Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən, 1992-ci il fevralın 24-də qəbul etdiyi qərarla Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi yaranmışdır. Bu dövrdə ulu öndərimizin şəxsi nüfuzu sayəsində İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsinin qurulması, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələrinin yaradılması blokadada olan Naxçıvanın böhranlı vəziyyətdən çıxarılmasında, gömrük və ticarət əlaqələrinin inkişafında mühüm rol oynamışdır.
Ötən 25 ildə böyük inkişaf yolu keçən muxtar respublika gömrük sistemi müasir infrastrukturu və möhkəm maddi-texniki bazası ilə seçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər bu baxımdan mühüm əhəmiyyətə malikdir. Son illər qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi xeyli genişlənmişdir. Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq statusun verilməsi, Sədərək və Culfa gömrük sərhəd-buraxılış məntəqələrində 24 saatlıq, Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində 12 saatlıq iş rejiminin tətbiq edilməsi gömrük işi sahəsindəki hərtərəfli inkişafın əyani göstəricisidir.
2007-ci ildə Culfa, 2009-cu ildə Şahtaxtı, 2012-ci ildə isə Naxçıvan Şəhər Gömrük idarələri üçün müasir gömrük kompleksləri, 2014-cü ildə Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün inzibati bina, 2015-ci ildə “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina və anbar kompleksinin istifadəyə verilməsi, eləcə də gömrük laboratoriyasının yaradılması xidmətin müasir tələblər səviyyəsində qurulmasına səbəb olmuşdur. Artıq muxtar respublika gömrük sistemində ən müasir standartlar tətbiq olunur. Culfa, Şahtaxtı və Sədərək sərhəd-keçid məntəqələrində quraşdırılan X-Ray rentgen-nəzarət qurğuları muxtar respublikaya bütün istiqamətlərdən gələn yüklərə və yük nəqliyyat vasitələrinə gömrük nəzarətini daha dolğun və sürətli şəkildə həyata keçirməyə imkan verir. Ötən ildən gömrük sərhəd-buraxılış məntəqələrində tətbiq olunan “Sərhədkeçmə vaxtının ölçülməsi” sistemi isə mal və nəqliyyat vasitələrinin sərhəddən keçmə və buraxılış vaxtlarının qeydiyyatının avtomatik qaydada aparılmasına və sərhədkeçmədən buraxılışa qədər olan müddəti müəyyən etməyə imkan verir.
Komitənin “Hədəf mərkəzi”ndə muxtar respublika ərazisində malların və nəqliyyat vasitələrinin hərəkətinin izlənilməsi, gömrük əməliyyatlarının monitorinqinin aparılması və riskin idarəolunması sistemi əsasında effektiv gömrük nəzarəti həyata keçirilir. Eyni zamanda gömrük orqanlarında quraşdırılmış müasirtipli müşahidə kameralarının imkanlarından istifadə olunmaqla iş prosesinə 24 saat nəzarət edilir. Sərhəd-buraxılış məntəqələrində quraşdırılmış “Gömrük” köşkləri üç dildə – Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Bu məlumat köşkləri vasitəsilə vətəndaşlar sadələşdirilmiş elektron bəyannaməni doldurur, həmçinin gömrük qanunvericilik bazası və səyahətçilər üçün gömrük nəzarəti ilə bağlı qaydalarla tanış olurlar.
Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük-biznes əməkdaşlığının artırılması məqsədilə informasiya texnologiyalarının tətbiqi və elektron xidmətlərin arealı ilbəil genişləndirilir. Hal-hazırda məlumat mübadiləsi, texnoloji proseslər və ödənişlər elektron formada aparılır. Ötən ildən isə gömrük orqanlarında bəyannamələrin qəbulu da elektron formada həyata keçirilir.
İdxal olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsilə bağlı daha bir yenilik isə ilkin bəyanetmə elektron xidmətidir. Belə ki, idxal-ixrac əməliyyatı həyata keçirən fiziki və hüquqi şəxslər mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçənədək qabaqcadan qısa idxal və ya qısa ixrac bəyannaməsi təqdim etməklə gömrük orqanlarını apardıqları xarici iqtisadi fəaliyyət barədə məlumatlandırırlar. Bu yeniliyin sahibkarlar üçün əsas üstünlüyü ondan ibarətdir ki, gömrük orqanları artıq idxal və ixrac olunan mallar barədə qabaqcadan məlumat əldə edir və bununla da, sərhəd-buraxılış məntəqələrində bəyan edilən mal və nəqliyyat vasitələrinin daha sürətli keçidi təmin olunur.
Muxtar respublikada gömrük nəzarəti ilə yanaşı, gətirilən mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi də beynəlxalq standartlar tətbiq edilməklə həyata keçirilir. Gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsində “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemləri tətbiq olunur. Xarici iqtisadi fəaliyyət iştirakçısı sənədlərini gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib və təqdim etdiyi təqdirdə rəsmiləşdirmə prosesi 5-10 dəqiqə ərzində başa çatdırılır.
Dövlət Gömrük Komitəsi, eyni zamanda hüquq-mühafizə orqanı olaraq əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi ilə qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirir. Bu məqsədlə ən mütərəqqi üsullаrdаn istifаdə оlunur, kinoloji xidmətin keyfiyyəti yüksəldilir, digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət təmin olunur. Gömrük xidmətində hədəflərin idarə olunması sistemi, müasir texnika və avadanlıqlarla təchiz edilən mobil qruplar fəaliyyət göstərir. Bu sahədə görülən qabaqlayıcı tədbirlərin nəticəsi olaraq son illər hüquqpozma faktlarının aşkar olunmasında artan dinamika müşahidə edilir.
Gömrük orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biri də daxili bazarın qorunmasıdır. Bu sahədə görülən işlər xaricə valyuta axınının qarşısını alır, məşğulluğu təmin edir, iqtisadiyyatın davamlı inkişafına münbit şərait yaradır. Gömrük orqanları tərəfindən yerli istehsalçıların mənafeyinin qorunması, daxili bazarda yerli istehsal məhsullarının satışının stimullaşdırılması istiqamətində görülən işlər nəinki muxtar respublikanın ərzaq təhlükəsizliyinin həllinə, hətta ixrac potensialının artmasına da əlavə stimul verir. Hazırda muxtar respublika 56 ölkə ilə ticarət əməliyyatları aparır.
Dövlət Gömrük Komitəsinin əməkdaşları bundan sonra da ölkəmizin, eləcə də muxtar respublikamızın iqtisadi inkişafına öz töhfələrini verəcək, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəklər.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti