Son dövrlər dünya iqtisadiyyatında mövcud olan qeyri-müəyyənlik, mürəkkəb xarici iqtisadi vəziyyət, eləcə də neft gəlirlərinin azalması ölkəmizin makroiqtisadi və maliyyə sabitliyinə təsirsiz ötüşməyib. Lakin ölkə başçısı cənab İlham Əliyevin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü və uzaqgörən siyasi kursu qətiyyətlə davam etdirməsi və görülən tədbirlər nəticəsində Azərbaycan qlobal proseslərin təsirindən qorunub, əhalinin sosial müdafiəsi təmin olunub. Neft gəlirlərinin azalması ilə büdcəyə vergi daxilolmaları da azaldığından büdcəmizin sosialyönümlülüyünün saxlanılması, kiçik və orta sahibkarlara göstərilən dövlət qayğısının artırılması, ümumi biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər büdcəyə vergi daxilolmalarının artırılmasını tələb edir. Bütün bunlar nəzərə alınaraq Azərbaycan Respublikasının Vergilər Məcəlləsində müəyyən dəyişikliklər edilib. Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyevlə söhbətimiz də bu barədədir:
– Vergi Məcəlləsinə edilmiş dəyişikliklər hansı zərurətdən irəli gəlib?
– Məcəlləyə edilən son dəyişikliklər, əsasən, vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi yükünün azaldılması və ya vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır.
Vergi Məcəlləsinə mahiyyət baxımından olduqca ciddi sayıla bilən 201 dəyişiklik edilib, 115 yeni maddə əlavə olunub, 83 maddədə müvafiq dəyişikliklər aparılıb, 3 maddə isə çıxarılıb.
Məcəlləyə edilmiş dəyişikliklərdən biri kənd təsərrüfatı məhsullarının pərakəndə satışı üçün vergi tutma obyektinin ticarət əlavəsi, yəni pərakəndə satış qiyməti ilə alış qiyməti arasındakı fərq olduğunu, ƏDV-nin də həmin məbləğdən hesablanmalı olduğunu təsbit edib. Əvvəlki məcəllə ilə kənd təsərrüfatı məhsullarının istehsalçıları vergilərdən azad edilsə də, onların məhsulları ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən bu məhsulların tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir, bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olurdu.
Məcəlləyə edilmiş dəyişikliklərdən biri də 1 yanvar 2017-ci il tarixdən etibarən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslərin eyni zamanda əmlak vergisinin də ödəyicisi hesab olunmasıdır. Əvvəlki məcəllədə həmin şəxslər əmlak vergisini ödəməkdən azad olunurdu.
– Vergi Məcəlləsində mühüm dəyişikliklərdən biri də torpaq sahələrinin satışının yeni qaydada vergiyə cəlb edilməsi ilə bağlıdır. Bəs bu sahədə aparılmış dəyişikliklər nədən ibarətdir?
– Qeyd etmək istəyirəm ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 1 yanvar 2017-сi il tarixdən etibarən torpaq sahələrinin satışı əməliyyatlarının rəsmiləşdirilməsi zamanı bu əməliyyatdan yaranan vergi öhdəliyi notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb ediləcəkdir. Vergi Məcəlləsində torpaq istifadəçiləri təyinata görə 3 qrupa bölünür. Qeyd olunan torpaq sahələrindən satış zamanı vergilər yeni qaydada tutulacaq. Bu barədə ətraflı məlumat almaq üçün nazirliyin müvafiq şöbəsinə və ya rayon vergi qurumlarına müraciət etmək olar.
Əlavə olaraq qeyd edim ki, 1 yanvar 2017-ci il tarixdən etibarən kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə ödənilir.
– Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də sabit verginin tətbiqi ilə bağlıdır. Bu haqda məlumat verməyinizi xahiş edirik...
– Sabit vergini ödəyən şəxslər fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxsləri əhatə edəcək. Bu ödəyicilər kiçik həcmdə gəlirlərə malik olan, məsələn, fərdi foto, audio-video xidmətləri göstərən, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri və sair analoji işlərlə məşğul olan şəxslərdir. Belə fəaliyyət növlərilə məşğul olan fiziki şəxslər vergi öhdəliklərini bəyannamə təqdim etmədən, kiçik sabit məbləğ ödəməklə həyata keçirəcəklər. Məcəlləyə həmin fəaliyyət növlərinin siyahısı və verginin dərəcələri də daxil edilib.
Bildirmək istəyirəm ki, hər hansı bir fiziki şəxs fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla), toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növləri ilə məşğul olursa, aylıq olaraq Naxçıvan şəhəri üzrə 30 manat, digər rayon və kəndlərdə 15 manat; saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlərlə məşğul olan fiziki şəxslər Naxçıvan şəhəri üzrə 10 manat, digər rayon və kəndlərdə 5 manat; çəkməçi, pinəçi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər Naxçıvan şəhəri üzrə 5 manat, digər rayon və kəndlərdə 2,50 manat; nəqqaşlıq emalatxanalarının fəaliyyəti ilə məşğul olan fiziki şəxslər Naxçıvan şəhəri üzrə 20 manat, digər rayon və kəndlərdə 10 manat dövlət büdcəsinə ödəməklə öz istəklərinə uyğun növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalıdırlar.
Fiziki şəxslər qeyd edilən fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i hər bir fəaliyyət növü üçün ayrılıqda alırlar.
Qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxs aylıq “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadığı təqdirdə maliyyə sanksiyası tətbiq edilir. Belə ki, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında, təqvim ili ərzində belə hallara iki dəfə və daha çox yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləği miqdarında maliyyə sanksiyası nəzərdə tutulub.
Muxtar Məmmədov