarında formalaşmış tələbin ödənilməsi üçün zəruri olan, yeni istehsal və xidmət sahələrinin yaradılmasına təkan verən kreditləşmə siyasəti bu baxımdan mühüm dövlət tənzimlənməsi vasitəsidir. Muxtar respublikamızda yeni istehsal sahələrinin yaradılması, kiçik və orta sahibkarlığın dəstəklənməsinə xidmət edən bu tədbirlər, son nəticədə, özünü əhalinin rifah halının artması, yeni iş yerlərinin yaradılması və istehlak bazarındakı bolluğun təmin olunmasında göstərir.
Biznesə yeni başlayan kiçik və orta sahibkarlıq qurumlarına maliyyə dəstəyi göstərmək, bölgələrdə əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə aparılan kreditləşmədə fəaliyyətdə olan sahibkarların özəl investisiya qoyuluşu ilə yanaşı, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdindəki Sahibkarlığa Kömək Fondu tərəfindən göstərilən maliyyə dəstəyinin də mühüm rolu vardır. Belə ki, indiyə qədər fond tərəfindən 1200-dən çox layihənin maliyyələşdirilməsi həyata keçirilib.
Göstərilən dövlət maliyyə dəstəyi sənaye, xidmət və kənd təsərrüfatı təyinatlı müəssisələrin yaradılmasında istifadə olunub. Aparılan kreditləşmədə əsas məqsəd sənaye sahəsində yeni layihələrin dəstəklənməsi, aqrar sektorun, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi olub. Ayrılmış kreditlər muxtar respublikada qəbul olunmuş dövlət proqramlarının icrası, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətli rol oynayıb.
Cari ildə də bu istiqamətdə tədbirlər davam etdirilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata əsasən, Sahibkarlığa Kömək Fondu tərəfindən bu ilin ötən dövründə yeni layihələrin reallaşdırılmasına 335 min 900 manat kredit ayrılıb. Kredit qoyuluşları sənaye, kənd təsərrüfatı sahələri üzrə olmaqla, ümumilikdə, 11 layihəni əhatə edib.
Bu il sənaye sahəsi üçün ayrılan kreditlər “D-adlı qaymaq” Məhdud Məsuliyyətli Cəmiyyətində xama istehsalı, Naxçıvan şəhərində “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində pivə istehsalı üçün yeni texnoloji avadanlıqların quraşdırılması və Şərur şəhərində unlu-qənnadı məmulatları istehsalı müəssisəsinin yaradılması məqsədilə verilib. Belə ki, göstərilən dövlət maliyyə dəstəyi ilə “D-adlı qaymaq” Məhdud Məsuliyyətli Cəmiyyətində 5 ton südün emalı mümkün olacaq və burada 10 nəfər yeni iş yeri ilə təmin ediləcək. Alınmış kreditlər hesabına yaradılan bu üç istehsal və iaşə xidməti sahəsində, ümumilikdə, 38 nəfər üçün yeni iş yeri yaradılacaq.
Kənd təsərrüfatı sahəsinə verilmiş dövlət maliyyə dəstəyi sırasında ilk olaraq Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün ayrılmış vəsaitin əhəmiyyətini də qeyd etmək yerinə düşər. Belə ki, mövsüm üçün 6 min ton toxum istehsal edən bu müəssisədə 35 nəfərin yeni iş yeri ilə təmin olunması nəzərdə tutulub. Bundan başqa, Şərur rayonunun Dərvişlər kəndində Miribrahim Seyidovun iribuynuzlu heyvandarlıq təsərrüfatı, Babək rayonunun Naxışnərgiz kəndində Araz Məmmədovun xırdabuynuzlu heyvandarlıq təsərrüfatı və Culfa rayonunun Qızılca kəndində İlqar Hüseynovun arıçılıq təsərrüfatı üçün verilmiş kredit dəstəyi diqqəti cəlb edir. Bu müddətdə kənd təsərrüfatı üzrə dövlət maliyyə dəstəyi göstərilmiş digər layihələrlə birgə, ümumilikdə, 48 nəfər işlə təmin olunacaq.
Muxtar respublikamızda kənd təsərrüfatı sahəsində yeni investisiyalar arasında özəl sərmayə qoyuluşunun da payı ildən-ilə artmaqdadır. Onlardan 7 nəfərin işlə təmin olunduğu Culfa rayonunun Xanağa kəndində Mustafa Novruzova məxsus 200 başlıq iribuynuzlu heyvandarlıq təsərrüfatı, 6 nəfərin işlə təmin olunduğu Şərur rayonunun Axura kəndində Abbas Məmmədova məxsus 64 başlıq iribuynuzlu heyvandarlıq təsərrüfatı və 6 nəfərin işlə təmin olunduğu Şahbuz rayonunun Kiçikoba kəndində Samiq Əliyevə məxsus 900 baş keçi saxlanılan xırdabuynuzlu heyvandarlıq təsərrüfatı diqqəti cəlb edir.
Muxtar respublikamızda arıçılığın genişləndirilməsi və bal istehsalının artırılmasına diqqət böyükdür. Bu baxımdan Şahbuz rayonunun Sələsüz kəndində Etibar Məmmədov tərəfindən saatda 40 kiloqram mum vərəqi istehsalı sahəsinin yaradılması da diqqətçəkicidir.
Özəl investisiya hesabına yeni yaradılan sahibkarlıq subyektlərindən olan, Naxçıvan şəhərində fəaliyyət göstərən “Danyeri” iaşə, ticarət xidməti və istehsal sahəsində isə 62 nəfər işlə təmin olunub.
Göründüyü kimi, muxtar respublikamızda sahibkarlıq fəaliyyəti üçün yaradılmış şərait öz bəhrəsini verməklə, hər keçən gün yeni biznes sahələrinin yaradılmasına səbəb olur. Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, biznesin təşkilinin sadələşdirilməsi, texniki avadanlıqların alınmasına güzəştlər edilməsi və daxili bazarın qorunması çoxlu sayda yeni sahibkarlıq obyektlərinin yaradılmasına imkan verir ki, bütün bunlar da muxtar respublika əhalisinin daha çox və daha keyfiyyətli yerli məhsullarla təmin olunmasına xidmət edir.
Əli Cabbarov