Muxtar respublikamızın tarixini özündə yaşadan, içməli və suvarma suyuna olan tələbatın ödənilməsində mühüm rol oynayan kəhrizlərin qorunub saxlanılması, təmir-bərpası mühüm əhəmiyyətli sahə kimi daim diqqət mərkəzindədir. Yeraltı suları yer səthinə çıxarmaq üçün istifadə olunan qurğulardan – kəhrizlərdən istifadə iqtisadi baxımdan daha səmərəlidir. Ona görə ki, heç bir elektrik enerjisi sərf edilmədən əhali öz axarı ilə fasiləsiz olaraq içməli və suvarma suyu ilə təmin olunur.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Kəhrizlər İdarəsindən verilən məlumata görə, 384 kəhrizin qeydiyyata alındığı muxtar respublikamızda istifadə olunan kəhrizlərin qorunub saxlanılması və təmir-bərpası ötən il də diqqət mərkəzində saxlanılıb. Şərur rayonunun Tənənəm, Babək rayonunun Kültəpə, Kəngərli rayonunun Xıncab, Təzəkənd, Qarabağlar, Çalxanqala, Yurdçu, Culfa rayonunun Yaycı, Xoşkeşin, Şurud, Ordubad rayonunun Yuxarı Əylis, Anabad kəndlərində və Naxçıvan şəhərində olmaqla, ümumilikdə, 15 kəhriz əsaslı təmir olunub. Həmçinin Naxçıvan və Ordubad şəhərlərində, Ordubad rayonunun Aşağı Əylis, Şahbuz rayonunun Şahbuzkənd, Culfa rayonunun Gal, Kəngərli rayonunun Qarabağlar kəndlərində, ümumilikdə, 9 kəhrizdə cari təmir işləri aparılıb.