23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızın iqtisadi inkişafında insan resursları mühüm rola malikdir. Bu resurslardan nə dərəcədə səmərəli istifadə olunması isə burada həyata keçirilən məşğulluq siyasəti və onun sosial-iqtisadi nəticələrindən birbaşa asılıdır.
İş yerlərinin olması cəmiyyətin ümumi inkişafına və yoxsulluğun aradan qaldırılmasına imkan verən ən mühüm amillərdən biridir. Məşğulluq, xüsusən daimi məşğulluq gəlirlərdən əlavə insanın sosial-mədəni həyatını keyfiyyətcə yüksəldən, onun həyata baxışlarını və gələcək arzularını formalaşdıran ən əsas amillərdəndir. Odur ki, yeni yaradılan hər hansı bir iş yeri fərdlərin cəmiyyət həyatında daha fəal iştirak etməyinə imkan verən bir mənbə kimi dəyərləndirilə bilər.
Müasir dünyada iş yerlərinin çatışmazlığı problemi, hətta inkişaf etmiş Avropa, Amerika və Asiya ölkələrində də çox kəskin şəkildə özünü büruzə verir. Ona görə də indi bütün dünyada məşğulluq məsələlərinin davamlı həlli diqqət mərkəzində olan məsələ kimi həmişə aktualdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” regionda məşğulluq məsələlərinin uzunmüddətli strateji hədəflər çərçivəsində həlli üçün olduqca əhəmiyyətlidir.

Məşğulluğun artırılması üzrə həyata keçirilən belə proqramlar regionda əmək bazarının müxtəlif səviyyədə iqtisadi-təşkilati idarə­edilməsi mexanizmində xüsusi yer tutur. Belə ki, proqramın həyata keçirilməsi məqsədilə təkcə dövlət büdcəsinin vəsaitlərinin deyil, o cümlədən regional investisiya pro­qramlarının və özəl sektorun vəsaitlərinin cəlb edilməsi məqsədəuyğun hesab olunur. Ümumiyyətlə, yeni iş yerlərinin yaradılması pro­qramı çərçivəsində dövlətin və özəl sekto­run əməkdaşlığı bütün cəmiyyət maraqlarının təmin olunmasına imkan yaradır. Buna görə də əməyə tələbin stimullaşdırılmasına yönəldilən bütün tədbirlər daxili əmək bazarının inkişaf etdirilməsinə, iqtisadi maraqların ödənilməsinə xidmət edir.
Yeni iş yerlərinin yaradılması və mövcud olanların saxlanılması probleminin uğurlu həlli bazar iqtisadiyyatındakı rəqabətdən çox asılıdır. Ona görə də, məhsullarına ciddi tələb olmayan müəssisələrdə iş yerləri yaradılması əvəzinə daxili bazarda tələbatların ödənilməsi üzrə və ixrac potensialı olan müəssisələrdə yeni iş yerlərinin yaradılması bazar iqtisadiyyatının tələbləri baxımından ən uğurlu addımlardandir. Bu mənada, regionda fəaliyyət göstərən istehsal müəssisələrinin yerli məhsullarının satılması üçün etibarlı bazarların yaradılması, bu istiqamətdə reallaşdırılacaq stimullaşdırıcı tədbirlər yeni iş yerlərinin yaradılması üzrə proqramların həyata keçirilməsi mexanizmində mühüm rola malikdir. Bütün bunlar isə əmək bazarının dövlət tənzimlənməsi vasitəsi kimi adıçəkilən proqramın əhəmiyyətini bir daha göstərir. Yeni iş yerlərinin yaradılması, işçilərin peşə-ixtisas dərəcəsinin yüksəldilməsi, yeni peşələrin öyrədilməsi və özünüməşğulluğun təmin olunması istiqamətində həyata keçirilən aktiv məşğulluq tədbirləri öz səmərəsini verir.
Naxçıvan Muxtar Respublikasında əmək ehtiyatlarının davamlı və intensiv inkişafı üçün geniş imkanlar vardır. Belə ki, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas yekunlarına görə bu dövrdə muxtar respublikada 22 min 296 yeni, o cümlədən 19 min 215 daimi iş yeri açılmış, yaradılan sənaye müəssisələrinin sayı 438-ə çatdırılmışdır. Bundan sonra qəbul olunan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğullu­ğunun artırılması üzrə Dövlət Proqramı” isə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə, işaxtaranların məşğullu­ğunun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə imkan verən və işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şəraitin yaradılmasına səbəb olan mühüm dövlət sənədidir. Bu dövlət proqramının icrası muxtar respublikada əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə də geniş imkanlar yaratmaqdadır. Rəqəmlərə baxsaq görürük ki, 2016-cı il ərzində muxtar respublikada 3010 yeni iş yeri yaradılmışdır ki, bunun da 97,7 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq ötən il ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində, ümumilikdə, 385 nəfər peşə kurslarına, 93 nəfər isə ixtisasartırma kurslarına cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində ötən il 2956 nəfər müxtəlif peşələrə yiyələnmişdir. Bütün bunlar muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində mümkün olmuşdur.
Əmək prosesində innovasiyalardan istifadə insanların həyat tərzinin, davranış modellərinin və ümumi mədəniyyətinin bir təzahürüdür. İnnovasiyaların formalaşması işçinin çalışdığı təşkilatın, müəssisənin yeni ideyaların tətbiq edilməsi üçün hazır olmağı ilə bağlıdır. Bu baxımdan bazar iqtisadiyyatı şəraitində elmi-texniki tərəqqinin yüksəlməsi nəticəsində əmək potensialının kəmiyyət göstəriciləri ilə yanaşı, onun keyfiyyət xüsusiyyətlərinə də olan tələb artır. Belə ki, bazar şəraitində istehsalın səmərəliliyinin artırılmasında istehsal edilən məhsulda işçinin qabiliyyətinin, biliklərinin və əməyə yaradıcı münasibətinin reallaşdırma səviyyəsi əsas bir vasitə kimi çıxış edir. Bu mənada, yeni iqtisadi şəraitdə muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, istehsalın sahə strukturunun dəyişilməsi ilə müşayiət olunan məşğul­luq məsələləri yeni bir keyfiyyət məzmunu ­qazanmışdır.
Bütün bunları ümumiləşdirərək belə bir qənaətə gəlmək olar ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı” regionda əmək ehtiyatlarının təkrar istehsalına sistemli yanaşmanı, məşğulluq məsələləri üzrə strategiyanın hazırlanması və həyata keçirilməsini, mövcud olan əmək potensialından məqsədyönlü istifadəni təmin edən mühüm dövlət sənədi kimi muxtar respublikada ümumi məşğulluq səviyyəsinin yüksəldilməsinə əlverişli şərait yaradır.

Sevinc Cabbarova 
AMEA Naxçıvan Bölməsi
Təbii Ehtiyatlar İnstitutunun
böyük elmi işçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR