Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. 2016-cı ildə komitə yeni inzibati binaya köçürülmüş, müasir iş şəraiti yaradılmışdır. Bu da qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan vermişdir. Ötən il muxtar respublikada torpaqlardan təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarəti artırılmış, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı operativlik təmin edilmişdir.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyənləşdirilmiş vəzifələrin icrası diqqətdə saxlanılmışdır. Belə ki, il ərzində torpaqlardan istifadə zamanı əlavə torpaq itkisinə yol verilməməsi, xüsusi mülkiyyətdə olan kiçik ərazilərin birləşdirilərək daha böyük sahələr halında istifadə edilməsi, aqrotexniki tədbirlərin aparılması zamanı çəkilən xərclərin azaldılması, məhsul itkisinin qarşısının alınması, münbitliyin qorunması və torpaqlardan səmərəli istifadə edilməsinin əhəmiyyəti barədə torpaq mülkiyyətçiləri arasında maarifləndirici tədbirlər keçirilmişdir. Həmçinin Naxçıvan şəhəri, Şərur, Babək, Culfa və Kəngərli rayonlarında əkilməyən torpaq sahələrinə baxış keçirilmiş, bu məqsədlə müəyyən edilən ərazilər xəritələşdirilərək aidiyyəti üzrə təqdim edilmişdir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda müəyyənləşdirilmiş vəzifələr də icra olunmuş, əkin sahələrinin mövcud vəziyyəti öyrənilmişdir. Babək rayonunun 6, Ordubad rayonunun 4, Culfa rayonunun 3, Şərur rayonunun 4 kəndi üzrə torpaqların qida maddələri ilə təmin olunmasına dair kartoqramlar hazırlanmışdır.
“Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanı ilə müəyyənləşdirilmiş vəzifələrin icrası ilə əlaqədar ərazi vahidlərini, inzibati ərazi dairələrini və sahə inzibati ərazi dairələrini əks etdirən xəritələr və müxtəlif miqyaslı plan və kartoqrafik materiallar, bələdiyyə xəritələri elektron variantda hazırlanmışdır. Torpaq payı almış ailələrin siyahısı, pay torpaqlarının sahəsi barədə məlumatlar və verilmiş sənədlərin rekvizitləri, torpaqların texniki uçotunun nəticələrinə dair əvvəlki illərə aid hesabatlar və yerquruluşu planları, ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin, bələdiyyələrin, yaşayış məntəqələrinin sərhədləri, kənd təsərrüfatı yerləri haqqında məlumatlar, torpaq islahatına cəlb edilmiş kənd təsərrüfatı yerlərinin sərhədləri, meşə və kolluqlar haqqında məlumatlar, qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar haqqında məlumatlar toplanaraq komitənin elektron məlumat bazasına yığılmışdır. Bu dövrdə Sədərək, Şərur, Kəngərli, Culfa, Ordubad, Babək rayonlarının və Naxçıvan şəhərinin ərazisində olan eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar xəritələşdirilmişdir.
Muxtar respublikanın bütün yaşayış məntəqələrində torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti yoxlanılmış, aşkarlanmış faktlar aktlaşdırılmış, torpaqların qanunsuz istifadəsinin aradan qaldırılması və qanunsuz tikililərin sökülərək torpaqların əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq tədbirlər görülmüşdür. Bununla yanaşı, Naxçıvan şəhərinin 1, 2, 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin, Şahbuz rayonunun Ayrınc, Babək rayonunun Göynük və Nəhəcir kəndlərinin inzibati ərazi dairələrinin və ərazi vahidlərinin, Naxçıvan şəhərinin və Kəngərli rayonunun bələdiyyə xəritələri yerquruluşu sənədlər qovluğu ilə birlikdə hazırlanaraq təsdiq edilmişdir.
Ordubad rayon inzibati ərazi vahidinin tərkibinə daxil olan 33, Culfa rayon inzibati ərazi vahidinin tərkibinə daxil olan 11 bələdiyyənin ərazilərində həyətyanı və pay torpaq sahələri ortofotoplana əsasən dəqiqləşdirilmiş, mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritələri hazırlanmışdır. Babək rayonunun 20, Şərur rayonunun 9 bələdiyyəsinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmışdır. Şərur rayonunun 4, Babək rayonunun 14 yaşayış məntəqəsində həyətyanı torpaq sahələrinin elektron taxeometr vasitəsilə planaalma işləri başa çatdırılmışdır. Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsi nəticəsində Şərur rayonu ərazisinin topoqrafik xəritələri yenilənmişdir. “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın hazırlanması ilə əlaqədar 120, “Dədə Qorqud yurdu Naxçıvan” tarixi və etnoqrafik atlasının tərtib olunması ilə əlaqədar 240 xəritə hazırlanaraq təqdim olunmuşdur.
2016-cı ildə, ümumilikdə, muxtar respublika üzrə 2909 torpaq sahəsi, 147 qeyri-yaşayış binası, 60 qeyri-yaşayış sahəsi, 945 mənzil, 1765 fərdi yaşayış evi, 13 əmlak kompleksi kimi müəssisə, 6 çoxmərtəbəli yaşayış binası olmaqla, cəmi 5845 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. İl ərzində 353 girov qeydi aparılmış, yüklülüyə dair 3655 arayış verilmiş, komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi elektron xidmətlərdən 357 müraciət daxil olmuş və icra edilmişdir. Bu dövrdə muxtar respublika üzrə 97 yaşayış məntəqəsində səyyari xidmət təşkil olunmuş, 1032 vətəndaşın müraciətinə baxılmışdır. Sahibkarlara məxsus 114 əmlak da real bazar dəyərinə uyğun olaraq qiymətləndirilmiş, 1506 əmlakın bazar dəyəri məlumat bankına daxil edilmişdir.
2017-ci il ərzində qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi səylərini daha da artıracaqdır.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti