Bu ilin ötən dövründə özəl sektordan vergi daxilolmalarının ümumi vergi daxilolmalarında xüsusi çəkisi artıb. Təbii ki, bu artımda muxtar respublikada sahibkarlığa göstərilən dövlət qayğısının xüsusi rolu vardır. Bu barədə Şahbuz Rayon Vergilər Şöbəsindən aldığımız məlumatda bildirilib.
Məlumatda o da qeyd olunub ki, iqtisadi inkişafın nəticəsi olaraq, bu ilin beş ayında şöbə üzrə müəyyən olunmuş proqnoz 110,2 faiz icra edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
Hesabat dövrü ərzində vergi ödəyiciləri tərəfindən 153100 manat plana qarşı 153968 manat icra edilib. Bu dövrdə hüquqi şəxslərdən mənfəət vergisinin həcmi 500 manat plana qarşı 1125 manat, torpaq vergisi 400 manat plana qarşı 497 manat, əmlak vergisi isə 2000 manat plana qarşı 2491 manat olub. Əlavə Dəyər Vergisi üzrə icra vəziyyəti 44400 manat plana qarşı 54520 manat təşkil edib. Sadələşdirilmiş vergi 21700 manat plana qarşı 30853 manat olub. Dövlət rüsumu sahəsində də irəliləyiş müşahidə olunub. Belə ki, 4000 manat plana qarşı 5808 manat təşkil edib. Digər vergilər üzrə də Şahbuz Rayon Vergilər Şöbəsinin nəticələri ürəkaçandır. Belə ki, 2000 manat plana qarşı bu sahədə hasilat 2033 manat təşkil edib.
Xatırladaq ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin yeddinci tirajında rayon üzrə 24 nəfər hədiyyə qazanıb.
Xəbərlər şöbəsi