23 Dekabr 2024, Bazar ertəsi

“Ehtiyacını hər kimdən istəsən onun əsiri olarsan”. Həzrəti Əlinin bu müdrik kəlamı insanlara aid olsa da, ölkələr üçün də belədir. Əgər bir dövlət insanların zəruri ehtiyacları üçün başqa ölkədən asılıdırsa, o heç vaxt müstəqil yaşaya və inkişaf edə bilməz. Odur ki, hər bir ölkənin qarşısında duran mühüm vəzifələrdən biri, bəlkə də birincisi enerji və ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Çünki zəruri ehtiyacların ödənilməsi yalnız bu iki amildən asılıdır. Bir-birinə bağlı olan enerji və ərzaq təhlükəsizliyi təmin olunmadan bir ölkənin müstəqil yaşaması, tarixini, milli dəyərlərini, təbii sərvətlərini qoruya bilməsi, öz şərtlərini diktə etməsi mümkün deyil. Əgər yaşamaq üçün ərzaq məhsullarını kimdənsə alırıqsa, o da bunun müqabilində bizdən dəyəri heç bir valyuta ilə ölçülməyənləri istəyəcək. Necə ki ötən əsrin 90-cı illərinin əvvəllərində biz 15-20 kiloqram kartofa, 1 kisə una qiymətli xalçalarımızı, qədim tariximizi özündə əks etdirən əşyalarımızı verdik. Ona görə də ərzaq təhlükəsizliyi ölkələrin milli təhlükəsizlik sisteminin tərkib hissəsidir.

 BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının mütəxəssisləri tərəfindən müəyyən edilmiş kriteriyalara görə ərzaq təhlükəsizliyi dedikdə bütün insanların kifayət qədər keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarına malik olması başa düşülür. Təşkilatın 2008-ci ildə Romada keçirdiyi sammitdə qəbul olunmuş bəyannamədə deyilir ki, hər bir dövlət öz vətəndaşlarının sağlamlığı üçün onları təhlükəsiz qida ilə təmin etməyə borcludur. Ərzaq təhlükəsizliyi təmin edilən ölkələr idxaldan asılı olmur, ərzaq sistemini mövsüm, hava və digər amillərlə bağlı risklərdən qoruyur, beləliklə, heç kimə möhtac olmadan yaşayır və müstəqil siyasət yürüdürlər. Azərbaycan məhz belə ölkələr sırasındadır. Ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlər, qəbul olunan dövlət proqramları ərzaq təhlükəsizliyinin təmin edilməsinə şərait yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ötən ilin sonlarında təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji Yol Xəritəsi” bu sahədə daha böyük uğurların qazanılmasına imkan verəcək.

Dövlətimizin bu istiqamətdə əldə etdiyi ən böyük uğurlardan biri də blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin tam təmin olunmasıdır. Təqribən 20 il bundan öncə un məhsullarından kartofa, meyvə-tərəvəzdən süd və ət məhsullarına qədər, demək olar ki, hər şeyi idxal edən Naxçıvan bu gün həmin məhsulları ixrac edir. Ölkə başçısı cənab İlham Əliyev muxtar respublikaya son səfərində bu sahədə də görülən işləri yüksək qiymətləndirib: “Mən çox şadam ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı çox önəmli addımlar atılır. Naxçıvanda sənaye müəssisələri yaradılır, kənd təsərrüfatı inkişaf edir, bir çox kənd təsərrüfatı məhsulları ilə siz özünüz-özünüzü təmin edirsiniz”.
Blokada şəraitində olan Naxçıvanda bütün bunlara asanlıqla nail olunmayıb. İllərlə çəkilən zəhmət, Vətənə, doğma torpağa olan sevgi bu gün heç kimə möhtac olmayan Naxçıvanın qurulmasına gətirib çıxarıb.
Görkəmli Amerika yazıçısı Robert Ardrey yazırdı ki, əlçatmaz arzuların arxasınca gedərək biz qeyri-mümkünlərə nail oluruq. Bəli, müasir Naxçıvanın uğurları ötən əsrin 90-cı illərinin əvvəllərindən baxdıqda əlçatmaz görünürdü. O dövrdə kim inanardı ki, vaxt gələcək Naxçıvanın enerji və ərzaq təhlükəsizliyi tam təmin olunacaq, muxtar respublikada ərzaq məhsullarından avtomobilə qədər hər şey istehsal ediləcək, Naxçıvan məhsulları paytaxt Bakı bazarında əl-əl axtarılacaq, xarici bazara çıxarılacaq. Saatlarla çörək növbəsində dayanan sadə naxçıvanlılar bunları xəyallarına belə, gətirə bilməzdilər. Amma buna inanan müdrik insanlar var idi. Onlar bilirdilər ki, zəhmət çəkilərsə belə bir Naxçıvan qurmaq mümkündür. Çünki Naxçıvanın torpağı bərəkətli, insanları zəhmətkeşdir. Muxtar respublikanın ərzaq təhlükəsizliyini təmin edəcək məhsulların istehsalı üçün xammal da buradadır. Odur ki, Naxçıvan əlçatmaz arzuların arxasınca gedərək qeyri-mümkünlərə nail oldu.
Görkəmli rəssam Pablo Pikasso haqqında oxuyarkən onun dediyi bir söz xüsusilə diqqətimi cəlb eləmişdi: “Uğur qazanmaq üçün inanmaq lazımdır”. Fikrimizcə, bütün uğurların təməlində inam dayanır. İnanaraq bütün çətinliklərə qalib gəlmək olar. Müasir Naxçıvanın böyük uğurlarının səbəblərindən biri də budur. Bu inamın əsası ötən əsrin 90-cı illərinin əvvəllərində qoyulub. Naxçıvanlılar o dövrdə muxtar respublikaya rəhbərlik edən ulu öndərimiz Heydər Əliyevə inanaraq bir yola çıxdılar və Heydər Əliyev yolu ilə gedərək blokada şəraitində belə, heç kimə möhtac olmadan yaşamağın mümkünlüyünü sübuta yetirdilər.
Kənd təsərrüfatının inkişafına göstərilən qayğı, bu sahədə görülən işlər məhsul bolluğu yaradıb. İlk növbədə, suvarma suyuna olan tələbatın ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ona görə də kənd adamları əkin sahələrini ilbəil genişləndirirlər. Torpaq mülkiyyətçiləri bilir ki, çəkdikləri zəhmət hədər getməyəcək, əkin sahələri susuzluqdan məhv olmayacaq.
Son 20 il ərzində Heydər Əliyev Su Anbarının tikintisinin başa çatdırılması, Arpaçay, Uzunoba Su anbarlarının yenidən qurulması, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının tikilməsi suvarma suyuna olan tələbatın ödənilməsinə imkan verib. Təqribən 20 il bundan öncə Araz Su Anbarı istisna olmaqla, su anbarlarının tutumu 200 milyon kubmetrə yaxın idisə, bu rəqəm indi 303,5 milyon kubmetrdir. Subartezian quyularını, nasos stansiyalarını və kəhrizləri nəzərə alsaq deyə bilərik ki, Naxçıvanda kifayət qədər su ehtiyatı yaradılıb. Bütün bunların nəticəsidir ki, son illər 6 min hektardan çox torpaq sahəsi yeni əkin dövriyyəsinə qatılıb.
Muxtar respublikada ciddi su qıtlığı hiss olunmasının əsas səbəblərindən biri də su itkisinə yol verilməsi ilə bağlı idi. Son illər mütərəqqi əkinçilik üsullarının – taxıl sahələrində şırım, meyvə bağlarında damcı, bostan-tərəvəz sahələrində çiləmə üsullarının tətbiqi, qapalı suvarma sistemlərinin yaradılması su itkisinin qarşısını alıb. Məsələn, əvvəllər 1 hektarın suvarılması üçün 1000 kubmetr su sərf olunurdusa, indi 1000 kubmetr su ilə damcı üsulu tətbiq edilən 7 hektar ərazi suvarılır. Kifayət qədər su ehtiyatının yaradılması, mütərəqqi əkinçilik üsullarının tətbiqi onu deməyə əsas verir ki, muxtar respublikada bir neçə il quraqlıq olsa belə, Naxçıvanda içməli və suvarma suyu baxımından heç bir çətinlik olmayacaq.
Strateji ərzaq məhsulu olan taxılın yerli istehsal hesabına ödənilməsi diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Taxıl istehsalçılarının marağının artırılması məqsədilə subsidiyaların verilməsi, torpaq mülkiyyətçilərinin mineral gübrələrlə, əkin və biçin texnikaları ilə təminatı, taxıl ehtiyatı anbarlarının yaradılması bu sahədə əkin sahələrinin genişləndirilməsinə, məhsul istehsalının artırılmasına səbəb olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində torpaq mülkiyyətçiləri min bir əziyyətlə yetişdirdikləri taxılı texnika çatışmazlığı ucbatından vaxtında toplaya bilmirdilər. Taxıl zəmilərinin məhsulunu itkisiz toplamağı bacaranların isə həmin məhsulu satmağa yeri, üyütməyə dəyirmanı yox idi. Naxçıvanda taxıl ehtiyatı anbarlarının yaradılması, taxılın 1 kiloqramının 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması, yeni un dəyirmanlarının istifadəyə verilməsi torpaq mülkiyyətçilərinin taxıl istehsalına marağını daha da artırıb. Bunun nəticəsidir ki, təkcə ötən il 31 min 579 hektar taxıl əkini sahəsindən 94 min 117 ton məhsul yığılıb.
Muxtar respublika əhalisinin meyvə-tərəvəz və bostan məhsulları ilə etibarlı təminatı istiqamətində də mühüm işlər görülüb. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində yüz hektarlarla sahədə yeni meyvə bağları salınıb, tərəvəz əkini sahələri artırılıb. 2016-2020-ci illəri əhatə edən yeni dövlət proqramı bu sahədə daha böyük nailiyyətlər qazanılmasına stimul olub. Meyvəçilik və tərəvəzçiliklə bağlı qəbul olunan dövlət proqramları artıq öz bəhrəsini verir. Ötən il əkin sahələrindən 83 min tondan çox tərəvəz, meyvə bağlarından isə 52 min tona yaxın məhsul götürülüb.
Meyvə-tərəvəz məhsulları istehsalının artırılması işin bir tərəfidir. Əgər yaz və payız fəslində yetişdirilən məhsulların qış dövrünə saxlanılması mümkün deyilsə, deməli, ərzaq təhlükəsizliyinin təmin olunmasından söhbət gedə bilməz. Dövlətimizin diqqət və qayğısı ilə son illər Naxçıvanda ümumi tutumu 14 min 230 ton olan 31 soyuducu anbarın yaradılması isti aylarda yetişdirilən məhsulların qış dövrünə saxlanılmasına imkan verir.
Bununla yanaşı, ümumi sahəsi 127 min 162 kvadratmetr olan 21 istixana kompleksinin istifadəyə verilməsinin nəticəsidir ki, qış aylarında əhali faraş tərəvəz məhsulları ilə təmin olunur. Artıq muxtar respublika sakinləri qış dövründə xaricdən gətirilərək od qiymətinə satılan, geni dəyişdirilmiş məhsulları almaq məcburiyyətində deyil.
Muxtar respublikada əkinçiliklə yanaşı, heyvandarlığın inkişafı da diqqət mərkəzindədir. Baytarlıq xidmətinin müasir tələblər səviyyəsində təşkili, yem bazasının intensiv texnologiyalar əsasında inkişafı, qarışıq qüvvəli yemə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi iri heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması, ət və süd istehsalının artırılması ilə nəticələnib. Ötən əsrin 90-cı illərinin əvvəllərində 1 kiloqram ət almaq üçün səhərin gözü açılmamış pay-piyada Cəhriyə, yaxud Nehrəmə üz tutan Naxçıvan şəhər sakinləri indi istəsələr lap gecə saat 2-3-də “Sizin market”dən təzə ət ala bilərlər.
Əkinçiliyin və heyvandarlığın inkişafı qida məhsulları istehsal edən emal və sənaye müəssisələrinin yaradılmasına gətirib çıxarıb. Bu gün muxtar respublikada 107 ərzaq məhsuluna olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Muxtar respublikada torpaq mülkiyyətçiləri kimi, istehsal müəssisələri yaratmaq istəyən sahibkarlar da böyük diqqət və qayğı ilə əhatə olunub, müəssisələrin qurulması üçün torpaq sahələri ayrılıb, kreditlər verilib. Naxçıvanda dövlət dəstəyi ilə fəaliyyətə başlayan çörək, ət, süd, makaron, yarma, şirniyyat, mineral sular, limonad və digər ərzaq məhsulları istehsalı müəssisələri dükan və bazarlarımızda bolluq yaradıb. Muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsulları kimi, sənaye üsulu ilə hazırlanan ərzaq məhsullarının da keyfiyyətinə ciddi fikir verilir. Dövlət sahibkarlara yaradılan şəraitin müqabilində onlardan yalnız bir şey istəyir – keyfiyyətli məhsul. Çünki keyfiyyətli məhsul istehsalı ilə biz əhalinin sağlamlığını qoruya, Naxçıvan məhsullarını xarici bazara çıxara bilərik. Muxtar respublikanın aid dövlət orqanlarının ciddi nəzarətinin nəticəsidir ki, Naxçıvan məhsulları öz keyfiyyəti ilə seçilir. Odur ki, “Bərəkət”in, “Müasir Məkan”ın, “Hilal”ın ət və süd məhsulları, “Ləzzət”in vaflisi, peçenyesi, “Badamlı”nın, “Sirab”ın mineral suları, meyvə şirələri, “Cahan”ın çayı və adını sadalamadığımız onlarla müəssisənin məhsulları ölkəmizin paytaxtı Bakı şəhərində özünə kifayət qədər alıcı toplayıb. Bu məhsulların xarici bazara çıxarılması üçün yaradılan “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti qısa zaman ərzində öz fəaliyyətini genişləndirib. Naxçıvanın keyfiyyətli məhsullarının səsi-sorağı nəinki bizə qonşu olan dövlətlərdən, həmçinin MDB, Avropa və Ərəb ölkələrindən də gəlir.
Paytaxt Bakı bazarında və ölkəmizin digər regionlarında Naxçıvan məhsullarına tələbatın artmasının səbəbi keyfiyyəti ilə seçilən bu məhsulların özünəməxsus imic qazanmasıdır. İstehlakçılar bilir ki, aldıqları məhsul Naxçıvanda istehsal olunubsa, deməli, ekoloji cəhətdən təmiz və keyfiyyətlidir.
Əslində, bu yazını qələmə almağımıza vəsilə olan da bununla bağlı qarşılaşdığımız bir hadisə və gəldiyimiz qənaətdir.
Təqribən bir həftə bundan öncə Bakı şəhərində yaşayan həmkarlarımızdan biri mənə zəng etmişdi. Hal-əhval tutduqdan sonra bu yaxınlarda Bakı şəhərindəki bazarlardan birindən Naxçıvan kolbasası aldığını, amma Naxçıvandan göndərilən məhsulların dadını vermədiyini bildirdi: “Deyəsən, burada “Naxçıvan” adı ilə kontrafakt məhsullar istehsal olunur”, – dedi.
Ertəsi gün Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Aydın oldu ki, Naxçıvanın adından istifadə olunaraq keyfiyyətsiz ət və süd məhsulları istehsal edilib bazara çıxarılır. Deməli, öz keyfiyyəti ilə seçilən Naxçıvan məhsulları özünəməxsus imic qazanıb, bu məhsullara paytaxt Bakı bazarında ciddi tələbat yaranıb ki, Naxçıvanın adından istifadə edən bəzi “işbazlar” pul qazanmaq həvəsinə düşüblər.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirdilər ki, bir sıra hallarda Naxçıvan məhsullarının yüksək imicinə xələl gətirə biləcək faktlara, saxtakarlıq hallarına rast gəlirik. Bu da ciddi təəssüf doğurmaqla yerli istehsalçıların narahatlığına və istehlakçıların yanıldılmasına səbəb olur. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 8A ünvanında yerləşən “Al-Sana” MMC-nin istehsal etdiyi kolbasa məhsullarında və Abşeron rayonu, Xırdalan şəhəri, akademik Həsən Əliyev küçəsi 38 ünvanında yerləşən “Zəhmət-Ruzi” MMC-nin istehsalı olan “Sab” markalı süd məhsullarında coğrafi göstərici qismində “Naxçıvan” sözündən istifadə edilməsinə dair muxtar respublikada fəaliyyət göstərən analoji məhsulların istehsalçıları tərəfindən komitəyə müraciət daxil olub.
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Eyni zamanda əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt məhsullar hesab edilir.
Məsələ ilə bağlı komitə tərəfindən daxili bazarda aparılan araşdırmalar zamanı müəyyən olunub ki, həqiqətən də, “Al-Sana” və “Zəhmət-Ruzi” Məhdud Məsuliyyətli cəmiyyətləri tərəfindən istehsal olunmuş bir sıra kolbasa və süd məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni şəkildə, Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmadan “Naxçıvan” adı ilə markalanıb. Bu qanunazidd əməl, ilk növbədə, məhsulun mənşə yeri ilə bağlı istehlakçıların aldadılmasına səbəb olmaqdadır. Digər tərəfdən isə bu kontrafakt məhsulların istehsalçılarının ad və mənşə yeri ilə bağlı qanunsuz əməllərinin eyni qaydada məhsulun keyfiyyət göstəricilərində də təkrarlanacağından ehtiyat edən yerli sahibkarlarımız uzun illər ərzində vicdanlı fəaliyyətləri ilə qazandıqları müştəri məmnunluğunu itirəcəklərindən ciddi narahatçılıq keçirməkdədirlər.
İstehlakçıların və sahibkarların nəzərinə çatdırılır ki, bu məhsullar kontrafakt məhsullar sayılır və belə məhsullara rast gəldikdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə operativ məlumat versinlər.
Aşkar olunmuş saxtakarlıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq hüquqi prosedurlar başladılıb.
Söhbət Naxçıvan məhsullarının qazandığı imicin itirilməsindən gedir. Odur ki, həm sahibkarların, həm də müvafiq dövlət orqanlarının bu məsələyə ciddi yanaşması təqdirəlayiqdir.
“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrasının uğurla başa çatdırılması, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı dövlət proqramının icrasının uğurla davam etdirilməsi bu sahədə böyük nailiyyətlər qazanılmasına imkan verib. Nəticədə, yerli məhsul istehsalı artıb, keyfiyyətli ərzaq məhsulları istehsalına münbit şərait yaranıb. Naxçıvanlı sahibkarlar da yaradılan şəraitdən səmərəli istifadə edərək yüksəkkeyfiyyətli məhsullar istehsal edirlər. Naxçıvanlı sahibkarlar Bakı şəhərindəki bəzi “işbazlar”ın Naxçıvan adından istifadə etməsinin muxtar respublikada istehsal olunan məhsulların imicinə xələl gətirəcəyindən narahatdırlar. Əslində, bu “işbazlar” Naxçıvan adından istifadə etsələr də, muxtar respublikada istehsal olunan məhsulların imicinə xələl gətirə bilməzlər. Çünki təkcə Naxçıvan məhsulları deyil, elə Naxçıvanın özü böyük bir ictimai etimad qazanıb. İctimai düşüncədə belə bir fikir formalaşıb ki, bu məhsul Naxçıvanda istehsal olunubsa, keyfiyyətsiz ola bilməz. Belə bir Naxçıvanla hamımız fəxr edirik.

Tural Səfərov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR