23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada ictimai təsərrüfatlarda olan torpaqların özəlləşdirilərək əsl sahiblərinə verilməsini yaxşı xatırlayıram. O vaxt kənd məktəbində müəllim işləyirdim. Torpaqların özəlləşdirilməsi yaşadığım kənddə bir neçə aya başa çatdı. Yadımdadır ki, payızın son ayları idi. Təbii ki, ilin bu vaxtında taxıl istisna olmaqla digər bitkilərin əkilməsindən, becərilməsindən söhbət gedə bilməzdi.

O vaxt müəllim yoldaşlarımla etdiyimiz bir söhbəti indi də dəqiqliklə xatırlayıram. Söhbət vaxtı yaşlı müəllimlərdən biri dedi:
– Quruluş dağıldı, bu, zamanın hökmü idi. Bəs texnikaları niyə dağıtdıq? Bu böyüklükdə kənd­lərdə (ictimai təsərrüfat 3 kənddən ibarət olmuşdu) cəmisi barmaqla sayılası 3-4 texnika var, onların da istismar müddəti başa çatıb; dünyanın da elə vaxtıdır ki, ehtiyat hissələri tapmaq çətindir. Tapsan da baha qiymətə...
Torpaqların əhaliyə paylandığı ilk illərdə kənddə heyvandarlığın inkişafına daha çox önəm verildiyini də yaxşı xatırlayıram. Bu da onunla bağlı idi ki, kənd adamları artıq böyük torpaq sahələrinə malik olduqlarından heyvandarlığın inkişafında başlıca amillərdən biri sayılan yem tədarükündə ciddi çətinliklərlə üzləşmirdi.

Bir müddət sonra kənddə əkinçilik məhsullarının da həcmi artdı. Muxtar respublikaya gətirilən yeni texnikalar, məhsuldar toxum sortları ilə təchizat, əkinçiliklə məşğul olanlara kreditlərin və subsidiyaların verilməsi kənd adamını torpağa daha sıx tellərlə bağlayırdı. O, arxasında dayandığı dövlətin iqtisadi gücünün artdığını gördükcə bu prosesə öz töhfələrini əməli işi ilə verməyə çalışırdı. Bu iqtisadi güc kənd­linin həyatında özünü göstərirdi. Kənd adamının maddi rifah halının yaxşılaşması, həyat tərzinin yüksəlməsi təkcə yaşadığım kənd üçün deyil, muxtar respublikanın bütün kənd yaşayış məntəqələri üçün xarakterik bir hal idi.
İndi o günlərə qayıdır, ötən dövr ərzində həyata keçirilən tədbirləri göz önünə gətirir və düşünürəm: Dövlətin həyata keçirdiyi tədbirlər, insanların çəkdiyi zəhmət hədər getməyib. Bu gün muxtar respublikada bolluqdur.
Aqillərin sözüdür: Düzgün atılan birinci addım ikinci addımın istiqamətini göstərir və eləcə də sonrakı addımları.
Oxucular da təsdiq edər ki, dünən muxtar respublikada çox az sayda emal və istehsal sahələri fəaliyyət göstərirdisə, bu gün onların sayı on dəfələrlə artıb. Neçə illər əvvəl regionda bir neçə adda məhsul istehsal olunurdusa, bu gün muxtar respublikada 366 növdə məhsul istehsal olunur. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir.
Burada daha bir amili vurğulamağı vacib sayıram. Görülən işlər əhalinin məşğulluğunun təminatında mühüm rol oynayır. Əhalinin məşğulluğundan söz düşmüşkən, bir məsələ də önə çəkilməlidir. Sürətlə davam edən inkişaf prosesində kiçik biznesin geniş yayılmış formalarından biri olan ailə-fermer təsərrüfatlarının xüsusi çəkisi də artır.
Tez-tez kənd yaşayış məntəqələrində olduğumdan belə təsərrüfatların fəaliyyətini də izləyirəm. Belə təsərrüfatlar hər bir kənddə onlarladır və bu da təbiidir. Əgər hansısa bir torpaq mülkiyyətçisi tərəvəzçilik, kartofçuluq, bostan məhsulları istehsalı ilə məşğul olursa, sözsüz ki, burada torpağın şumlanmasından sonra əkin, suvarma, alaq, dibdoldurma, vərqoyma, gübrələmə, məhsul tədarükü ailə üzvlərinin birgə işinə çevrilir. Başqa cür mümkün də deyil. Çünki az bir qismi sadalanan təsərrüfat işlərinin öhdəsindən bir-iki adam gələ bilməz. Odur ki, ailənin bütün üzvlərinin qüvvəsindən istifadə olunur. Və son nəticədə, qazanılan vəsait ailənin büdcəsini gücləndirir. Bir neçə müddət sonra əkin sahəsini genişləndirmək imkanları yaranır. Daha sonrakı prosesləri təsəvvür etmək heç də çətin deyil. Gəlir artıbsa, sahədə işlətmək üçün texnika almaq vacibdir. Bu zaman aqrolizinq xidmətlərindən istifadə etmək olar.
Son vaxtlar ailə-fermer təsərrüfatları arasında bir yeniliyin şahidi oluruq. Bu, bir neçə ailənin birləşərək kəndli-fermer təsərrüfatlarında fəaliyyət göstərməsidir və bunu muxtar respublikanın bir neçə yaşayış məntəqəsində görmək olar. Muxtar respublikanın, əsasən, aran yaşayış məntəqələrində əkinçilik, dağlıq zonalarında heyvandarlıqla məşğul olan kəndli-fermer təsərrüfatlarının fəaliyyətinin iqtisadi inkişafımızda nə qədər səmərəli bir üsul olduğunu bir neçə belə təsərrüfatın timsalında izlədik.
Babək rayonunun Nehrəm kəndində fəaliyyət göstərən “Xalaoğlu” kəndli-fermer təsərrüfatının rəhbəri Rafiq Əliyevin hələ orta məktəbdə oxuyarkən taleyi elə gətirib ki, bacı-qardaşını böyütmək onun üzərinə düşüb. Zəhmətə qatlaşıb, ayrı-ayrı torpaq mülkiyyətçilərinin əkin sahələrini suvarıb, digər təsərrüfat işləri görüb, topladığı pulla 2 buzov alıb bəsləyib. Kəsimdən sonra həmin pulla özünə kiçik təsərrüfat yaradıb. O vaxt yaratdığı ailə-fermer təsərrüfatının bünövrəsi belə qoyulub. İmkanlar genişləndikdən sonra təsərrüfata əlavə iş qüvvəsi cəlb edərək kəndli-fermer təsərrüfatı kimi fəaliyyətini davam etdirməyə başlayıb. 2008-ci ildə iki bina inşa etdirib. Hər biri 360 kvadratmetr olan binalarda hazırda 100 baş sağmal inək, 30 baş cöngə, 50 baş damazlıq düyə və hələlik 20 baş buzov bəslənilir.
Əkin sahələrindən kifayət qədər yaşıl və qaba yem tədarük edirlər. Qarışıq qüvvəli yemi isə “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətindən alırlar. Gəlir-çıxarlarını vaxtında götür-qoy edir, hər il qış mövsümündə əlavə xərc çəkməmək üçün yaylaqdan dönən zaman ətlik cöngələri satır və ya rayon ərazisində fəaliyyət göstərən Bərəkət Ət Məhsulları Kompleksinə təhvil verib pulunu alırlar. Ötən il əldə olunan gəlirlə yeni istehsal sahəsi üçün hər biri 750 kvadratmetr olan iki bina inşa edib, ətlik istiqamətli quşçuluq təsərrüfatı qurublar.
Müəssisədə istehsal edilən südün və quş ətinin istehlakçılara çatdırılması da mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılıb. Fermer təsərrüfatının ərazisində tikilib istifadəyə verilən, Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırmaqla fəaliyyətə başlayan süd məhsullarının istehsalı və qablaşdırılması, quşların kəsimi və paketlənməsi sexlərində, soyuducu anbarlarda bütün sanitar-gigiyenik tələblər gözlənilir. “Xalaoğlu” tanıtım nişanı ilə satışa çıxarılan qatıq, ayran, kərə yağı, dovğa və quş ətinin ayrı-ayrı rayonlarda fəaliyyət göstərən xidmət mərkəzlərinə vaxtında çatdırılması da diqqət mərkəzində saxlanılıb, yeni avtomaşınlar alınıb. İşçilərə iaşə xidməti göstərilməsi üçün yeməkxana, inzibati heyət üçün ayrı-ayrı iş otaqları olan ofis binası da istifadəyə verilib.

* * *

Daha bir ailə-fermer təsərrüfatı Babək rayonunun Zeynəddin kəndində fəaliyyət göstərir. Əsəd Abbas­ovun başçılıq etdiyi bu təsərrüfat 2014-cü ilin aprel ayında yaradılıb və 4600 kvadratmetr olan sahədə 8 istixanaya 9 növdə, 50 min gül şitili əkilib.
Üç qardaşın birgə əməyi sayəsində ərsəyə gələn təsərrüfatda 6-7 nəfər ailə üzvü həvəslə çalışır. Gül şitilləri Türkiyə Respublikasının Antalya şəhərindən gətirilir.
İki il əvvəl yaradılan təsərrüfat ötən il Sahibkarlığa Kömək Fondundan 30 min manat kredit götürə­rək istixanaları birləşdirib, əkin sahəsini 1000 kvadratmetr də artıraraq 5600 kvadratmetrə çatdırıb. Burada yetişdirilən güllər naxçıvanlıların tələbatını tam ödəyir. İndi növbənöv güllər təkcə Naxçıvanda deyil, Bakı şəhərində də özünə yaxşı alıcı qazanıb. Amma onlar daha geniş bazarlara çıxmağı qarşılarına məqsəd qoyublar. Hələlik bu gün Rusiya Federasiyasının Moskva, Krasnodar şəhərlərində və Ukraynada Naxçıvan gülləri satışa çıxarılır.

* * *

Belə təsərrüfat sahibləri sırasında Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində yaşayan Şəmil Abdullayevin də adını çəkmək olar. O, muxtar respublikada torpaqlar özəlləşdirilən vaxt 0,5 hektar torpağa sahib olub. Bu gün öhdəsində 8 hektar torpaq sahəsi var. Təsərrüfatında 2 ailənin 5 nəfər üzvü çalışır. Əkinçilik və heyvandarlıqla məşğul olur. Ötən il 2,5 hektar sahədə əkdiyi taxıl zəmisindən 8 ton məhsul götürüb. Cari ilin məhsulu üçün payızda 3 hektar sahədə taxıl əkinini başa çatdırıb, yazlıq taxıl üçün də yer saxlayıb. Şəmil Abdullayevin təsərrüfatında ətlik və damazlıq olmaqla, 100-ə yaxın xırdabuynuzlu və 40-dan artıq iribuynuzlu heyvan saxlanılır. Bunun üçün torpaq sahəsinin bir qismindən biçənək və otlaq kimi istifadə olunur. Torpaq sahəsini bir qədər genişləndirmək, mal-qaranın sayını daha da artırmaq fikrindədir.

Son olaraq deyək ki, ailə-fermer təsərrüfatları muxtar respublikada aqrar sahənin inkişafına göstərilən qayğıdan yararlanır, dövlət dəstəyindən bəhrələnərək kreditlər götürür, onların texnika, yüksək reproduksiyalı toxum, suvarma suyu ilə təminatı, istehsal olunan məhsulların bazara çıxışı və üzləşdikləri digər çətinliklər optimal müddətdə həllini tapır. Ona görə də muxtar respublikamızda ailə-fermer təsərrüfatlarının sayı getdikcə artır. Gələn nömrələrimizdə belə təsərrüfatların fəaliyyəti barədə geniş materiallar təqdim edəcəyik.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR