Muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması və sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər iqtisadiyyatın dinamik inkişafını təmin etmiş, əhalinin məşğulluq səviyyəsi artmışdır. Artıq Naxçıvan Muxtar Respublikası hər ili sosial-iqtisadi həyatda əldə olunan mühüm nailiyyətlərlə başa vurur.
İnkişafın ən mühüm göstəricilərindən biri, yəni istər maddi istehsal, istərsə də qeyri-maddi xidmətlər sahələrində iqtisadi fəaliyyətin son nəticəsini xarakterizə edən amillərdən biri ümumi daxili məhsulun artım həcmidir. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, muxtar respublikada sənaye müəssisələri, quşçuluq, heyvandarlıq, balıqçılıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılmış, ərzaq məhsulları üzrə yerli istehsalın həcmi artmışdır. Bütün bu müsbət proseslər ümumi daxili məhsulun artımına səbəb olmuşdur. Belə ki, 2016-cı ildə ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 500 milyon manatdan çox olmuşdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi isə 2015-ci ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artaraq 5 min 771 manat təşkil etmişdir.
Muxtar respublikada həyata keçirilən iqtisadi inkişaf modelinin strateji istiqamətlərindən biri mövcud təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunmasıdır. Bu da, öz növbəsində, regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı və bir sıra konkret sahələr üzrə mühüm dövlət proqramlarının qəbul edilməsi hesabına mümkün olmuşdur. Qeyd olunan dövrdə “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro-qramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və bir sıra digər proqramların icrası uğurla davam etdirilmişdir. 2016-cı ildə muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə 29 layihə üzrə istehsal və xidmət sahələri istifadəyə verilmişdir. Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 366 növdə məhsul istehsal olunur. Bu məhsulların 120 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Muxtar respublikada insanların kənd təsərrüfatı ilə məşğul olmaları üçün hərtərəfli şərait yaradılmışdır. Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, yolların abadlaşdırılması, təbii qazın, elektrik enerjisinin davamlı verilməsi, bütün kəndlərin telefonlaşdırılması, kənddə şəhər rahatlığının yaradılması, güzəştli kreditlərin verilməsi və texnika təminatı insanların torpağa bağlılığını daha da artırmış, kənd təsərrüfatının inkişafını təmin etmişdir. Bütün bunların nəticəsidir ki, 2016-cı ildə kənd təsərrüfatının inkişafı üzrə göstəricilər artmış, 429 milyon 448 min manatlıq məhsul istehsal edilmişdir.
Kənd təsərrüfatı məhsullarının ixrac potensialından səmərəli istifadə baxımından məhsulun istehsalı qədər onun müvafiq saxlama şəraiti ilə təmin olunması da mühüm şərtdir. Əhalinin payız-qış mövsümündə istehlak tələbatının keyfiyyətlə və dolğun ödənilməsində, kənd təsərrüfatı məhsullarının bazara çıxış müddətinin artırılmasında soyuducu anbarlar xüsusi əhəmiyyət daşıyır. Məhz bu məqsədlə muxtar respublikada ötən il 6 yeni soyuducu anbar yaradılmış, ümumilikdə, anbarların sayı 31-ə, ümumi tutumu isə 14 min 30 tona çatdırılmışdır. Payız-qış mövsümü ilə əlaqədar istifadəyə verilmiş istixana kompleksləri tərəfindən isə 127 min 162 kvadratmetr sahədə tərəvəz məhsulları yetişdirilmiş və 1332 ton tərəvəz məhsulu bazara çıxarılmışdır.
Sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması, iqtisadiyyatın davamlı və tarazlı inkişafının təmin edilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir. Muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində sahibkarlığın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.
Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması, sahibkarların problemlərinin həlli, onlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə hər il olduğu kimi, ötən il fevral ayının 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlarla görüşü keçirilmişdir. Muxtar respublikada 2016-cı ildə 7 layihənin maliyyələşdirilməsinə 10 milyon 803 min manat, kənd təsərrüfatı məhsulları istehsalı, o cümlədən heyvandarlıq, balıqçılıq, quşçuluq, soyuducu anbar və istixana komplekslərinin inkişafı yönümlü 16 layihənin maliyyələşdirilməsinə 989 min 700 manat, xidmət sektorunun inkişafı yönümlü 2 layihənin maliyyələşdirilməsinə 3 milyon 276 min manat xərclənmişdir. Bununla da, muxtar respublika üzrə 2000-ci ildən ötən müddət ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən 1219 layihənin maliyyələşdirilməsinə 134 milyon 204 min manatdan çox vəsait ayrılmışdır.
Sahibkarların hüquqlarının müdafiəsi və onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilmiş, 2016-cı ildə 11 sahibkarlıq subyekti “Nəzarət kitabçası” ilə təmin olunmuşdur. Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi tədbirləri çərçivəsində hesabat dövrü ərzində muxtar respublikada xüsusi fəaliyyət növləri üzrə 2016-cı ildə 19 ədəd lisenziya verilmiş, ümumilikdə, 242 ədəd lisenziya blankının verilməsi təmin edilmişdir.
Ümumi iqtisadi inkişafda xüsusi çəkiyə malik məqamlardan biri də ixrac potensialının gücləndirilməsidir. Xarici iqtisadi əlaqələrin genişləndirilməsinə böyük diqqət və qayğının göstərilməsi, ixracın stimullaşdırılması sahəsində qəbul edilən qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanlarının artmasına, iqtisadi əlaqələrimizin daha da genişlənməsinə, məhsullarımızın dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına zəmin yaratmışdır. 2016-cı ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 457 milyon 421 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 92 faizi ixracın, 8 faizi idxalın payına düşmüşdür. 2015-ci illə müqayisədə ixracın həcmi artmış, idxalın həcmi isə 61 faizədək azalmışdır. Ölkə daxilində və xaricdə keçirilən 16 biznes-forum, 2 beynəlxalq sərgidə 147 sahibkarlıq subyektinin iştirakı təmin edilmişdir.
Daxili bazarın qorunması, antiinflyasiya tədbirlərinin gücləndirilməsi, yerli istehsalın və satışın stimullaşdırılması, məhsul istehsalçılarına hərtərəfli şəraitin yaradılması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Bu məqsədlə ötən il muxtar respublikada fəaliyyət göstərən 260 obyektdə monitorinq aparılmış, 2450 halda idxal və yerli istehsal mallarından nümunələr götürülərək laboratoriyada təhlil edilmiş, ümumi dəyəri 19 min 935 manat olan istehlak müddəti ötmüş mallar aşkar edilərək ticarət dövriyyəsindən çıxarılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 30 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası” yerli istehsal müəssisələrimizin fəaliyyətini stimullaşdırmışdır. Bu gün 49 qapalı və 102 təhsil müəssisəsi 270 çeşiddə ərzaq məhsulları ilə davamlı təchiz olunur. Bundan başqa, muxtar respublikada fəaliyyət göstərən və istehsalını tamamilə dayandırmış və ya tam gücü ilə işləməyən müəssisələrdə monitorinqlər aparılmış, 8 istehsal və xidmət sahəsinin fəaliyyəti bərpa olunmuşdur.
Xalqımıza məxsus adət-ənənələrin, xalq yaradıcılığı nümunələrinin, eləcə də minilliklər boyu formalaşmış milli dəyərlərin bərpası, qorunması və gələcək nəsillərə ötürülməsinə muxtar respublikamızda xüsusi önəm verilir, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. 2016-cı ildə “Naxçıvan Biznes Mərkəzi” MMC-nin nəzdində yaradılmış “Xalq Yaradıcılığı Emalatxanası”nda xalçaların toxunması zamanı Naxçıvan xalçaçılıq məktəbinə aid rəng, naxış və ilmələrin bərpasına ciddi şəkildə diqqət yetirilmiş, xalçaların elektron görüntü və eskizləri hazırlanmışdır. Çıxarılan eskizlərlə, ümumilikdə, 56 müxtəlif ölçülü xalçanın toxunması başa çatdırılmış və 27 xalçanın satışı həyata keçirilmişdir. Həmçinin ümumi dəyəri 9527 manat olan 204 adda əl işi və sənət əsərləri qəbul edilmiş, sənətkarlar tərəfindən 6794 manat dəyərində 97 əl işi satılmışdır.
Muxtar respublikada istehsal olunan məhsulların reklam və təşviqi işlərinin aparılması məqsədilə milli dəyərləri əks etdirən 484 əl işi və sənət əsərinin, həmçinin 37 ixrac potensiallı müəssisəyə aid ərzaq və qeyri-ərzaq olmaqla, 339 çeşiddə məhsulun kataloqu hazırlanmışdır. Ötən il görülən mühüm işlərdən biri də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Yaradıcı əllər”, “Göycə”, “Naxçıvan çörəkləri”, “Plov və yallı” və “Arıçılıq məhsulları bal” festivallarının keçirilməsi olmuşdur.
Bu gün Naxçıvanda sakinlər sosial-iqtisadi inkişafın və davamlı yüksəlişin real nəticələrini öz gündəlik həyatlarında hiss etməkdədirlər. Bütün bunlar isə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticələridir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti