Son illər muxtar respublikamızda reallaşdırılan irimiqyaslı layihələr nəticəsində daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəlif təyinatlı yeni istehsal müəssisələri yaradılıb. Hazırda muxtar respublikamızda 366 növdə yerli məhsul istehsal olunur. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat yerli imkanlar hesabına ödənilir.
Daxili bazarı yerli məhsullarla təmin edən müəssisələrdən biri də “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Zəngin duz yataqları Naxçıvan şəhərindən 12 kilometr aralıda, dəniz səviyyəsindən 1173 metr yüksəklikdəki Duzdağ ərazisində yerləşir. Bu mədənlərdə duz istehsalının tarixi e.ə. III-II minilliklərə təsadüf edir. Duzdağ yatağından sənaye üsulu ilə duz çıxarılmasına isə ilk dəfə 1927-ci ildə başlanıb.
Son illər Duz mədənində tikinti-quraşdırma, yenidənqurma, təmir-bərpa, abadlıq işləri aparılıb, 1990-cı illərin əvvəlində baş verən iqtisadi böhran nəticəsində istismarı dayanmış və uzunluğu 1700 metr olan 1 nömrəli şaxta, eləcə də mövcud 2 duz emalı sexi müasir texnoloji avadanlıqlarla təmin edilməklə müəssisə yenidən qurularaq istifadəyə verilib. 2005-ci ildə istehsal gücü gündə 7 və 20 ton olan 2 yeni duz emalı müəssisəsi tikilərək istehsala başlanılıb. Burada bütün istehsal prosesi avtomatlaşdırılıb, paketləyici avadanlıq quraşdırılıb. Hazırda müəssisədə 200, 250 və 500 qramlıq taralarda qablaşdırılan məhsullar istehsal edilir.
2010-cu ildə quraşdırılan 3 ədəd rəqəmsal yodvuran, 2 ədəd tarixvuran və 1 ədəd duzpaketləyən avadanlıq əl əməyini yüngülləşdirib, yüksəkkeyfiyyətli məhsul istehsalına təminat yaradıb. Duz mədənində istehsalatda baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə 2014-cü ildə bir sıra tədbirlər həyata keçirilib, 300 metrlik ehtiyat çıxışı yaradılıb. Duz istehsal edilən 1050 metrlik şaxtanın uzunluğu dövlət maliyyə dəstəyi ilə 1300 metrə çatdırılıb. Maililiyi 75 metr olan şaxtanın daha yüksək səviyyədə və təhlükəsiz işıqlandırılması məqsədilə yeni transformator qoyulub. 750 metr yüksək gərginliyə davamlı kabel xətti çəkilib. Şaxtada çökmələrin qarşısını almaq üçün 18 yerdə bərkitmə işləri aparılıb, 2000 metrlik tros kanat yenisi ilə əvəz edilib. Ötən ildə də bu istiqamətdə işlər davam etdirilib, 1 nömrəli şaxtada mədənbərkitmə işləri üçün Sahibkarlığa Kömək Fondundan 40 min manat dövlət maliyyə dəstəyi göstərilib. Layihəyə uyğun olaraq işlər vaxtında və keyfiyyətlə yerinə yetirilib.
İstifadəyə verilən yeni istehsal sahələri Naxçıvanın duz yataqlarının istismarı tarixində qurulan ilk müasir istehsal sahələridir. Bu gün duz mədənində yeni texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi fəaliyyət göstərir. Gündəlik istehsal gücü 40-45 ton daş duz, 20-25 ton isə üyüdülmüş duz olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində 18 çeşiddə duz istehsal olunur və bu məhsullar məişətdə, heyvandarlıqda, kimya sənayesində istifadə edilir. Məişətdə istifadə edilən yodlaşdırılmış duz həm 0,5, 1 kiloqramlıq karton və plastik, həm də 0,2, 0,5 kiloqramlıq polietilen taralarda və 25 kiloqramlıq kisələrdə “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır.
70 nəfərin işlə təmin olunduğu müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir. Xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Müəssisədə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş laboratoriya fəaliyyət göstərir. Bu da istehsal edilən duzun keyfiyyətinə tam nəzarət etməyə imkan verir. İstehsal prosesinin konveyer üsulu ilə təşkil edildiyi müəssisədə duz yeraltı partlayış üsulu ilə əsas kütlədən ayrılıb kiçik vaqonlara yüklənərək yerüstü sahəyə daşınır. Daşduz yerüstü sahədə çeşidləndikdən sonra emal sahələrinə gətirilir. Daşduz birinci sexdə 2 mərhələdə müxtəlif avadanlıqlarda əzilərək üyüdülüb hər ton duzun tərkibinə 85 qram yod əlavə edilməklə elevatorla ikinci sexə ötürülür. Burada isə ələkdən keçirildikdən sonra paketlənir.
Daxili bazarı keyfiyyətli məhsullarla təmin edən kollektiv ötən il 5391 ton daşduz və 2206 ton üyüdülmüş duz istehsal edib. Müəssisə tərəfindən 2340 ton daşduz və 2129 ton üyüdülmüş duz satılıb. Keyfiyyət göstəriciləri ilə seçilən Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışını təmin etmək məqsədilə Bərdə şəhərində baza yaradılıb. Müəssisədə istehsal olunub ticarət obyektlərinə çatdırılan duzun 3193 tonu Bakı şəhərində və ölkəmizin digər regionlarında, 1276 tonu isə muxtar respublikamızda satışa çıxarılıb.
Onu da qeyd edək ki, insan sağlamlığı üçün vacib elementlərlə zəngin olan Naxçıvan duzunun xarici bazara çıxarılması, tanıdılması istiqamətində işlər davam etdirilir. Ayrı-ayrı ölkələrdə keçirilən biznes forumlarda, sərgilərdə yaxından iştirak edilir ki, bu da iqtisadi əlaqələrimizin genişlənməsinə əlverişli şərait yaradır. Cari ildə də bu mühüm əhəmiyyətli sahə diqqət mərkəzində saxlanılır. Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən “Beynəlxalq Yaşıl Həftə-2017” sərgisində digər məhsullarımızla yanaşı, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin də məhsulları nümayiş etdirilib.
Kərəm Həsənov