Bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar var
Ölkəmizin təbii iqlim şəraiti tarixən burada müxtəlif kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsinə şərait yaradıb. Münbit torpaqları, bol su mənbələri və Günəş işığı bu diyarda əhalinin əsas məşğuliyyət sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalına imkan verib. Gəlirliyi ilə seçilən belə təsərrüfat sahələrindən biri də baramaçılıqdır. Baramaçılığın tarixi çox qədimdir. Tədqiqatçılar arxeoloji qazıntılara əsaslanaraq bu sahənin eramızdan 5 min il əvvəl mövcud olduğunu söyləyirlər. İpəkçilik qədim zamanlardan dünyanın bir sıra ölkələrində inkişaf edib. İpək parçalar keçmiş zamanlardan öz dəyəri ilə fərqlənib, qızıla bərabər tutulub. Vaxt olub pul əvəzinə işlənib, ən qiymətli hədiyyə hesab edilib.
İpəkçilik Azərbaycanda VII əsrdən inkişaf etməyə başlayıb. XI-XII əsrlərdə Azərbaycanın müxtəlif bölgələrində istehsal edilən ipək kəmiyyət və keyfiyyətinə görə bütün dünyada şöhrət qazanıb. XIX əsrdə Rusiyada ipək istehsalı müəssisələri, əsasən, Azərbaycandan alınan barama xammalı hesabına işləyib. Sovetlər İttifaqı dövründə ölkəmizdə istehsal olunan ipək təkrar emal üçün SSRİ-nin 250-dən çox ipək parça kombinatına göndərilirdi. Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə ipəkçilik gəlirli sahələrdən birinə çevrilib. İpəkçiliyin inkişafında Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 1971-ci il 17 mart tarixli “Azərbaycanda ipəkçiliyin gələcək inkişafına dair tədbirlər” haqqında qərarının xüsusi rolu olub. Həmin qərar əsasında bu sahənin inkişafı ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib. Ayrı-ayrı rayonlarda ipək kombinatları, baramaaçan və toxuculuq fabrikləri yaradılıb.
Həmin dövrün statistikasına görə, baramaçılıqda 150 min nəfər işçi çalışıb. Respublikada 7 barama toxumu zavodu, 2 damazlıq ipəkçilik stansiyası, 30 baramaqurutma məntəqəsi, 80-ə qədər barama tədarükü və ilkin emalı müəssisəsi fəaliyyət göstərib. Hər il orta hesabla 5 min tona yaxın barama istehsal olunub. Statistikaya görə, həmin dövrdə Azərbaycan dünyada barama istehsalına görə 8-ci, SSRİ-də Özbəkistandan sonra 2-ci, barama və ipəyin keyfiyyətinə görə isə 1-ci yeri tutub.
Naxçıvan Muxtar Respublikası da ölkəmizdə baramaçılığın inkişafında mühüm rolu olan regionlardan olub. Naxçıvanda bu sahənin inkişafı tarixi mənbələrdə də öz əksini tapıb. Məsələn, “Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildində oxuyuruq: “İpəkçilik... Naxçıvanın kənd təsərrüfatında vacib sahələrdən biri idi. Bölgədə ipəkçiliyin əsas mərkəzi Ordubad sayılırdı... Ordubad əyaləti İrəvan quberniyasında birinci yerdə dururdu. XIX əsrin 70-90-cı illərində bu əyalətin 46 kəndində ipəkçiliklə məşğul olurdular ki, bunların da arasında Ordubad şəhəri, Aşağı və Yuxarı Əylis, Aza, Çənnəb, Vənənd, Əndəmic, Dırnıs, Gənzə, Dəstə, Biləv kəndləri daha çox fərqlənirdi. Göstərilən 46 kəndin 41-də isə bilavasitə barama istehsalı ilə məşğul olurdular. İpəkçiliyin inkişaf etdirilməsində, əsasən, üç təsərrüfat sahəsi – tut plantasiyaları, barama istehsalı və ipəkəyirmə bir-birilə vəhdət təşkil edirdi. 1850-ci ildə Ordubad dairəsinin Aşağı Əylis, Dəstə, Biləv, Çənnəb və Ordubad ərazilərində 70 pud 20 girvənkə xam ipək hazırlanmışdı. 1862-ci ilin məlumatına görə, bu ərazilərdən 20 min puda qədər barama hasil edilmişdi... 1885-ci ildə Tiflisdə general-adyutant A.M.Dondukov – Korsakovun iştirakı ilə keçirilən ipəkçilik sərgisində 10 yaxşı ipək məhsulu nümayiş etdirilmiş, ən layiqlilər, o cümlədən Ordubad ipəkçiləri də mükafatlandırılmışdı. 1870-ci ildə Ordubadda 931 pud barama istehsal olunmuşdusa, bu rəqəm 1900-cü ildə 5 min 400 puda çatdırılmışdı. Barama istehsalı başlıca olaraq müxtəlif iri sahibkarların (Məşədi Nəsir, Kazım bəy Əsgərxanov, Kərbəlayı Bağır və digərlərinin) əlində cəmləşdiyi üçün onlar kənd burjuaziyası kimi formalaşaraq nəinki mərkəzi Rusiyanın iri toxuculuq sənaye müəssisələri ilə, habelə İtaliya, Fransa, Avstriya-Macarıstan kimi Avropa dövlətləri, eləcə də Yaponiya, Rəşt, Xorasan kimi ipəkçilik sahəsində şöhrət tapmış iri dövlət və şəhərlərlə geniş ticarət əlaqələri yaratmışdılar”.
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sara Hacıyeva yazır: “İpəkçilik ordubadlıların əsas məşğuliyyət sahələrindən biri olmaqla yanaşı, həm də həyat və güzəranı üçün gəlirli sahəyə çevrilmişdi. Ordubadda qadınlar ev şəraitində ipək parça toxuyur və ipək saplar hazırlayırdılar. Vaxtilə Naxçıvana səyahət etmiş səyyahların yazılarından məlum olur ki, o dövrdə yerli əhali həm daxili, həm də xarici bazarlar üçün yüksəkkeyfiyyətli ipəkdən müxtəlif parçalar, xalça, cecim və sair sənət nümunələri toxuyurdular. İpək və atlaz parçalardan tikilmiş paltarlar, geyimlər Naxçıvan əhalisi üçün xarakterik idi. İpəkdən hazırlanmış qadın baş örtükləri içərisində kəlağayı, müxtəlif örpəklər, örtüklər xüsusilə geniş yayılmışdı”.
Bu ənənəvi sahənin hərtərəfli inkişafının nəticəsidir ki, 1865-ci ildə Ordubad şəhərində ilk baramaaçan (ipək) fabriki fəaliyyətə başlayıb. Həmin fabriki quran və onun ilk direktoru olan Rzaqulu Rzayevin işgüzarlığı, xeyirxahlığı Ordubadda indi də xatırlanır. O, zavodu yaradarkən buraya 96 çeşməli 24 ədəd dəzgah gətizdirir. Fabrikə çoxlu işçi qüvvəsi cəlb edir. Qədim baramaçılıq ənənələri yenidən yaşadılmağa başlayır. Bu prosesdə digər təbii amillərlə yanaşı, tarixən qazanılmış təcrübə də mühüm rol oynayır.
1935-ci ildə baramaaçan fabriki yenidən qurulur. Fabrikə o dövr üçün müasir sayılan 42 ədəd mexaniki dəzgah gətirilir. 1969-cu ildə ulu öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlişindən sonra fabrik tamamilə yenidən qurulur. Belə ki, fabrik üçün yeni bina inşa edilir. Burada 24 ədəd avtomat baramaaçan dəzgah qurulur. Bir faktı da qeyd edək ki, 1970-ci ildə fabrikdə 860 nəfər işçi çalışıb. Bir il sonra fabrikdə toxucu sexi təşkil olunub. Burada 42 ədəd toxucu, 39 ədəd açma və burucu dəzgah quraşdırılıb. 1985-ci ilədək fəaliyyət göstərən fabrikdə istehsal ilbəil artıb. 1980-ci ildə fabrikdə məhsul istehsalı 103 ton 823 kiloqrama, 1985-ci ildə isə məhsul istehsalı 115 ton 307 kiloqrama çatdırılıb.
Ancaq ötən əsrin sonlarında baş verən məlum hadisələr iqtisadi cəhətdən xeyli sərfəli olan bu təsərrüfat sahəsini də tənəzzülə uğradıb. Nəticədə, xeyli tutluq sahələr sıradan çıxıb, istehsal sahələrindəki avadanlıqlar dağıdılıb.
Ordubad rayonuna növbəti səfərimizdə həmsöhbət olduğumuz Tofiq Qənbərov baramaçılıqla bağlı maraqlı məqamlardan danışdı. Uzun illər Ordubad barama toxumu zavodunun direktoru işləmiş Tofiq Qənbərov bildirdi ki, baramaçılıq Ordubadda bir zamanlar inkişaf etmiş və ən gəlirli sahələrdən biri olub. Yüzlərlə rayon sakini qazancını bu yolla əldə edib. Baramaçılığın inkişafı həm kəndlərdə, həm də Ordubad şəhərində yaşayan adamların məşğulluğunun təmin edilməsində, onların ailə büdcəsinin formalaşdırılmasında böyük rol oynayıb. Sovetlər Birliyi dövründə rayonun əksər kənd yaşayış məntəqələrində və ya ona yaxın ərazilərdə böyük tutluq sahələri olub. Müsahibimiz dedi ki, tut ağacı çox faydalı ağacdır. Onun giləmeyvəsindən mürəbbə, min bir dərdin dərmanı olan doşab hazırlanır, yarpaqlarından baramaçılığın, ağacından müxtəlif məişət məmulatlarının hazırlanmasında istifadə olunur. Öyrəndik ki, əvvəllər Ordubadda barama toxumu evlərdə qadınlar tərəfindən primitiv qaydada yetişdirilərmiş. Onlar yetişdirdikləri toxumdan özləri istifadə edərmişlər.
İqtisadi cəhətdən faydalı sahə kimi baramaçılığa maraq getdikcə artdığından, təbii ki, bu da çoxlu toxum tələb edirmiş. Təxminən, 1926-1927-ci illərdə Ordubad şəhərində kiçik bir otaqda barama toxumu istehsalına başlanılıb. 1932-ci ildə barama toxumu zavodu inşa olunub. Sonrakı illərdə rayonda barama istehsalının həcmini artırmaq üçün müxtəlif tədbirlər həyata keçirilib, bu sahə ilə daha çox məşğul olan kəndlərdə kümxana binaları tikilib. Çünki 100-150 kiloqram barama yetişdirmək üçün bir neçə böyük otaq lazım idi. Hazırda rayonun Aza, Sabirkənd, Düylün yaşayış məntəqələrində həmin binalar qorunub saxlanılır. Bu binalarda onlarla baramaçıya barama becərmək imkanı yaradılmışdı. Ordubad baramaçılarından mərhum Mənsurə Qurbanova, Tərlan Qurbanova, həmçinin Mehrəngiz Kazımova, Elmira Babayeva, Zivər Kazımova və başqaları təkcə Ordubadda deyil, ölkə səviyyəsində tanınmış baramaçılar idilər.
Sovetlər Birliyi dövründə qədim diyarda barama istehsalının həcminə nəzər yetirsək, görərik ki, muxtar respublikada bu sahədə ən uğurlu nəticələrə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə nail olunub. Belə ki, muxtar respublikada yaş barama istehsalı 1970-ci ildə 72,6 tona, 1975-ci ildə 87,6 tona, 1980-ci ildə 122 tona, 1983-cü ildə 137 tona çatıb. 1990-cı ildə bu rəqəm azalaraq 89 ton, 1993-cü ildə isə 22,7 ton olub.
Bəs bu gün baramaçılığın inkişaf etdirilməsi üçün hansı potensial mövcuddur? Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Zamiq Babayev bu barədə bizimlə söhbətində bildirdi ki, baramaçılıq tarixən Ordubadda inkişaf etdirilən və gəlirliyi ilə seçilən ənənəvi təsərrüfat sahələrindən olub. Buna görə də ordubadlıların bu sahədə böyük təcrübəsi var. Digər tərəfdən, vaxtilə rayonun müxtəlif yaşayış məntəqələrində salınmış tut bağları indi də qalmaqdadır. Belə tutluq sahələr təkcə Ordubad rayonunda deyil, digər rayonlarımızda da mövcuddur. Son dövrlərdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı dövlətimiz tərəfindən atılan addımlar, xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq olunmuş 2012-2015-ci və 2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramları bu sahənin inkişaf etdirilməsini yenidən diqqət mərkəzinə gətirib. 2016-cı ilin payız iməcilikləri dövründə Naxçıvan-Ordubad magistral yolunun Düylün yol ayrıcında 4 hektar sahədə yeni tut bağı salınıb. Rayonda belə tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Azərbaycan Respublikasında İpəkçiliyin İnkişaf Konsepsiyası” layihəsində kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafı prioritet vəzifə olaraq müəyyən edilib. Konsepsiyada Naxçıvan Muxtar Respublikasında ipəkçilik məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsinin davam etdirilməsi nəzərdə tutulur. Yeri gəlmişkən, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı baramaçılığa strateji sahə kimi xüsusi önəm veriləcəyini diqqətə çatdırıb. Ölkə başçısı deyib: “Sovet dönəmində Azərbaycanda baramaçılıq çox geniş vüsət almışdı. Amma sonra biz gördük ki, bu sahə demək olar tamamilə dağılıb gedib. Əgər keçən il ancaq bir rayonda – Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub. Yəni, 45 gün ərzində insanlar dövlətin dəstəyi ilə halal pul qazanıblar. Minlərlə insan bu 45 gündə 560 manat pul alıb və ailəyə aparıb”.
Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı gəldiyimiz ümumi fikir bundan ibarətdir ki, muxtar respublikada bu sahənin dirçəldilməsi üçün geniş imkanlarımız var. Neçə illərdir ki, keçirilən iməciliklər dövründə əkinəyararsız torpaqlarda, eləcə də yol kənarlarında əkilən tut ağacları baramaçılıq üçün xammaldır. Bu sahənin mütəxəssislərindən öyrəndiklərimizə görə, muxtar respublikamızda əkilən tut sortları içərisində xanlar tut, firudin tut, əmin tut, sıxgöz tut, zərif tut üstünlük təşkil edir ki, bu da baramaçılıqda yüksək məhsuldarlığa nail olmağa imkan verir. Baramaçılığın digər üstünlüyü ondadır ki, barama ən geci 40-45 günə ərsəyə gəlir. Bu da torpaq mülkiyyətçilərinə ilin digər vaxtlarında başqa təsərrüfat sahələri ilə məşğul olmağa imkan verir. İnanırıq ki, hazırda icrası uğurla davam etdirilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” baramaçılığın da inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Səbuhi HƏSƏNOV