2016-cı ildə Ordubad rayonunda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 57 milyon 386,8 min manat və ya 2015-ci illə müqayisədə 3,6 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 5,6 faiz artaraq 53 milyon 731,5 min manat təşkil edib.
Bu dövrdə Ordubad şəhərində Texniki-Peşə və Sürücülük Məktəb kompleksi, 36 mənzilli yaşayış binası, “Naxçıvanbank” ASC-nin Ordubad rayon filialı, Baş Dizə kəndində 156 şagird yerlik yeni məktəb, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Hazırda Ordubad Dəmiryol Vağzalının yeni binasının və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad Yol Sahəsinin inzibati binasının, Ordubad şəhərində içməli su və kanalizasiya sisteminin, Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.
Bəhs olunan dövrdə quruculuq tədbirləri, əvvəlki illərdə olduğu kimi müxtəlif sahələri əhatə edib. Belə ki, əhalinin içməli suya olan tələbatını ödəmək üçün 21,6 kilometr məsafədə içməli su xəttində təmir işləri aparılıb, 2,4 kilometr məsafədə yeni içməli su xətti çəkilib, 1,2 kilometr kaptaj təmir olunub, 350 metr uzunluğunda yeni kaptaj istifadəyə verilib.
Ordubad Rayon Yol Təmir İstismar İdarəsi tərəfindən Ordubad şəhərdaxili, Dəstə-Dırnıs, Ordubad-Nüsnüs, Ordubad-Gənzə, Aza-Biləv-Parağa, Ordubad-Naxçıvan, Düylün-Üstüpü avtomobil yollarında, Aza-Biləv-Parağa avtomobil yolunun 4-cü kilometrindəki körpüdə təmir işləri aparılıb.
Ordubad Rayon Rabitə İdarəsi 27 АТS və 19 poçt bölməsi vasitəsilə rayon əhalisinə xidmət göstərir. Rayonun bütün kəndləri internetlə təmin edilib. Bu dövrdə 471 abonent sürətli internetlə təmin olunub, abonentlərin sayı 2185-ə çatdırılıb. İl ərzində 18906 metr fiber-optik kabel çəkilib. 5 ədəd abonent qutusu, 2 ədəd paylayıcı şkaf qoyulub. Kotam kəndində 96 nömrəlik, Dəstə kəndində 384 nömrə tutumlu yeni ATS qurularaq istifadəyə verilib.
Elektrik enerjisindən səmərəli istifadə etmək məqsədilə xeyli iş görülüb, 23 ədəd transformator yarımstansiyasında cari təmir işləri, 17 ədəd 10/0,4 kilovoltluq yarımstansiyada əsaslı təmir işləri aparılıb. 3 ədəd yeni transformator yarımstansiyası quraşdırılıb.
Yeni tikilmiş 76 mənzilə qaz xətti çəkilib, il ərzində 162 ədəd istismar müddətini başa vurmuş qaz sayğacı yeni sayğaclarla əvəz olunub.
Hafizə Əliyeva