23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 12-də Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yaradılmasından 17 il ötür.
Bazar iqtisadiyyatının inkişaf etdirilməsində vergi orqanlarının rolunu yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu sahədə ardıcıl tədbirlər həyata keçirilmişdir. Çevik vergi siyasətinin aparılması ulu öndərimizin müəyyənləşdirdiyi iqtisadi strategiyanın tərkib hissəsi idi. Ölkə­mizdə vergi münasibətlərinin tənzimlənməsi sahəsində sistemsizlik və boşluqların aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi bu sahədə uğurlu inkişafı təmin etmiş, 2001-ci ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsi qəbul edilmişdir.

Ümummilli liderimizin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə, o cümlədən vergi siyasəti sahəsində də uğurla davam etdirilir. Ötən dövrdə ölkəmizdə güclü vergi sistemi formalaşdırılmış, geniş təhlil bazasına malik informasiya sistemləri qurulmuşdur. Vergi xidmətində Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin işə salınması vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi sistemində elektron sənəd dövriyyəsinin tətbiqinə, məlumatların işlənməsi sürətinin dəfələrlə artmasına, operativ vergi nəzarətinin qurulmasına və digər qurumlarla inteqrasiyaya yol açmışdır.
Ölkəmizin vergi sistemində bu gün də mühüm islahatlar həyata keçirilir. Ötən dövrdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafına paralel olaraq Vergi Məcəlləsinə də müvafiq dəyişikliklər edilmiş, sahibkarların vergi yükü azaldılmış, vergi dərəcələrinin optimal həddədək aşağı salınması təmin olunmuşdur.
Son zamanlar Vergi Məcəlləsinə edilmiş dəyişikliklər sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməklə bərabər, vergi ödəyicilərinin hüquqlarının qorunmasına, vergitutma bazasının daha da genişləndirilməsinə səbəb olmuşdur. Ölkəmizdə yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin və ya fərdi sahibkarların 7 il müddətinə vergilərdən azad edilməsi, investisiya təşviqi sənədini almış hüquqi şəxslərin və ya fərdi sahibkarların mənfəətinin və ya gəlirinin 50 faizinin, habelə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi sahibkarlığın inkişafında mühüm əhəmiyyət daşıyır. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalçılarının 2014-cü il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi, 2017-ci ilin yanvar ayının 1-dən 3 il müddətinə quş ətinin satışının əlavə dəyər vergisindən azad edilməsi və kənd təsərrüfatı sahəsində digər vergi güzəştləri sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir.
Ölkəmizin vergi sistemində aparılan islahatlar muxtar respublikamızda da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 12 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi yaradılmış, nazirliyin Əsasnaməsi təsdiq edilmişdir. Bu müddət ərzində nazirliyin yerli qurumları üçün yeni inzibati binalar tikilib istifadəyə verilmiş, nazirliyin binası əsaslı təmir edilərək yenidən qurulmuş, vergi orqanlarının əməkdaşlarına müasir standartlara cavab verən iş şəraiti yaradılmış, maddi-texniki bazanın gücləndirilməsi sahəsində xeyli işlər görülmüşdür.
Muxtar respublikamızda ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində görülən tədbirlər, iqtisadi inkişafın yeni keyfiyyət mərhələsinə daxil olması və sosial infrastruktur təminatının yaxşılaşdırılması nəticəsində makroiqtisadi göstəricilərin artımına nail olunmuş, aparılmış uğurlu sosial-iqtisadi siyasət Vergilər Nazirliyi üzrə müəyyən edilən proqnoz tapşırıqların vaxtında icra edilməsinə böyük zəmin yaratmışdır. Muxtar respublikada sahibkarlığa dövlət dəstəyinin nəticəsidir ki, özəl sektordan vergi daxilolmaları 2015-ci illə müqayisədə 2016-cı ildə 3 milyon 106 min manat və ya 7,6 faiz artmış və ümumi vergi daxilolmalarında onun xüsusi çəkisi 68,9 faizə çatdırılmışdır. Sahibkar­ların işinə qanunsuz müdaxilələrin aradan qaldırılmasının və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərin nəticəsində sahibkarlıq subyektlərinin sayı sürətlə artmış, “bir pəncərə” prinsipinin tətbiq olunmasına başlanandan, yəni 2008-ci ildən 2017-ci ilədək muxtar respublika üzrə 242 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına, 15 min 263 fiziki şəxs isə sahibkarlıq uçotuna alınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq vergi orqanlarında elektron xidmətlər genişləndirilmiş, 2007-ci ildən başlayaraq bəyannamələrin elektron qaydada alınmasına başlanılmışdır ki, bu da vergi ödəyicilərinin işini daha da asanlaşdırmışdır. Onlar vergi orqanlarına gəlmədən “onlayn” rejimdə bəyannamələri təqdim edir, göndərdikləri məktubların hərəkətini izləyir, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə məlumatlandırılırlar.
Vergilər Nazirliyində inzibati-idarəetmə sahəsində texnoloji tərəqqinin daha da sürətləndirilməsinin nəticəsidir ki, 2016-cı ildə vergi ödəyiciləri tərəfindən təqdim olunmuş 24 min 735 vergi bəyannaməsinin vergi orqanlarında yerlərə getmədən – kameral qaydada yoxlanılması nəticəsində 184 vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamələrdə vergilərin düzgün hesablanmaması aşkar edilmişdir. Elektron xidmətlərin tətbiqi şəffaflığın, hesabatlılığın artmasına, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmuşdur.
Texnoloji yeniliklərin tətbiqi, muxtar respublikamızda insan kapitalına sərmayə qoyuluşunun artırılması vergi orqanlarının bacarıqlı və savadlı kadrlarla təminatını daha da artırmışdır. Son illər ərzində 69 əməkdaş müsabiqə yolu ilə vergi orqanlarında xidmətə qəbul edilmişdir.
Vergilər Nazirliyinin kollektivi qarşıya qoyulan tapşırıqların icrasını bundan sonra da layiqincə yerinə yetirəcək, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfəsini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR