23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda qida təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Naxçıvan Gömrük Ekspertizası İdarəsinin sınaq laboratoriyasında arıçılıq məhsullarının ekspertizası da həyata ke­çirilir. Bu vaxta qədər mikroskop testi ilə balda saxaroza kristallarının mövcudluğuna və çiçək tozcuqlarının yayılımına baxış keçirilməsi mümkün idi. Qeyd edək ki, saxaroza kristallarının mövcudluğu arıya şəkər məhlulu verilməsindən, tozcuq yayılımının qeyri-mütənasibliyi isə iki və ya daha çox balın bir-birinə qarışdırılmasından xəbər verir.
Naxçıvan Gömrük Ekspertizası İdarəsi üçün yeni alınmış “Reflactoquant” markalı analizator cihazı isə balın tərkibində ümumi şəkərli­liyi, saxaroza və hidroksimetil furfurolun (HMF) miqdarını dəqiq müəyyən etməyə imkan verir.

Qeyd edək ki, təbii balın əsas tərkibi fruktoza və qlükozadan ibarətdir ki, buna da ümumi şəkərlilik deyilir. Balın tərkibində fruktoza və qlükozanın miqdarının ümumi cəmi 60 faiz­dən aşağı olmamalıdır. Balın növündən asılı olaraq tərkibindəki suyun miqdarı maksimum 20, saxarozanın miqdarı isə maksimum 15 faiz təşkil edir. Həmçinin tozcuqlar və sair də ümumi tərkibə daxildir. Təbii balın tərkibində HMF-nin miqdarı da diqqət yetiriləsi cəhətlərdən biridir. Bu göstərici balın təzə və ya köhnəliyindən xəbər verir. Düzdür, bal xarab olmayan yeganə qida olsa da, qaldıqca keyfiyyətinin müəyyən qədər aşağı düşdüyü də məlumdur. HMF-nin miqdarı hər kiloqramda 25 milliqramdan çox deyilsə, bal təzə və keyfiyyətli hesab olunur.
Sonda vurğulamaq yerinə düşər ki, muxtar respublikamızda əlverişli təbii iqlim şəraitinin və zəngin bitki örtüyünün olması, həmçinin ənənəvi təsərrüfat sahəsi kimi arıçılıqda əldə edilən böyük təcrübə Naxçıvan balını fərqləndirən əsas cəhətlərdəndir. Naxçıvan Gömrük Ekspertizası İdarəsinin sınaq laboratoriyası üçün alınan və Almaniya istehsalı olan bu analizator cihazı arıçılıq məhsullarının keyfiyyət göstəricilərinin yüksək olmasına nəzarəti təmin etməklə brend məhsullarımızdan olan balın şöhrətinin yüksəlməsi, ona olan tələbatın artması baxımından da əhəmiyyətlidir. İstər sahibkarlar, istərsə də istehlakçılar laboratoriya­ya müraciət etməklə istehsal və ya istifadə etdikləri balın tərkibini və keyfiyyətini bir neçə saat ərzində öyrənə bilərlər. Bu isə qida və müalicəvi əhəmiyyəti baxımından çox faydalı olan bu əvəzsiz nemətin keyfiyyəti ilə bağlı tərəddüd etmədən ondan rahatlıqla istifadə etməyə imkan verəcək.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR