Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, son illərdə muxtar respublika iqtisadiyyatının çoxşaxəli inkişafına ayrılan diqqət yerli istehsal məhsullarının xarici bazarlara çıxış imkanlarını xeyli yaxşılaşdırmaqla xarici ticarət əməliyyatlarının həcmini də əhəmiyyətli dərəcədə artırıb. Belə ki, ötən 2016-cı ildə Naxçıvan Muxtar Respublikasında xarici ticarət dövriyyəsinin həcmi 457 milyon 421 min ABŞ dolları təşkil edib ki, aparılan xarici ticarət əməliyyatlarının da 92 faizi ixracın, 8 faizi idxalın payına düşüb.
Xarici ticarət əməliyyatlarının genişləndirilməsində yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli məhsulların istehsalı və onların xarici bazarlara çıxarılmasına imkan yaradan infrastruktur təminatı mühüm rol oynayır. Belə ki, ixracın stimullaşdırılması sahəsində qəbul edilən qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanlarının artmasına, iqtisadi əlaqələrimizin daha da genişlənməsinə zəmin yaradıb. Ölkə ərazisində və xarici ölkələrdə keçirilən biznes-forumlarda, konfranslarda, sərgilərdə sahibkarlıq subyektlərinin iştirakı və məhsulların reklamının, sərgi-satışının təşkil edilməsi məqsədilə 2016-cı ildə ölkə daxilində və xaricdə keçirilən 16 biznes-forum, 2 beynəlxalq sərgidə 147 sahibkarlıq subyektinin iştirakı təmin edilib. Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilmiş “Gulfood-2016”, İran İslam Respublikasının Urmiya şəhərində keçirilmiş “Daş sənayesi, mədən və mədən sənayesi avadanlıqları” beynəlxalq sərgilərində muxtar respublikada fəaliyyət göstərən 5 müəssisənin istehsal etdiyi mineral sular, lokum, peçenye, vafli, konfet, mərmər, travertin məmulatları, sement, əhəng, klinker, gips, alçıpan və məsaməli beton məhsulları nümayiş etdirilib. Muxtar respublikada istehsal olunan ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılmasına şərait yaratmaq üçün “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ixrac olunan məhsullara 115 halda mənşə sertifikatları verilib, qurumun kadr potensialının təkmilləşdirilməsi məqsədilə burada fəaliyyət göstərən laboratoriyanın əməkdaşları keçirilən treninqlərdə iştirak edib və müvafiq sertifikatlarla təmin olunublar. Bundan əlavə, ixracyönümlü fəaliyyətin genişləndirilməsi məqsədilə 13 yeni şirkət qlobal standart sisteminə daxil edilib, 96 çeşiddə məhsula ştrixkod verilib, 37 ixrac potensiallı müəssisəyə aid ərzaq və qeyri-ərzaq olmaqla, 339 çeşiddə məhsulun kataloqu hazırlanıb.
Ötən il gömrük orqanlarının normal fəaliyyət göstərməsi üçün həyata keçirilən infrastruktur layihələri və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən işlər də xarici ticarət sahəsində işlərin genişləndirilməsinə öz təsirini göstərib. Belə ki, ötən il Sədərək sərhəd gömrük-buraxılış məntəqəsi üçün dünya standartlarına uyğun kompleksin tikintisi davam etdirilib, avtonəqliyyat vasitələrinin keçidini sürətləndirmək məqsədilə Sədərək və Culfa sərhəd-keçid məntəqələrində yeni avadanlıqlar və xüsusi proqram təminatı quraşdırılaraq “Sərhədkeçmə vaxtının ölçülməsi” sisteminin tətbiqinə başlanılıb.
Naxçıvanın malik olduğu iqtisadi potensial, yeniləşən infrastrukturu, tarixi İpək Yolu üzərindəki mühüm mövqeyi, regionun tranzit imkanları və sahibkarlığa verilən dövlət zəmanəti bütün fəaliyyət növləri kimi, xarici iqtisadi əlaqələrə də öz təsirini göstərib. Bütün bunlar isə, ümumilikdə, muxtar respublikamızın uğurudur.
- Əli Cabbarov