Muxtar respublikanın həm ərazisinə, həm də əhalisinin sayına görə böyük yaşayış məntəqələrindən biri olan Babək rayonu son illər əldə etdiyi sosial-iqtisadi inkişaf göstəriciləri ilə diqqəti cəlb edir. Ulu öndər Heydər Əliyevin yadigarı olan bu yurd yerində dövlət proqramlarının uğurlu icrası nəticəsində qəsəbə və kəndlərdəki yeniləşmə, insan amilinə verilən yüksək qiymət ötən ildə də diqqət mərkəzində olub.
Güclü iqtisadi potensialı olan bu rayonda ötən əsrin sonlarında bütün sahələr məhvə sürüklənmişdi. Sovetlər Birliyinin son illərində bu solğun mənzərə rayonun qəsəbə və kəndlərində də özünü göstərir, sərhəd kəndləri olan Buzqov və Gərməçataq kimi yaşayış məntəqələrində tez-tez mərmi səsləri eşidilirdi. Yalnız ulu öndər Heydər Əliyevin 1990-cı ildə Naxçıvana gəlişi və buradakı qətiyyətli fəaliyyəti nəticəsində nəinki həmin kəndlər qorundu, ümumilikdə, Naxçıvanımız işğal təhlükəsindən xilas oldu, bugünkü inkişafın təməl daşları atıldı. Buna görə də hər kəs dahi rəhbərin ötən əsrin sonlarında Naxçıvandakı siyasi fəaliyyətini minnətdarlıqla xatırlayır.
Bu gün ulu öndərin siyasi xəttinə sədaqətin nəticəsində muxtar respublikanın bütün yaşayış məntəqələri kimi, xalq qəhrəmanı Babəkin adını daşıyan bu rayon da gündən-günə inkişaf edir, çiçəklənir. Hər il rayonun kəndlərində yeni məktəb binaları, kənd və xidmət mərkəzləri istifadəyə verilir, rahat yollar, körpülər salınır. Bütün bunlarla yanaşı, yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi, xüsusən də kənd yerlərində kiçik sahibkarlığın inkişafı üçün dövlət dəstəyinin göstərilməsi ötən il də diqqət mərkəzində saxlanılıb. 2016-cı il ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 66 milyon 154 min manat investisiya yönəldilib. Bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 6 faiz artaraq 63 milyon 736 min 700 manat təşkil edib.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən quruculuq tədbirləri ötən il də uğurla davam etdirilib. 2016-cı ilin ilk ayında Xəlilli kəndində yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib, kənddaxili yollar abadlaşdırılıb. Kənd sakini Rza Hümbətov deyir ki, nəvə-nəticələrimə ötən əsrin 90-cı illərinin əvvəllərindən danışıram, muxtar respublikamızın, ölkəmizin ağır günlərini xatırladıram. Başa salıram ki, yaxşı təhsil almaq, müasir məktəb binalarında oxumaq heç də tarixin bütün dövrlərində mümkün olmayıb. Kimin ağlına gələrdi ki, bir gün Xəlillidə bu cür yaraşıqlı məktəb binası olacaq və şagirdlər internet vasitəsilə muxtar respublikanın muzey şəbəkəsinə qoşulacaq, açıq dərslərdə iştirak edəcəklər. Bütün bunlar müstəqilliyimizin bəhrələridir.
Ötən ilin aprel ayında rayonun daha bir kəndində – Yarımcada yeniliyin və müasirliyin sevinci yaşanıb. Yarımca Kənd Mərkəzi, yeni həkim ambulatoriyası, xidmət mərkəzi istifadəyə verilib. Kəndin məktəbi yenidən qurulub, yolları abadlaşdırılıb. Bu gün Yarımcadakı 342 şagird yerlik məktəb binası gələcək perspektivlər nəzərə alınaraq ən müasir şəkildə inşa edilib. Burada laboratoriya və fənn kabinələri müasir tədris avadanlıqları ilə təmin edilib, zəngin kitabxana fondu yaradılıb. Məktəbin direktoru Şərəbanu Əliyevanın sözləri ilə desək, yaradılan şərait gələcəkdəki uğurlara stimul verən başlıca səbəbdir. Ötən ilin məzunlarından 4-ü ali məktəblərə, 1-i orta ixtisas məktəbinə qəbul olunub, 2 nəfər 500-700 arasında bal toplayıb.
2016-cı ildə abad yaşayış məntəqələri sırasına qoşulan kəndlərdən biri də Məzrə olub. Ötən il sentyabrın 28-də Məzrə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Kənd və xidmət mərkəzlərinin fəaliyyətə başlaması da yaşayış məntəqəsinin sakinləri tərəfindən sevinclə qarşılanıb.
Məzrə kənd tam orta məktəbində çalışan Azərbaycan Respublikasının Əməkdar müəllimi Güllübəyim Dadaşova bildirir ki, yaradılan şəraitin müqabilində biz müəllimlər ölkəmizin, muxtar respublikamızın zəngin tarixini, adət-ənənəsini şagirdlərə yaxşı aşılayır, onları vətənpərvər, elinə-obasına bağlı ruhda tərbiyə etməyə çalışırıq. Gələcəyimiz məhz bizə əmanət olunub. Biz də gənclərimizi düzgün istiqamətləndirir və formalaşdırırıq.
* * *
Rayonda aqrar sahənin inkişafına da xüsusi diqqət yetirilir. 2016-cı ilin məhsulu üçün 9 min 167 hektar sahədə taxıl əkini aparılıb, 28 min 587 ton məhsul əldə edilib. Görülən məqsədyönlü tədbirlər kənd təsərrüfatının inkişafına təsirsiz ötüşməyib. Sadalananların fonunda Kərimbəyli və Kültəpə kəndlərində istifadəyə verilən yeni suvarma şəbəkəsini göstərmək olar. Yeni suvarma sisteminin qurulması nəticəsində həmin kəndlərin 565 hektar torpaq sahəsində suvarma imkanları yaxşılaşdırılıb ki, bunun da 217 hektarı yeni əkin dövriyyəsinə qatılmış torpaqlardır.
Kültəpə kənd sakini Fehruz Qasımov rayonun bacarıqlı torpaq mülkiyyətçilərindəndir. Deyir ki, qarşıdan əkinçi ömrünün, əkinçi həyatının ən qızğın mərhələsi gəlir. Bu gün özümüzün pay torpağımız, suyumuz, kənd təsərrüfatı texnikalarımız var. Bol məhsul istehsal edərək daxili bazarın yerli məhsullarla təminatına biz torpaq mülkiyyətçiləri də töhfə verməyə çalışırıq.
Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir. Ölkə başçısının müvafiq sərəncamı ilə Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu yenidən qurulub, adıçəkilən yolun ikinci hissəsi ötən il noyabrın 11-də istifadəyə verilib. Nehrəm kənd sakini Tofiq Abutalıbovun bu barədə dediklərindən:
– Yolun istənilən səviyyədə olmaması və buna görə də avtomobillərin tez bir zamanda sıradan çıxması bizi uzun illər narahat edib, düşündürüb. Amma bu gün Nehrəm kimi böyük bir kəndə istər rayon mərkəzindən, istərsə də “alaqapı” deyilən tərəfdən gəlsən, rahat yol səni müşayiət edəcək. Nehrəmin, ümumilikdə, Naxçıvanımızın heç vaxt bu qədər inkişaf etdiyini görməmişəm. Dahi rəhbərin müəyyənləşdirdiyi siyasi xəttin layiqli davamçılarının əzmkar fəaliyyəti nəticəsində hər il neçə-neçə kənddə abadlıq-quruculuq işləri aparılır. Bu quruculuq işlərindən Nehrəmə də böyük pay düşüb.
Ötən il Nehrəmdə yeni kənd məscidi də istifadəyə verilib. Kənd sakinləri Hacı Əli Salahov, Səməd Əhmədov və digərləri muxtar respublikada dini dəyərlərin qorunub saxlanıldığını, islami dəyərlərə hörmətlə yanaşıldığını qeyd edir və 2018-ci ildə Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edildiyini xatırladaraq bu məscidin həmin tədbirə mühüm töhfə verəcəyini bildirirlər.
Bu gün Babək rayonuna yolu düşən hər kəs əldə olunmuş nailiyyətlər qarşısında öz heyranlığını gizlədə bilmir. Bu isə 26 illik müstəqillik yollarında az yol qət etmədiyimizdən xəbər verir. Müstəqil dövlətin müstəqil vətəndaşlarının isə qurulub-yaradılanlar barədə hələ deməyə çox sözləri var.
Muxtar Rzazadə