23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda özəl sektora göstərilən dövlət qayğısı iqtisadiyyatın müxtəlif sahələrində işə başlayan sahibkarlar üçün əlverişli şərait yaradıb. Son illər Naxçıvanda uğurlu iş adamlarından biri kimi seçilən Rafiq Əliyevin Nehrəm kəndində qurduğu kəndli - fermer təsərrüfatı biznesdə zəhmət çəkib yaxşı nəticəyə çatmaq istəyənlər üçün gözəl örnəkdir.

Rafiq Əliyevin bir neçə il əvvəl yaratdığı müəssisə süd məhsullarının emalına başlayandan bəri alıcıların rəğbətini qazanıb. Hazırda bu müəssisənin məhsullarına olan tələbat böyükdür. Bütün bunlar sahibkarı sevindirir. Bu il, 25 aprel – Sa­hibkarlar Günündə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunması onu daha da ruhlandırıb və işinə möhkəm bağlayıb.
Sahibkarlıq fəaliyyəti maraqlı olduğu qədər riskli, məsuliyyət tələb edən bir sahədir. Biznesin növü kənd təsərrüfatı və heyvandarlıq olduqda isə bu tələblər daha da artır. Çünki keyfiyyətli ərzaq məhsulları istehsal etmək və əhalinin bu məhsullara olan tələbatını ödəmək daha çox zəhmət tələb edən bir işdir. Heyvandarlıq çox əmək tutumlu, mövsümi faktorlardan asılı olduğundan son məhsulun maya dəyərinin yüksək olması da burada özünü göstərən amillərdəndir. Ancaq bütün bunlar torpağa bağlı olub, dədə-babadan heyvandarlıq işini mənimsəmiş, hazırlanan məhsulun bərəkətini bilən insanlar üçün yorucu deyil, əksinə, həvəsləndirici bir faktor da ola bilər. Ancaq muxtar respublikamızda sahibkarlıq fəaliyyəti, xüsusən istehsal və emal sahibkarlığı üçün yaradılmış şərait Rafiq Əliyev kimi digər sahibkarlarımızı da həmişə işə ruhlandırır.

“Xalaoğlu” kəndli-fermer təsərrüfatı yaradıldığı gündən ötən müddət ərzində fəaliyyətini genişləndirib. Bu gün təsərrüfatda 120 başdan artıq qaramal və 20 minə yaxın quş vardır.
Söhbət əsnasında sahibkar bildirdi ki, təsərrüfatda artıq yumurta istehsalına da başlanılıb. “Xalaoğlu” əmtəə nişanı ilə 5 çeşiddə süd məhsulları, ətlik broyler istehsal edən bu təsərrüfatda 10 nəfərə yaxın yerli sakin daimi işlə təmin olunub. Rafiq Əliyev bu yaxınlarda dövlət dəstəyi ilə aldığı güzəştli 60 min manatlıq krediti də plastik tara istehsalı üçün sərf edəcək. Bu da təsərrüfatda istehsal etdiyi süd məhsullarının qablaşdırılması üçün xaricdən plastik tara gətirilməsi problemini həll edəcək. Bütün bunlara görə sahibkar dövlətimizə minnətdarlıq etdi və bildirdi ki, bundan sonra da bazara daha yüksəkkeyfiyyətli məhsullar çıxarmağa çalışacaq.
Bəli, 20-25 il əvvəl, Naxçıvanın ağır iqtisadi blokada şəraitində, çətin həyat şərtlərinin olduğu, əksər insanların, sadəcə, alverlə birtəhər gündəlik çörəkpulu qazandığı bir dövrü yada saldıqda bu gün Rafiq Əliyev kimi hər bir sahibkarın uğuruna sevinməmək olmur. Ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün yaradılmış şəraitdən səmərəli istifadə edən, Naxçıvanımızın qızıl kimi dəyərli torpağını, saf suyunu, təmiz havasını qazanca çevirən belə iş adamlarımızın sayı artdıqca məhsulumuz bol, süfrələrimiz bərəkətli, nemətlərimiz də dadlı-duzlu olacaq.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR