Naxçıvan Muxtar Respublikasında 2017-ci ilin yaz suvarma mövsümünü mütəşəkkil təşkil etmək məqsədilə Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, su anbarlarına suyun yığılmasına başlanmış, nasos stansiyalarında, kanallarda, hidrotexniki qurğularda təmir işi aparılmışdır. Ötən ay 18 kilometr magistral kanal, 20 kilometr ara arxları və 4 kilometr kollektor lildən təmizlənmişdir. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 2 kilometrdən artıq istiqamətləndirici bənd tikilmişdir.
Kəhrizlərin təmir-bərpası 2017-ci ildə davam etdirilmiş, Ordubad rayonunun Aşağı Əylis kəndindəki “Bazar çeşməsi” kəhrizinin təmiri başa çatdırılmışdır. Bu dövrdə 36 subartezian quyusu təmir olunmuşdur. 2017-ci il suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq təmirə ehtiyacı olan maşın-mexanizmlər, mexaniki və elektrik avadanlıqları da təmir olunaraq işlək vəziyyətə gətirilmişdir.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam edir. Layihə çərçivəsində Babək rayonunun Şıxmahmud kəndində 600 ədəd su sayğacı quraşdırılıb.
Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı
Komitəsinin mətbuat xidməti