Artıq üçüncü ildir ki, Naxçıvan Muxtar Respublikasında keçirilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin yeddinci tirajının qalibləri Naxçıvan şəhərində, Kəngərli, Şərur və Sədərək rayonlarında mükafatlandırılıblar.
Naxçıvan şəhəri üzrə yeddinci tirajın qaliblərinə hədiyyələrin təqdim edilməsi münasibətilə muxtar respublika Vergilər Nazirliyində keçirilən tədbiri giriş sözü ilə nazirliyin şöbə rəisi Rəşad Əliyev açıb. Nazirliyin əməkdaşı çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il martın 2-də imzaladığı Sərəncamla təsdiq edilən “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Vergilər Nazirliyinə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsi tapşırılıb. Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 1 iyun 2017-ci il tarixə muxtar respublikanın ticarət və iaşə obyektlərinə 1249 ədəd POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılıb. Muxtar respublikamızda son dövrlər nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində aparılan maarifləndirici tədbirlər öz müsbət nəticələrini verir.
Görülmüş tədbirlərin nəticəsində muxtar respublika üzrə ötən il ərzində ödəniş kartları vasitəsilə edilən nağdsız ödənişlərin həcmi 27 milyon 701 min manata çatdırılıb. Bu ilin 5 ayında isə nağdsız ödənişlərin həcmi 13 milyon 479 min manat olub. Təqdirəlayiq haldır ki, bəhs edilən dövrdə POS-terminallar vasitəsilə aparılan nağdsız ödənişlərin həcminin 77 faizi muxtar respublikamızın rayonlarının payına düşüb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən nağdsız ödənişlərin həcminin artırılması məqsədilə 2014-cü ildən etibarən ildə iki dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir keçirilir. 2014-cü ildə 223 vətəndaşa 20 min manatlıq, 2015-ci ildə 398 istehlakçıya 20 min manat dəyərində, ötən il isə 435 vətəndaşa 30 min manat dəyərində müxtəlif məişət avadanlıqları hədiyyə edilib.
Builki həvəsləndirici tədbirdə də seçim zamanı obyektivliyi təmin etmək məqsədilə bir neçə kriteriyaya diqqət edilib. Belə ki, yuxarı məbləğdə əməliyyat aparılmasından əlavə, əsas göstərici kimi, say etibarilə POS-terminallardan daha çox istifadə edən vətəndaşlara üstünlük verilib.
Tədbirdə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin aparıcı mütəxəssisi Hafiz İsmayılbəyli çıxış edərək bildirib ki, 1 iyun 2017-ci il tarixə bankomatların sayı 56-sı Naxçıvan şəhərində, 45-i isə rayon və kənd mərkəzlərində olmaqla, 101 ədəd təşkil edib. Muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı ötən ilin müvafiq dövründə 232 min 43 nəfər təşkil edirdisə, hazırda bu göstərici 251 min 736-ya çatıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 min 693 ədəd artım qeydə alınıb. İnfrastruktur imkanlarının genişlənməsi, eyni zamanda nağdsız ödəniş həcminin artımına da təsirsiz ötüşməyib. Əgər 2016-cı ilin ilk 5 ayı ərzində muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 12 milyon 90 min manat, o cümlədən Naxçıvan şəhəri üzrə 975 min 912 manat təşkil edirdisə, 2017-ci ilin 5 ayı ərzində bu rəqəm artaraq muxtar respublika üzrə 13 milyon 479 min manat, o cümlədən Naxçıvan şəhəri üzrə 1 milyon 86 min manat olub. Cari ilin yanvar-may ayları ərzində muxtar respublika sakinləri tərəfindən aparılmış nağdsız ödənişlərin 4 milyon 469 min manatı POS-terminallar üzərindən, 9 milyon 10 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib.
Muxtar respublika Vergilər Nazirliyinin şöbə rəisi Mübariz Əhmədov bildirib ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı tədbirin növbəti tirajı bütün şəhər və rayonlarımızı əhatə edib, hədiyyə qazanan vətəndaşların sayı, ümumilikdə, 232 nəfər olub. Onlardan 39-u Naxçıvan şəhər sakinidir. Müvafiq komissiya tərəfindən bu ilin yanvar ayının ilk günündən iyun ayının 1-dək bank orqanlarından nağdsız ödənişlərə üstünlük verən vətəndaşlar haqqında məlumatlar toplanıb və adıçəkilən kriteriyalar əsasında hədiyyə alacaq şəxslərin siyahısı hazırlanıb. Naxçıvan şəhərində 400-601 manat həcmində nağdsız ödənişlər aparan sakinlərə I, 601-801 manatadək bu qəbildən ödənişlərdən istifadə edənlərə II, 801 manatdan daha çox həcmdə ödəniş aparanlara isə III meyarlar üzrə hədiyyələr təqdim olunur. Bugünkü tədbirdə I meyar üzrə 26, II meyar üzrə 7, III meyar üzrə 6 nəfər Naxçıvan şəhər sakininə hədiyyələr veriləcək.
Sonra nağdsız ödənişlərə üstünlük verən şəhər sakinlərinə hədiyyələr təqdim edilib. Hədiyyə alanlar bundan sonra da POS-terminallardan mütəmadi istifadə edəcəklərini bildiriblər.
Məlumat üçün qeyd edək ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir çərçivəsində dünən Kəngərli rayonunda 24, Şərur rayonunda 38, Sədərək rayonunda 18 nəfərə hədiyyələr təqdim edilib. Muxtar respublika sakinlərinə, ümumilikdə, 15 min manat dəyərində müxtəlif hədiyyələr verilib.
Səbuhi HÜSEYNOV