23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda nəqliyyat xidmətlərindən istifadə edən sərnişinlərin rahat gediş-gəlişinin təmin olunması məqsədilə hər il xeyli tikinti-quruculuq tədbirləri həyata keçirilir. Bu tədbirlər cari ildə də davam etdirilir. Hazırda Şərur rayonunun ərazisindəki yollarda əsaslı və cari təmir işləri aparılır.
Bir neçə gündür ki, rayonun Aşağı Aralıq və Yuxarı Aralıq kəndlərindəki 2,5 kilometrlik əsas, 5,2 kilometrlik məhəllələrarası yolların əsaslı təmirinə başlanıb. Əsas yolların təmiri ilə məşğul olan Naxçıvan Yol Təmir-Tikinti İdarəsinin tabeliyindəki maşın və mexanizmlərin gücü ilə əvvəlki asfalt örtük qaşınıb götürülür, yataq hamarlanır, lazım olan yerlərə çınqıl tökülüb bərkidilir. Bu işlər başa çatdıqdan sonra yola qalın asfalt örtük salınacaqdır.
Məhəllələrarası yolların təmiri isə rayon Yol Təmir-Tikinti İdarəsinin kollektivi tərəfindən görülür. Şərur şəhərində və kənd­lərarası yollarda da cari təmir işləri aparılır.

* * *

Culfa rayonunda aparılan abadlıq-qurucu­luq tədbirləri hər il ayrı-ayrı kəndləri əhatə edir. Cari ildə belə tədbirlər Dizə kəndində də həyata keçirilir. Bu ilin mart ayından adıçəkilən yaşayış məntəqəsində 216 şagird yerlik tam orta məktəb binasının tikintisinə başlanılıb. Yeni məktəb binası 3 mərtəbədən ibarət olacaqdır. İnşaat işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi həyata keçirir.
Yeni obyekt vaxtlı-vaxtında inşaat materialları ilə təmin olunur. Qısa müddətdə inşaatçılar məktəbin birinci və ikinci mərtəbələrinin hörgü işlərini başa çatdırıb, üçüncü mərtəbənin tikintisinə başlayıblar. Obyektin birinci və ikinci mərtəbələrində suvaq işləri yerinə yetirilir.

Dizədə kənd mərkəzinin tikintisi də davam etdirilir. İki mərtəbədən ibarət olacaq kənd mərkəzinin birinci mərtəbəsində hörgü işləri başa çatdırılıb, hazırda bu işlər ikinci mərtəbədə davam etdirilir. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, iclas zalı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis, ATS, baytarlıq, feldşer-mama məntəqəsi, kitabxana, kənd klubu və sair təşkilatlar üçün otaqlar yaradılacaq. İnşaatçılar binanı müəyyən olunan vaxtda istifadəyə vermək üçün əzmlə çalışır, işlərin keyfiyyətini diqqətdə saxlayırlar.
Dizə kəndində xidmət mərkəzinin tikintisinə də başlanılıb. Birmərtəbəli xidmət mərkəzində ərzaq, təsərrüfat malları mağazaları, bərbərxana, gözəllik salonu, ət satışı yeri olacaqdır. Hər üç obyektin ətrafında işıqlandırma sistemi quraşdırılacaq, yaşıllıq zolağı və gülkarlıq salınacaqdır.
Qeyd edək ki, son illər bu idarənin kollektivi Şurud, Gal, Bənəniyar, Qızılca, Saltaq, Gülüstan kəndlərində müxtəlif təyinatlı yeni obyektlər inşa edib. Həmişə keyfiyyət amilinə xüsusi diqqət yetirən idarənin kollektivi quruculuq tədbirlərində tamamilə yerli inşaat materiallarından istifadə edir. Çünki muxtar respublikamızda istehsal olunan sement, qum, kərpic və sair materiallar həm keyfiyyətli olur, həm də ucuz başa gəlir.
Bu il Dizə kəndində avtomobil və kənddaxili yolların da yenidən qurulması nəzərdə tutulub. Qeyd edək ki, Dizə kəndinə gedən magistral yolda əvvəlki illərdə qumlama, çınqıl-torpaq işləri yerinə yetirilib, suötürücülər qoyulub, yolun kənarında kanal çəkilib. Tikinti işləri başa çatdıqdan sonra yola asfalt örtüyü salınacaq.

* * *

Ötən ildən əsaslı şəkildə yenidən qurulmasına başlanılan, Sədərək kəndi ərazisində yerləşən rayon Mədəniyyət və Turizm Şöbəsinin binasında hazırda inşaat işləri davam etdirilir. Bu quruculuq tədbiri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır.
İnşaatçılar obyekti vaxtında təhvil vermək üçün səylə çalışır, bu prosesdə texnikanın imkanlarından geniş istifadə edirlər. Obyektdə tikinti təhlükəsizliyi qaydalarına da ciddi əməl edilir. Burada yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, görülən işlər yüksək zövq və peşəkarlıqla müasir memarlıq elementlərinin tətbiqi ilə yerinə yetirilir.
Rayon ərazisində aparılan quruculuq işləri bununla məhdudlaşmır. Bu ilin əvvəlindən Heydərabad qəsəbəsində zirzəmi ilə birlikdə 7 mərtəbəli, 48 mənzilli yaşayış binasının tikintisinə başlanılıb. İnşaat işlərini “ARTAY” inşaat şirkətinin kollektivi həyata keçirir. Artıq binanın birinci mərtəbəsində inşaat işlərinə başlanılıb. Tikinti işləri başa çatdırıldıqdan sonra Heydərabad qəsəbəsinin görünüşünə yeni çalarlar qatılacaq. Bu quruculuq tədbiri həm də gənc ailələrin mənzil problemlərinin həll olunmasına öz töhfəsini verəcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR