Dünyada baş verən iqtisadi böhrana və qlobal maliyyə bazarlarındakı qeyri-sabitliyə baxmayaraq, muxtar respublikada ötən il də makroiqtisadi sabitlik təmin olunub. Bu günə qədər qəbul olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlərin uğurla reallaşdırılması nəticəsində infrastrukturun köklü şəkildə yenilənməsi və bütün sahələrə investisiya qoyuluşunun artırılması əldə olunan nailiyyətləri şərtləndirən əsas amildir. Bu müddət ərzində muxtar respublikada bir sıra istehsal və sosial yönümlü obyektlər tikilib istifadəyə verilib.
İqtisadiyyatın inkişaf dinamikası və əhalinin maddi rifahı daha çox ümumi daxili məhsul, onun adambaşına düşən miqdarı və əhali gəlirləri ilə ölçülür. 2016-cı ildə əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi 2 milyard 500 milyon manatdan çox olub. Onun hər bir nəfərə düşən həcmi isə 5 min 771 manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq göstəricisinə nisbətən 3,4 faiz çoxdur.
Ümumi daxili məhsulun tərkibində 28 faizlik xüsusi çəkiyə malik olan sənaye sahəsində aparılan uğurlu islahatlar nəticəsində həmin sahədə də sürətli inkişafa nail olunub. Sənayenin strukturunun təkmilləşdirilməsi, emal müəssisələrinin inkişafı istiqamətində görülən tədbirlər sənaye məhsulunun artmasına səbəb olub. Kənd təsərrüfatı, onun xammalına əsaslanan emal müəssisələrinin yaradılması muxtar respublikanın iqtisadi potensialının möhkəmlənməsinə təsir göstərib. Nəticədə, təkcə 2016-cı ildə 942 milyon manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da 1995-ci ilə nisbətən 103 dəfə çoxdur.
Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində görülən işlər muxtar respublikanın iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynayıb. Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlığın başlıca şərti olduğundan bu sahə daim diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikamızda əhalini zəruri qida və digər kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün güclü potensial mövcuddur. Muxtar respublikanın ərzaq məhsullarına olan tələbatının, əsasən, daxili imkanlar hesabına ödənilməsi üçün regionda infrastrukturun yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırılıb və 107 növdə ərzaq məhsuluna olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin olunub. Bunun üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində işlər görülüb, yeni texnikalar alınıb, subsidiyalar ayrılıb, aqroxidmət sahələri yaradılıb, fermerlərə güzəştli şərtlərlə gübrə, yanacaq, texnikalar verilib. Bunun nəticəsində 2016-cı ildə 429 milyon 448 min manatlıq məhsul istehsal olunub ki, bu da 2015-ci illə müqayisədə 6 faiz çoxdur.
Sahibkarlığın inkişafına göstərilən dəstək, onlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan məsələlərin həllinə imkan yaradıb. 2016-cı ildə bank və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı məqsədilə 17 milyon manatdan çox kredit verilib ki, bu da 1995-ci illə müqayisədə 68 dəfə çoxdur. Təkcə 2016-cı ildə muxtar respublikada 33 hüquqi və 2173 fiziki şəxs qeydiyyata alınıb. Ötən dövr ərzində yeni texnologiyalardan istifadə və məhsul çeşidlərini yeniləşdirməklə rəqabət qabiliyyətinin artırılması, daxili və xarici bazara inteqrasiyanın təşkil edilməsi ilə əlverişli biznes mühitinin yaradılması məhsul istehsalının artmasına təkan verib, 2016-cı ildə 47 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, nəticədə, istehsal olunan məhsul növlərinin sayı 366-ya çatdırılıb. Halbuki 1996-cı ildə muxtar respublikada cəmi 10 adda məhsul istehsal olunurdu.
İstehsal və xidmət müəssisələrinin çoxalması məhsul istehsalının həcmi və məşğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnib. 2016-cı ildə muxtar respublikada açılan iş yerlərinin 98 faizi daimi iş yerləri olmaqla, ümumilikdə, 2 min 818 yeni iş yeri açılıb. İnsan fəaliyyətinin bütün sahələrində təzahür edən məşğulluq, bütövlükdə cəmiyyətin mövcudluğunun maddi-mənəvi əsası, səmərəli iqtisadi fəaliyyətin nizamlanması üçün mühüm amildir. Müasir iqtisadi şəraitdə dövlətimizin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri də əmək qabiliyyətli əhalinin məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. İqtisadiyyat inkişaf etdikcə, milli gəlir artdıqca vətəndaşlar üçün əlverişli sosial şərait yaranır, onların sosial müdafiəsi güclənir. Digər tərəfdən isə əhalinin sosial vəziyyəti yaxşılaşdıqca onların əmək fəallığı da artır.
Bu gün artıq muxtar respublikada yerli məhsulların rəqabət qabiliyyətini artırmaqla ixraca nail olunub, sahibkarlıq subyektlərinin beynəlxalq əlaqələri genişləndirilib. Tələbatdan artıq istehsal olunmuş məhsulun ixraca yönəldilməsi nəticəsində xarici ticarət dövriyyəsinin həcmi ötən il 457 milyon 421 min ABŞ dolları təşkil edib ki, bu da 1995-ci ilə nisbətən 24 dəfə çoxdur. Əgər 1995-ci ildə xarici ticarət dövriyyəsinin 90 faizi idxalın, cəmi 10 faizi ixracın payına düşürdüsə, ötən illər ərzində bu strukturda köklü dəyişiklik baş verib və 2016-cı ildə ticarət dövriyyəsinin 92 faizini ixrac, cəmi 8 faizini idxal təşkil edib.
İqtisadi inkişafa əsaslanan sosial siyasətin uğurla həyata keçirilməsi iqtisadi və sosial inkişaf arasında tarazlığı təmin edir. Sosial siyasət əhalinin sosial müdafiəsi, təhsili, insanların sağlamlığının qorunması, gənclər siyasəti və əhalinin digər sosial-mədəni ehtiyaclarının ödənilməsi sahəsində fəaliyyəti əhatə edir. Mənzil təminatı sosial tələbatın ödənilməsinin mühüm amillərindən biridir. 2016-cı ildə 2 ictimai yaşayış binası tikilərək istifadəyə verilib, 9 yaşayış binasında yenidənqurma və əsaslı təmir işləri aparılıb. Ötən il ərzində əsas kapitala yönəldilən investisiyaların həcmi 997 milyon manata qədər yüksəlib ki, bu da 1995-ci ilə nisbətən 327 dəfə çoxdur. Vəsaitin böyük hissəsinin tikinti-quraşdırma işlərinə sərf olunması tikinti məhsulunun həcminin dinamik şəkildə artması və kənd yerlərində infrastrukturun yenilənməsi ilə nəticələnib.
Göründüyü kimi, ötən il Naxçıvanda sosial-iqtisadi inkişaf istiqamətində əldə olunmuş nəticələr ümumi rifahın yüksəlməsini təmin edib. Əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına rəvac verən bu inkişafın davam etdirilməsi isə gələcəkdə yeni uğurlara zəmin yaradır.
Mehriban İmanova
iqtisad üzrə fəlsəfə doktoru