23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvana gələn qonaqlarla gəzib-dolaşdıq. Bu qədim oğuz-türk yurdunda aparılan abadlıq-quruculuq tədbirləri, yeniliklər onlarda xoş təəssürat yaratdı. – Harada bir stəkan çay içək? – deyib üzümə baxdılar.
Nə demək istədiklərini yaxşı bildiyimdən:
– Bu qışın günü bir stəkan çaydan ötrü Ordubada gedən deyiləm. İnşallah yay fəslində gedərik. Həm qoşa çinarın kölgəsində çay içər, həm də istirahət edərik. Elə deyil? – deyib qonaqların razılığını almağa çalışdım. Düzünü deyim ki, bu razılığı almaq o qədər də asan olmadı. Çünki neçə illərdir, Naxçıvana gələndə necə olur-olsun, Ordubada gedib qoşa çinarın altında çay içən Nərimanın budəfəki təklifinə etiraz etməyim bir az qəribə göründü. Ancaq çox üz vurmadı.
– Yaxşı, sən deyən olsun, bəs onda çöl gəzintisinə çıxmaq üçün yüngülvarı qəlyanaltı haradan götürək? – deyə soruşdu.
– “Müasir Məkan”dan.
“Müasir Məkan” sözünü eşidər-eşitməz qonaqlardan biri dedi:
– Elə biz də şərtləşmişdik ki, neçə illərdir, Nərimanın Naxçıvandan bizə pay gətirdiyi, dadı damağımızdan getməyən “MM” məhsullarının istehsal edildiyi müəssisə ilə tanış olaq.
Özüm bilərəkdən maşını “Müasir Məkan”a dolayı yolla, dəmiryol vağzalı tərəfdən Tumbul kəndi istiqamətinə sürüb, yol ayrımından, yəni Hacıniyyət kəndindən geriyə döndüm. Nərimanın sevincinin həddi-hüdudu yox idi. Uşaqlıq xatirələrini təzələdi.

Yolboyu ucaldılan qurucu­luq ərməğanlarını, “Naxçıvan” Universiteti şəhərciyini, müxtəlif təyinatlı sənaye müəssisələrini, bir-birindən yaraşıqlı inzibati və ictimai yaşayış binalarını heyranlıqla seyr edən Nəriman:
– Uşaqlıq illərimin keçdiyi doğma Naxçıvanımı, tanınmaz dərəcədə dəyişən, müasirləşən Naxçıvanımı belə görməkdən qürur duydum. Biznes işimizlə əlaqədar dünyanın bir çox ölkələrini gəzmişik. Mübaliğəsiz deyərdim ki, zaman baxımından Naxçıvan qədər sürətlə inkişaf edən yer görməmişik.
Maşını yolun kənarına çəkdim. Bu da “Müasir Məkan”, – dedim.
Maşından düşən qonaqlar nabələd olduqlarından ətrafı diqqətlə seyr edir, heyranlıqlarını gizlətmirdilər. Görünən hər bir tikili haqqında məlumat almağa çalışırdılar.
Firma mağazaya girdik. Elə burada sahibkar Ziyafəddin Məmmədovla görüşdük. Qonaqlarla tanış etdim.
– Rusiyanın ayrı-ayrı bölgələrindən gəliblər. “MM” brendini xaricdə reklam edənlərdəndirlər. Əvvəllər sizin məhsullarınızdan dadıblar, hətta özləri ilə də aparıblar. İndi də çöl gəzintisi üçün qəlyanaltı götürmək istəyirlər, – dedim.
Söhbətimizə qoşulan Rüfət: – Mən Rusiyada yaşayıram. Ət və ət məhsulları istehsalı ilə məşğulam. Məhsulunuzun üzərində yazılmış reseptdən istifadə etdim. Ancaq “MM”in istehsal etdiyi məhsulların, xüsusilə “Naxçıvan” kolbasasının dadını, tamını aldıra bilmədim.
Ziyafəddin müəllim xeyli güldü:
– Bu dad, əlbəttə, alınmaz. Çünki o məhsul Naxçıvanda istehsal olunmur. Özü də üzərində “Naxçıvan” yazılmır. Bu məsələni həll etsəniz, elə dad həmin dad olacaq.
– Biznes sirrinizi verməmək üçün çox gözəl manevr etdiniz, – deyən Rüfət də, qonaqlar da güldülər. Sonra sahibkardan müəssisəyə baxmaq, istehsal prosesi ilə tanış olmaq üçün icazə istədilər.
– Tək sizin üçün yox, bizim məhsullarımızdan istifadə edən bütün istehlakçılar üçün istehsal prosesini izləmək imkanı yaratmışıq, – deyən sahibkar divardan asılmış tele­vizorda istehsal prosesini izləməyi məsləhət gördü: – Əgər bu da sizi qane etməsə, əyani tanışlıq üçün şərait yaratmaq imkanımız var.
Rüfət istehsalçı marağını gizlətməyib əyani tanış olmağı seçdi. Digər qonaqlar da ona qoşuldu. Birlikdə müəssisəni gəzdik. İstehsal prosesini, son model avadanlıqları, onların tam avtomatlaşdırılmış iş prinsipini izləyən qonaqlar:
– Bu, inanılmazdır, – dedilər.
– Buna necə nail olmusunuz? Müəssisəni necə qurmusunuz? – deyə sualı sualın ardınca ünvanladılar. Qonaqları təmkinlə dinləyən Ziyafəddin Məmmədov dedi:
– Sahibkarlıq fəaliyyəti üçün münbit şərait olan yerdə hər şeyə nail olmaq mümkündür. Elə bu müəssisənin qurulması da sahibkarlığa göstərilən dövlət qayğısının bəhrəsidir. 2003-cü ildə gördüyünüz bu ərazidə kiçik bir sex qurub fəaliyyətə başladıq. Düzü, məhsullarımıza tələbatın bu qədər artacağını təsəvvür etmirdik. Təbii ki, artan tələbatın ödənilməsi, daha çox və daha keyfiyyətli məhsul istehsal etmək üçün yeni binanın inşa olunması, daha müasir texnoloji avadanlıqların alınması zərurəti yarandı. Bu isə imkanımız xaricində idi. Biz də dövlət qаyğısındаn bəhrələndik. Müəssisəyə Sаhibkаrlığа Kömək Fоndundan dövlət mаliyyə dəstəyi göstərildi. Nахçıvаn şəhərinin Babək məhəlləsində istеhsаl müəssisəsi üçün аyrılmış ərazidə müasir layihə əsasında istеhsаl sехi, хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün sоyuducu аnbаr, lаbоrаtоriyа, inzibаti binа tikib istifadəyə verdik. 2011-ci ilin əvvəllərində fəaliyyətə başlayan müəssisədə Polşa istehsalı olan müasir tехnоlоji аvаdаnlıqlаr quraşdırılıb, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib. Həmçinin müəssisənin daim təzə ətlə təmin olunması üçün Culfa rayonunun Gülüstan kəndi ərazisində yаrdımçı təsərrüfаt yaratmışıq. Hazırda müəssisədə “Nахçıvаn”, “Hаlаl” və “Dоğmа tаm” adında hisə vеrilmiş və bişirilmiş kоlbаsа, eləcə də sоsiskа istеhsаl оlunur. Fəaliyyətə başlayan zaman 2-3 çeşiddə ət və ət məhsulları istehsal edilən müəssisədə hazırda 24 çeşiddə məhsul istehsal olunur. Burada хаmmаlın qəbulundаn tutmuş sаtışа çıхаrılmаsınаdək texnoloji proseslərə ciddi əməl оlunur: ət və hazır məhsul lаbоrаtоr аnаlizdən keçirildikdən sonra istеhsаlа və satışa burахılır.
“MM” tanıtım nişanı ilə satışa çıxarılan məhsullar аlıcılаr tərəfindən rəğbətlə qаrşı­lаnır. Ayrı-аyrı ticаrət şirkətlərindən аlınаn sifаrişlər də dаdı-tаmı ilə sеçilən bu yеrli məhsulа tələbаtın çох оlduğunu göstərir. Müəssisədə istehsal olunan məhsulların ölkəmizin digər regionlarında satışını təmin etmək məqsədilə Bakı şəhərində satış mərkəzi yaradılıb və mərkəzə əlavə işçi qüvvəsi cəlb edilməklə soyuducu kamerası olan avtomaşınlarla təmin olunub. Gələcəkdə müəssisədə istеhsаl edilən məhsullаrın xarici bazarlara çıхаrılmаsı da plаnlаşdırılır. Müəssisədə daxili bazarın tələbatına uyğun yeni istehsal sahələri yaradılıb. 2014-cü ildə ətin konservləşdirilməsi istehsalı sahəsi üçün Almaniyanın “ASCA” şirkətindən istehsal gücü saatda 600 ədəd 400 qramlıq tara olan, ətin konservləşdirilməsi istehsalı sahəsində istifadə olunan tara istehsalı üçün Çin Xalq Respublikasından müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb. Yeni istehsal sahələrinin fəaliyyətə başlaması daxili bazarı keyfiyyətli yerli ərzaq məhsulları ilə təmin etməklə yanaşı, iş yerlərinin açılmasına da əlverişli şərait yaradıb.
– İstehsal sahəsi ilə yanaşı, xidmət sektorunda da öz bacarığımızı sınadıq. Novruz bayramında istehsal etdiyimiz məhsulları və hazırladığımız milli yeməkləri şənlik iştirakçılarına təqdim etdik. Rəğbətlə qarşılandı. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muxtar respublikamıza gələn turistlərə və yerli ziyarətçilərə nümunəvi iaşə xidməti göstərilməsi üçün hər cür şərait yaradıldı. Müəssisənin ərazisində də qədimliklə yeniliyin harmoniyası olan quruculuq tədbirləri həyata keçirilib. Toy şənliklərinin keçirilməsi üçün müasir memarlıq üslubu ilə seçilən şadlıq sarayı, qədimliyi özündə yaşadan, xüsusi dizaynla bəzədilmiş, taxtadan qurulmuş, həsir tavanı olan istirahət guşəsi, istehsal olunan məhsulları daha münasib qiymətə alıcılara təqdim edən firma mağazası, kafe müştərilərin və şəhərimizə gələn qonaqların istifadəsinə verilib. Buyurun, siz də tanış olun, – deyən Ziyafəddin Məmmədov qonaqları kafeyə dəvət etdi.
Kafedən çıxan qonaqlara tariximizi, keçmişimizi özündə yaşadan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kom­pleksini göstərərək:
– Orada da “Müasir Məkan”ın istehsal etdiyi məhsullardan hazırlanan və müxtəlif milli yeməklərimizi turistlərə təqdim etmək imkanı olan hər cür şəraitə malik yeməkxana və çay evi fəaliyyət göstərir. Elə çayımızı da orada içək, – deyib maşına tərəf yönəldim.
Havanın qarlı, şaxtalı olmasına baxmayaraq, qonaqların təkidi ilə qala divarları üzərində çay içməli olduq. Hər kəs ecazkar mənzərənin sehrinə düşdü. Elə çay içə-içə nümunəvi xidmətin ünvanı olan bu məkandan qədimliyi saxlanılmaqla yeniləşən, müasirləşən Naxçıvanın ecazkar mənzərəsini seyr etdik.
Qala darvazasınadək hər kəs öz təəssüratlarını bölüşürdü. Ziyafəddin Məmmədov dinməz-söyləməz kənarda durub söhbətlərə qulaq asan qonaqdan adını soruşdu:
– Adım Talehdir.
– Niyə dinib-danışmırsınız?
– Mən, sadəcə, Naxçıvanın inkişafı, gözəlliyi qarşısında donub qalmışam, təəccüb içindəyəm. Blokada şəraitində bu inkişafa nail olmaq hünər istəyir. Əhsən Naxçıvana və naxçıvanlılara.
Ziyafəddin Məmmədov: ­­ – Qonaqlar nə vaxt yola düşəcək? – deyə soruşdu.
– Sabah ikinci reyslə.
– Elə də təxmin etmişdim. Onda mən qonaqları yola sala bilməyəcəyəm. Müəssisədə yeni istehsal sahəsi qurmağı planlaşdırırıq. Avadanlıqların alınması üçün sabah tezdən Türkiyəyə gedəcəyəm, – deyib maşına yaxınlaşdı. Yük hissəsindən qonaqlar üçün hazırlatdığı payı götürdü.
– Bu da məhsullarımızı xaricdə reklam edən Nərimana və onun dostları Rüfətə, Talehə “Müasir Məkan”dan Naxçıvan payı, – deyən Ziyafəddin Məmmədov qonaqlarla xudahafizləşib ayrıldı.
Biz də sahibkara, – yolun açıq, işin avand olsun, – dedik.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR