Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli Sərəncamına əsasən hər il iyunun 24-ü Azərbaycanda maşınqayırma sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Maşınqayırma sənayesi bir-biri ilə qarşılıqlı əlaqədə olan energetika, elektrotexnika, radioelektronika, cihazqayırma, dəzgahqayırma, nəqliyyat, kənd təsərrüfatı texnikası və digər maşınqayırma sahələrini əhatə edir. Maşınqayırma ağır sənaye kompleksi olaraq əmək alətləri, istehlak predmetləri və müdafiə xarakterli məhsullar istehsal edən bir sahədir. Bu sahə, ümumilikdə, iqtisadiyyatın texniki təminat bazası olaraq, istehsalatda əmək məhsuldarlığını yüksəltməklə, insanların maddi rifahının yaxşılaşmasına xidmət edir.
Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verilmişdir. Sənaye sahələrinin şaxələndirilməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirilmişdir. Regionların sənaye potensialının yüksəldilməsi kimi uzaqgörən siyasət həyata keçirilərək böyük şəhərlərdə iri sənaye kompleksləri yaradılmışdı. Bu gün də ölkəmizdə sənayenin, xüsusilə də maşınqayırma sənayesinin inkişafı sahəsində ardıcıl tədbirlər görülür.
Ölkəmizin müasir sənayeləşmə hərəkatına Naxçıvan Muxtar Respublikası da öz töhfələrini verir. Muxtar respublikanın şəhər və rayonlarında yaradılmış sənaye müəssisələri daxili tələbatı ödəməklə yanaşı, ixracyönümlü məhsul istehsalına da imkan verir. Gəmiqaya Sənaye Kompleksi, Cahan Sənaye Kompleksi, Dizayn Sənaye Kompleksi, Naxçıvan Sənaye Kompleksi, Naxçıvan Avtomobil Zavodu və digər müəssisələrin yaradılması muxtar respublika sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirmə siyasətinin həyata keçirilməsinə geniş imkanlar yaratmışdır.
Muxtar respublika sənayesinin əsas halqasını formalaşdıran və inkişafda olan maşınqayırma sahəsində ciddi nailiyyətlər əldə edilmişdir. Son illərdə yeni və müasir avadanlıqlarla təchizat, son texnologiyaların tətbiqi maşınqayırma müəssisəsinin həm istehsal gücünü, həm də yeni çeşiddə məhsullar istehsal etmək imkanını artırmışdır. Hazırda maşınqayırma sənayesində rəqabətqabiliyyətli məhsullar istehsal edilir. Əsasən də avtomobillərin istehsalı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda minik avtomobilləri istehsal edən yeganə müəssisə olan “Lifan” avtomobillərinin istehsalı maşınqayırma sənayesinin inkişafında xüsusi çəkiyə malikdir. 2010-cu ildə Naxçıvanda avtomobil zavodunun yaradılması nəqliyyat vasitələrinə artan tələbin daxili istehsal hesabına ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Avtomobil Zavodunda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda zavodda 15 modeldə “NAZ-Lifan” avtomobili istehsal edilir.
Zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Hazırda istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim olunması ilə əlaqədar layihələr hazırlanır. Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Həmçinin avtomobilin müəyyən hissələrinin Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur. Xaricdə istehsal olunan avtomobillərdən daha ucuz qiymətə satışa çıxarılan “NAZ-Lifan” markalı minik avtomobillərinə tələbat ildən-ilə artır. Bu isə onu göstərir ki, həmin markalı avtomobillər maşın bazarında artıq özünəməxsus yerə malikdir.
Hazırda ölkəmizdə avtomobil bazarı daha çox xarici ölkələrin istehsal məhsulları hesabına təmin olunsa da, yaxın illərdə yerli və müştərək müəssisələrin istehsal fəaliyyətinin güclənməsi nəticəsində milli brendlər daxili bazarda xüsusi yer tutmağa başlamışdır. Dünyanın ən nəhəng maşınqayırma müəssisələrinin Azərbaycanda öz istehsal sahələrini yaratmaq niyyətlərinin gerçəkləşməsi isə bu sahənin yüksək inkişafını təmin edəcəkdir. Onu da nəzərə almaq lazımdır ki, maşınqayırma sənayesinin davamlı şəkildə inkişafı minlərlə yeni iş yerlərinin açılması deməkdir. Bu isə insanların məşğulluğunun təmin olunması, sosial vəziyyətlərinin yaxşılaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Peşə bayramlarını qeyd edən maşınqayırma sənayesi işçiləri bundan sonra da istehsal çeşidlərinin və həcminin artırılması, ixrac potensialının genişləndirilməsi məqsədilə daha səylə çalışacaqlar.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti