23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada istehsal olunan yerli kənd təsərrüfatı məhsullarının satışı üçün yaradılan infrastrukturun daha da müasirləşdirilməsi məqsədilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İnşaat işləri Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən aparılır.
İş icraçısı Cəlal Seyidovun verdiyi məlumata görə, Mərkəzi bazarda yerləşən və açıq hava şəraitində kənd təsərrüfatı məhsullarının satışı üçün nəzərdə tutulan bölmədə aparılan yenidənqurma işləri davam edir. Burada plastik lövhələrlə düzəldilən yan divarlar alçıpan örtüklərlə bərkidilir, plastik qapı və pəncərələr salınır, suvaq və boyaq işləri görülür. Elektrik və digər kommunikasiya xətləri çəkilir, piştaxtalar təmir olunub boyanır. Görülən bütün işlərdə yerli inşaat materiallarından istifadə edilir.
Bazarda aparılan yenidənqurma işləri yaxın vaxtlarda yekunlaşacaq. Bununla da, ilin bütün fəsillərində sahibkarların istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışına əlverişli şərait yaradılacaqdır.

Qeyd edək ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul olunan dövlət proqramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, aqrar sahədə müasir infra­strukturun yaradılması kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə də əkinçiliyin inkişafına əlverişli şərait yaradıb, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olub.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi də muxtar respublikada əhalinin keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə təminatına imkan verir. Dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası ötən ildə də davam etdirilib, muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğunlaşmış, yüksək məhsuldarlığa malik 372 meyvə sortunun və “Araz” Elm-İstehsalat Birliyinin kolleksiya bağında 54 üzüm sortunun genetik fondu toplanıb. Həmin sortların çoxaldılaraq torpaq mülkiyyətçilərinə paylanması və yeni bağların salınması ilə əlaqədar işlər aparılıb. Bu dövrdə tərəvəz əkini sahələrinin genişləndirilməsinə də diqqət artırılıb, nəticədə, daxili bazarın yüksəkkeyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təminatına əlverişli şərait yaradılıb.
Kənd təsərrüfatı məhsullarının rayon və kənd yerlərində qəbulunun təşkili, soyuducu kameralarda saxlanması üçün texnologiyaların mənimsənilməsi, meyvə-tərəvəzin ilkin emalı və çeşidləndirilməsi üçün zəruri infrastrukturların yaradılması, eləcə də markalanma və qablaşdırılmasının yerinə yetirilməsi üçün optimal avadanlıqların müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Əhalinin ucuz və keyfiyyətli məhsullarla tələbatının ödənilməsi məqsədilə Naxçıvan şəhərində və rayon mərkəzlərində həftənin şənbə və bazar günləri kənd təsərrüfatı, emal sənayеsi məhsullarının satışı yarmarkası təşkil olunur.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR