Bankların iqtisadi inkişafda və pul-kredit münasibətlərinin tənzimlənməsində mühüm rolu vardır. Dünyadakı mürəkkəb iqtisadi şəraitdə bankların verdiyi qərarlar cəmiyyət tərəfindən maraqla izlənilir, iqtisadi mənafelərin qorunması baxımından bu vacib institusional qurumlar qarşısında mühüm məsuliyyət yaranır. Ötən il Naxçıvan Muxtar Respublikasının ümumi inkişafında bank sektoru mühüm rol oynayıb. Muxtar respublikamızda özəl sektora maliyyə dəstəyinin göstərilməsində, yeni layihələrin həyata keçirilməsində, əhali əmanətlərinin banklara cəlb olunmasında, elektron xidmətlərin tətbiqində və əhalinin maliyyə savadlılığının artırılması sahəsində bank qurumları qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə çalışıb. Mövcud konyunktura mürəkkəb olsa da, banklar ümumi strateji xətdən kənarlaşmayıb, pul dövriyyəsi, valyuta bazarı kimi sahələrdə vəziyyətə tam nəzarət olunub. Muxtar respublikanın bank sektorunda görülmüş və görüləcək işlər barədə oxucularımızı maraqlandıran suallara cavab almaq üçün Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədova müraciət etdik:
– Səbuhi müəllim, 2016-cı ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar öz işini necə qurub?
– İqtisadi inkişafın əsas göstəricilərindən olan real sektorun inkişaf səviyyəsi bank-kredit müəssisələrinin də səmərəli fəaliyyətindən çox asılıdır. Bu baxımdan 2016-cı il Naxçıvan Muxtar Respublikasında dinamik inkişaf ili kimi yadda qalıb və bu nailiyyətlərin əldə olunmasında bank sektoru fəal iştirak edib.
Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları fəaliyyətlərini tədbirlər planına uyğun olaraq qurublar. Bu qurumlar tərəfindən 1 yanvar 2017-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 109 milyon 195 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşları 7 milyon 937 min manat, uzunmüddətli kredit qoyuluşları isə 101 milyon 258 min manat təşkil edir. Banklar və kredit təşkilatları tərəfindən 2016-cı il ərzində 43 milyon 355 min manat kredit verilib ki, bu vəsaitlərin 10 milyon 512 min manatı qısamüddətli, 32 milyon 843 min manatı uzunmüddətli kreditlərin payına düşür. Bu vəsaitin 9 milyon 911 min manatı kənd təsərrüfatı, 10 milyon 322 min manatı sənaye, 260 min manatı tikinti, 20 min manatı balıqçılıq təsərrüfatı sahələrinə yönəldilib. 3 milyon 854 min manat kommersiya, 4 milyon 435 min manat nəqliyyat, 2 milyon 78 min manat ipoteka kreditləri verilib. Kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə isə 12 milyon 475 min manat vəsait yönəldilib.
– Özəl sektorda işgüzar fəallığın dəstəklənməsi baxımından banklar hansı işləri görüblər? Verilmiş kreditlərin prioritet istiqamətləri hansılardır?
– Kredit qoyuluşları, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib ki, bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması, yeni iş yerlərinin yaranmasında əhəmiyyətli rol oynayıb. Kreditləşmədə əsas məqsəd aqrar sektorun inkişafı, ixraca yardım və daxili bazarın müdafiəsi, kiçik və orta sahibkarlığın inkişafına nail olmaqdır. Aqrar sahənin inkişafı üçün verilmiş kreditlər ümumi portfelin 22,9 faizini və ya 9 milyon 911 min manatını təşkil edib. Bu isə, öz növbəsində, ənənəvi istehsal və kiçik emal sahələrinin yaradılmasına stimul olub. Kredit vəsaitləri, əsasən, toxum və əkin materiallarının, kiçik emal avadanlıqlarının alınmasına, aqrotexniki tədbirlərin aparılmasına, heyvandarlığın inkişafına yönəldilib. Ümumilikdə, verilmiş kreditlərin 42,2 faizini kiçikhəcmli kreditlər təşkil edir. Gələcəkdə bu cür kreditlərin verilməsinin həcminin artırılması istiqamətində lazımi işlər aparılır.
Onu da qeyd etmək lazımdır ki, muxtar respublikada təklif edilən faiz dərəcəsi ölkədə iqtisadi rayonlar arasında kreditlər üzrə tətbiq olunan ən aşağı faiz dərəcələridir.
– Biz Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin məlumatlarından tez-tez bank faizlərinin aşağı salındığını eşidirik. Bu sahədə yenilik varmı?
– Faiz dərəcələrinin istehlakçılar üçün optimal səviyyədə olması kreditlərin əlçatanlığını artıran əsas amildir. Hazırda ölkəmizdəki kredit bazarına nəzər saldıqda görürük ki, muxtar respublikamızda kreditlər üzrə tətbiq edilən orta faiz dərəcələri Azərbaycanın digər iqtisadi rayonları ilə müqayisədə ən aşağı səviyyədədir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına görə, 1 dekabr 2016-cı il tarixə təklif olunan kreditlər Abşeron iqtisadi rayonu üzrə 16,7 faiz, Aran iqtisadi rayonu üzrə 22,6 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 22,1 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 19,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 19,8 faiz, Lənkəran iqtisadi rayonu üzrə 22,4 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 22 faiz, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 17,9 faiz, Naxçıvan Muxtar Respublikası üzrə isə 12,6 faiz təşkil edir.
Muxtar respublikada kredit faizlərinin ölkə üzrə ən aşağı göstəricilər olmasına təsir edən mühüm amil “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aşağı faiz dərəcələri ilə təklif edilən kreditlərdir. Adıçəkilən bankın Müşahidə Şurasının yeni qərarı ilə 18 yanvar 2017-ci il tarixdən kreditlərin faiz dərəcələri yenidən aşağı salınıb. Belə ki, yeni qaydalara görə, kənd təsərrüfatı üzrə heyvandarlığa 15, taxılçılığa, kartofçuluğa, bostan, tərəvəz və qarğıdalı kimi əkinçilik sahələrinə 13 faizlə kreditlər verilir. Muxtar respublika sakinləri istehlak kreditlərini 17, kart kreditlərini 18, bankın öz vəsaiti hesabına verilən ipoteka kreditlərini isə 10 faizlə götürə bilərlər. Onu da qeyd etmək lazımdır ki, ipoteka krediti üzrə faiz dərəcəsinin aşağı salınması Naxçıvanbank tərəfindən əvvəlki illərdə verilmiş kreditlərə də şamil olunur.
Naxçıvanda verilən kreditlər üzrə faizlər “annuitet” üsulla hesablanır. Bu da vətəndaşların əldə etdikləri vəsaitlər üçün ödəyəcəkləri real faiz dərəcəsinin aşağı düşməsinə səbəb olur. Kreditlərin faktiki illik faiz dərəcələri kənd təsərrüfatı üzrə 6,5-7 faiz, istehlak kreditləri üzrə 8,5-9 faiz, daxili ipoteka kreditləri üzrə 5 faiz təşkil edir.
Muxtar respublikada həyata keçirilən kreditləşmə işində 2016-cı ildə Ali Məclis Sədrinin müvafiq Fərmanı ilə yaradılan “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti vəsaitləri hesabına verilən 4-8 faizli, uzunmüddətli kreditləri də qeyd etmək lazımdır. Belə ki, bu kreditlər muxtar respublikamızda əhalinin mənzil təminatını yaxşılaşdırmaqla bərabər, real sektorun da inkişafına xidmət edir.
– Günümüzün tələbi olan elektron bank xidmətlərinin genişləndirilməsində nə kimi irəliləyişlər vardır və hansı nəticələr əldə olunub?
– Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilən “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da bank sektoru qarşısına mühüm vəzifələr qoyulub. Bu istiqamətdə görülmüş tədbirlər nəticəsində 1 yanvar 2017-ci il tarixə POS-terminalların sayı 556-sı Naxçıvan şəhəri, 646-sı isə rayon və kənd mərkəzlərində olmaqla, 1202 ədədə çatdırılaraq bu mühüm ödəniş alətlərinin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 158 ədəd artıb. Bankomatlara gəldikdə isə 1 yanvar 2017-ci il tarixə 56-sı Naxçıvan şəhəri, 43-ü rayon və kənd mərkəzlərində olmaqla, muxtar respublikada 99 ədəd bankomat fəaliyyət göstərir.
Əhalini nağdsız ödənişlərdən istifadəyə təşviq etmək məqsədilə Vergilər Nazirliyi ilə birgə keçirilmiş “Nağdsız ödəyin, hədiyyə qazanın” həvəsləndirici tədbir çərçivəsində 2016-cı il ərzində 435 nəfər muxtar respublika sakininə ümumi dəyəri 30 min manat olan müxtəlif qiymətli hədiyyələr verilib.
Proqramın uğurlu icrası nəticəsində ötən il nağdsız ödəniş dövriyyəsi 27 milyon 701 min manata çatdırılıb. Bu, 2015-ci il ərzindəki göstərici ilə müqayisədə 8 milyon 827 min manat çoxdur. Aparılmış əməliyyatların 17 milyon 527 min manatı internet vasitəsilə həyata keçirilib. 2016-cı il ərzində muxtar respublika üzrə kommunal xidmət müəssisələrində POS-terminallar vasitəsilə 3 milyon 488 min manat məbləğində vəsait yığılıb. Gələcəkdə nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi və ödəniş həcminin artırılması istiqamətində tədbirlər davam etdiriləcək.
Bu sahədə aparılan maarifləndirmə işi barədə də oxucularımıza məlumat verərdiniz.
Nağdsız ödənişlərin həcminin artırılması üçün infrastrukturun yaradılması ilə yanaşı, ən təsiredici metodlardan biri də məhz maarifləndirici tədbirlərin və treninqlərin keçirilməsidir. Bu istiqamətdə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi aidiyyəti dövlət qurumları ilə birgə müxtəlif seminar və treninqlər təşkil edib.
2016-cı il ərzində İqtisadiyyat Nazirliyi və Vergilər Nazirliyi ilə birgə muxtar respublikada fəaliyyət göstərən sahibkarların iştirakı ilə tədbirlər keçirilib.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Vergilər Nazirliyinin əməkdaşlarının iştirakı ilə muxtar respublikada fəaliyyət göstərən orta ixtisas və ümumtəhsil məktəblərində nağdsız ödəniş vərdişlərinin aşılanması, onun faydalarının öyrədilməsi istiqamətində “Nağdsız ödənişlər” adlı silsilə tədbirlərin keçirilməsinə başlanılıb.
Ümumilikdə, 2016-cı il ərzində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən keçirilən maarifləndirmə tədbirlərinin auditoriyasını muxtar respublikada fəaliyyət göstərən sahibkarlar, ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr və bank sektorunun nümayəndələri olmaqla, 550 nəfər əhatə edib, iştirakçılar maliyyə savadlılığı, nağdsız ödənişlər, bu sahədə görülən işlər və tətbiq edilən yeniliklər barədə məlumatlandırılıb.
– Gələcək planlarınız nədir? Muxtar respublikanın bank qurumları hansı hədəflərə çatmağı müəyyənləşdirib?
– Maliyyə sabitliyinin təmin olunması qarşımızda duran əsas vəzifədir. Əminik ki, neçə illərdir həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu il nağdsız hesablaşmaların həcmi daha da artırılacaq. Maliyyə savadlılığının artırılması, yüksək ödəniş mədəniyyətinə malik cəmiyyətin formalaşdırılması əsas hədəflərimizdəndir.
Müsahibə üçün sağ olun.
Əli Cabbarov