Muxtar respublikamızda sahibkarlığın inkişafının davamlı olaraq dəstəklənməsi, mövcud çətinliklərin aradan qaldırılması regionda yeni emal və istehsal sahələrinin artmasına öz müsbət təsirini göstərir. Cari ildə daha bir müəssisə – yük avtomobilləri şinlərinin təkrar emalı müəssisəsi yaradılıb.
Naxçıvan şəhərinin Əliabad qəsəbəsində fiziki şəxs Heydər Quliyev tərəfindən yaradılan yük avtomobilləri şinlərinin təkrar emalı müəssisəsində Türkiyə və Almaniya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Burada 5 nəfər daimi işlə təmin olunub.
Müəssisədə təkrar emal olunan şinlər ölkəmizin paytaxtı Bakı şəhərinə və digər regionlarına, eyni zamanda İran İslam Respublikasına satışa göndərilir. Aylıq istehsal gücü 2 min ədəd şin olan müəssisədə təkrar emal edilən bu məhsullara 1 il zəmanət verilir.
Məlumat üçün bildirək ki, yenidən istehsal olunan şinlərin qiyməti xarici ölkələrdə satılan şinlərin qiymətindən dəfələrlə ucuzdur. Belə ki, xarici ölkələrdə şinin qiyməti 800-900 manat arasında dəyişir. Lakin yeni müəssisədə şinlərin qiyməti cəmi 200-250 manat təşkil edir.
Müəssisə gələcəkdə öz fəaliyyətini genişləndirərək minik avtomobilləri şinlərinin təkrar emalını da həyata keçirməyi nəzərdə tutub.
Xəbərlər şöbəsi