23 Dekabr 2024, Bazar ertəsi

Son illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair bir çox dövlət proqramları qəbul edilib. Bu proqramlar içərisində muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi ilə bağlı ardıcıl olaraq qəbul edilmiş dövlət proqramları isə daha çox diqqəti çəkir. Çünki tarixən aqrar region kimi formalaşmış muxtar respublikada təsərrüfatçılıq ənənələri özünəməxsusluğu ilə seçilib və keçmişdən üzübəri hər iki sahə yerli əhalinin əsas məşğuliyyət sahələrindən olub. Buna görə də meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramları regionda əhalinin ənənəvi əkinçilik sahələri ilə məşğulluğunun təmin edilməsində, eyni zamanda muxtar respublikanın sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanmasının əsasını qoyub.

Qeyd edək ki, həm 2012-2015-ci, həm də 2016-2020-ci illərdə həmin proqramların icrası regionda hər iki sahə üzrə ixtisaslaşmanın elmi şəkildə tətbiqini ön plana çıxarıb. Bu amil muxtar respublikanın əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə olunması ilə yanaşı, meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsində ənənəvi üsullara üstünlük verilməsinə və əkinçilikdə yeni metodların tətbiqinə də geniş imkanlar açıb. Nəticədə, muxtar respublikada ildən-ilə meyvəçilik və tərəvəzçilikdə dinamik artımın müşahidə edilməsi bu sahələrin iqtisadiyyatda rolunu artırır. Təbii ki, meyvəçilik və tərəvəzçiliyin inkişafında muxtar respublikanın hər bir bölgəsinin öz payı var. Ordubad rayonu isə tarixən Naxçıvanda meyvəçiliyin əsas mərkəzi kimi tanınır. Bəs bu gün Ordubadda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı hansı mərhələdədir? Bu sahədə həyata keçirilən tədbirləri necə xarakterizə etmək olar?

Tarixi mənbələrdə Ordubadın meyvəçilik diyarı kimi ad-san qazanması orta əsrlərə gedib çıxır. Qeyd olunur ki, XVII-XVIII əsrlərdə Ordubadda, demək olar ki, hər həyətdə meyvə bağı olub. Bu bağlarda yetişən şaftalı, gilas, ərik, albalı, alça, gilənar, gavalı, cəviz və digər meyvələr bütün Qafqazda tanınıb. Naxçıvan xanlığının Dəstə, Biləv mahallarında çox keyfiyyətli cəviz yetişdirilib. Yüksək keyfiyyətinə görə əhali bu məhsulu kilo ilə deyil, ədədlə hesablayıb. Əldə edilən məhsuldan vergi də ədədlə alınıb. Ümumiyyətlə, XVIII əsrin son onilliyində Ordubad rayonunda 1386 bağ olub, onlardan 193-ü böyük sahələri əhatə edib. Burada yetişdirilən meyvələrin şöhrəti dünyanın bir çox ölkələrinə yayılıb. Elə bu amil də dünya səyyahlarının Ordubada marağını artırıb. Onlar həmin meyvələr haqqında məxəzlərdə ətraflı məlumatlar veriblər. Məsələn, Ordubad bağlarından böyük heyranlıqla danışan səyyah İ.Şopen yazır ki, burada almanın, armudun, şaftalının və gavalının çoxlu növləri yetişdirilir. Onun yazdığına görə, Ordubadın “gülabi” adlı armudu öz dadına və xüsusilə böyüklüyünə görə seçilirdi. Bu armudlar tam yetişərkən o qədər böyük olurdular ki, onların ikisini bir boşqaba yerləşdirmək mümkün olmurdu. Ordubad həm də mənbələrin əksəriyyətinin “albuxara” adlandırdığı alça və gavalılarla məşhur idi. Səyyahların bir çoxu yerli ərik sortlarının müalicəvi xüsusiyyətləri, bu meyvə sortlarının yayılma arealı barədə ətraflı məlumatlar veriblər. İ.Şopenə görə, XVIII əsrin ikinci yarısı, XIX əsrin əvvəllərində Ordubadda bağlar bütün ərazinin yarıdan çoxunu əhatə edirdi. Bəzi məlumatlara görə, XVIII əsrin sonuncu onilliyində Naxçıvanda yetişdirilən 2495 pud meyvənin çox böyük hissəsi Ordubad bağlarının payına düşürdü.
Ordubadda yetişdirilən meyvələrin müxtəlif sortları vardır. Məsələn, şaftalının ağnazlısı, narıncısı, yarma zəfəranı, ağ alanayısı, hulusu, payız salamısı və güştüsü öz dadı və tamı ilə tanınır. Ağ təbərzə, əbutalibi kimi ərik sortları yüz illərdir ki, Ordubadın meyvəçilik sahəsində simvoluna çevrilib. Meyvələr zahiri görünüş cəhətdən nə qədər gözəldirsə, bir o qədər də şirin, lətif və ətirlidir. Onu da qeyd edək ki, Ordubadın dünya şöhrəti qazanmış meyvələri müxtəlif beynəlxalq sərgilərdə nümayiş etdirilib. 1861-ci ildə Ordubad şaftalısı ABŞ-da təşkil edilmiş meyvəçilik sərgisində yüksək qiymətə layiq görülüb. Bu meyvə həmin qiyməti həm də Almaniyada və İtaliyada alıb, eyni zamanda Moskvada keçirilən ümumittifaq kənd təsərrüfatı sərgilərində yüksək dəyərləndirilib. Əbutalibi əriyi hələ 1898-ci ildə Kaliforniyada təşkil olunmuş ümumdünya meyvəçilik sərgisində birinci yerə layiq görülüb. Ümumilikdə isə Ordubad meyvələri dəfələrlə beynəlxalq sərgilərə çıxarılıb, 9 medal qazanılıb.
Ordubad öz meyvə quruları (qaysava, qaysı, alana, basdıq və sair) ilə də tanınıb. Burada meyvələri qurudaraq qışa saxlamaq və çay süfrələrində onlardan istifadə etmək ənənəsi yerli məişətdə çox geniş yayılıb. Vaxtilə bu bölgədə 40 növdə üzüm yetişdirilib. XX əsrin əvvəllərində Azərbaycanda yetişdirilən 40-dan artıq ərik növünün çoxu Ordubadın payına düşüb. Burada həm də geniş əraziləri əhatə edən tut bağları olub. Bu ağacın meyvəsindən çərəz kimi istifadə olunur, doşab bişirilir, yarpaqlarından baramaçılıqda istifadə edilirdi. Ancaq dəfələrlə müxtəlif yazılarda qeyd etdiyimiz kimi, ötən əsrin 90-cı illərində məlum ictimai-siyasi transformasiya dövründə bir çox sahələr kimi, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı da səngiyib. Məlum səbəblər üzündən meyvə ağacları əhali tərəfindən kəsilərək qış dövründə yanacaq kimi istifadə olunub.
Sonrakı illərdə isə bu sahədə nisbətən irəliləyiş müşahidə olunub. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafında əsas mərhələ isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamla təsdiq etdiyi “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsindən sonra başlayıb. Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Zamiq Babayev bizimlə söhbətində bildirdi ki, bu sahədə qəbul edilmiş ilk pro­qram əhalinin bu ənənəvi təsərrüfat sahəsinə qayıdışında mühüm rol oynayıb. Müsahibimiz qeyd etdi ki, 2012-ci ildə rayon üzrə 679,31 hektar bağ mövcud olub, həmin bağlardan 2640,6 ton meyvə yığılıb. Bu sahənin inkişafı məqsədilə həmin il rayonda “Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 624 nəfərə 654 min 200 manat, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 11 nəfərə 15 min 500 manat, o cümlədən meyvə bağı salınması üçün 7 nəfərə 98 min manat, limon istixanası üçün 4 nəfərə 57 min manat kredit verilib. Nəticədə, sonrakı illərdə də müxtəlif mənbələrdən verilən kreditlər hesabına 2013-cü ildə rayonda meyvə bağlarının ümumi sahəsi 682,31 hektara, 2014-cü ildə 693,31 hektara çatdırılıb. Rayonun müxtəlif ərazilərində salınmış meyvə bağları hesabına 2015-ci ilin 1 noyabr tarixinə 2082,6 ton meyvə tədarük edilib. Birinci dövlət proqramının icrası dövründə rayonda 2 ədəd – tutumu 150 ton və tutumu 100 ton olan soyuducu anbar fəaliyyət göstərib. Qeyd olunanları tərəvəz əkini sahələrinə də aid etmək olar. Əgər 2012-ci ildə rayonda 572 hektar kartof sahəsindən 8377,52 ton kartof, 670 hektar tərəvəz sahəsindən 4381 ton tərəvəz yığılmışdısa, 2015-ci ildə 574 hektar sahədən 8434 ton kartof, 672 hektar tərəvəz sahəsindən isə 4710,7 ton tərəvəz tədarük edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq ­Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası Ordubad rayonunda da uğurla davam etdirilir. Proqramın icra müddətini əhatə edən 2016-cı ilin yaz mövsümündə Naxçıvan-Ordubad magistral yolunun Dəstə kəndi ərazisində 1 hektar alma bağı, Aşağı Əylis kəndi ərazisində 9,5 hektar yeni meyvə bağı, Gilançay vadisində isə 1 hektar cəviz bağı salınıb. Ümumilikdə, yaz iməcilikləri dövründə 7600 ədəd meyvə ağacı əkilib, 11,5 hektar yeni bağ salınıb, 5 hektar meyvə bağı bərpa olunub. Həmin dövrün payız iməciliklərində isə Aşağı Əylis kəndi ərazisində 5,7 hektar sahədə yeni meyvə bağı salınıb, 5120 ədəd meyvə tingi əkilib, 1 hektar sahədə üzüm bağı, Naxçıvan-Ordubad magistral yolunun Düylün yol ayrıcında isə 4 hektar sahədə tut bağı salınaraq, ümumilikdə, 2016-cı ildə rayonda 27,2 hektar sahədə yeni bağ salınıb, 7 hektar sahədə meyvə bağı bərpa edilib. 2016-cı ildə rayonda 575 hektar sahədə kartof əkini, 673 hektar sahədə tərəvəz əkini aparılıb. Cari ilin göstəricilərinə gəldikdə isə 2017-ci ilin yaz iməciliklərində Naxçıvan-Ordubad magistral yolunun Əylis kəndi ərazisində 5 hektar sahədə yeni qızılgül bağı, 1 hektar sahədə meyvə bağı, Şəhriyar qəsəbəsində 2 hektar sahədə meyvə bağı salınıb, Sabirkənd ərazisində gələcəkdə əkilməsi üçün 1 hektar sahədə üzüm çubuqları əkilib.
Göründüyü kimi, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı istiqamətində görülən işlər ordubadlı torpaq mülkiyyətçiləri üçün yeni imkanlar açıb. Yuxarıda da qeyd etdiyimiz kimi, Ordubadın qədim meyvəçilik tarixi var. Meyvəçiliyin inkişafında, onun şöhrətinin geri qaytarılmasında, əhalinin daha yaxşı gəlir sahibi olmasında, insanların məşğulluğunda mühüm əhəmiyyət kəsb edən bu sahənin inkişafına yaradılan hər­tərəfli şərait tezliklə daha böyük nəticələr əldə olunmasına inam yaradır. İnanırıq ki, turizmin inkişaf etdirildiyi muxtar respublikada Ordubad təkcə tarixi keçmişi ilə deyil, həm də bundan sonra barlı-bəhərli meyvə bağları ilə də buraya gələnləri məftun edəcəkdir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR