23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda  ilbəil emal və istehsal sahələrinin sayı, müxtəlif çeşiddə məhsul istehsalının həcmi artır. Belə müəssisələrdən biri də “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisədə spirtli içkilər istehsal olunur. Və elə burada vacib bir məqama toxunaq ki, spirtli içkilərin tərkibi standartlara cavab verməyəndə insan həyatı üçün böyük təhlükə mənbəyinə çevrilir. 

 

Bu günlərdə müəssisədə olduq. “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zakir Məmməd­ov deyir ki, cəmiyyətin yaradılması üçün 2012-ci ildə maliyyə dəstəyi göstərilib və müəssisə 2013-cü ilin iyun ayından fəaliyyətə başlayıb. Cəmiyyət istehsalın ilkin mərhələsindən alıcı bazası qazanıb və elə buna görə Sahibkarlığa Kömək Fondundan ayrılan 180 min manatı qaytarıb.
Dörd il bundan əvvəl 4950 kvadratmetr ərazidə müəssisə üçün ikimərtəbəli inzibati bina, emal, qablaşdırma bölmələri, hazır və köməkçi məhsulların saxlanılması anbarları, tara anbarı, meyvə cövhərlərini saxlamaq üçün zirzəmi, spirt saxlamaq üçün yerüstü anbar inşa olunub. Həmçinin spirt saxlamaq üçün 3 ədəd 16 tonluq çən quraşdırılıb. Müəssisə özündə klassik texnologiyanı və ən yeni texniki nailiyyətləri birləşdirir. Məhsulun rəqabətədavamlı olması məqsədilə quraşdırılan avadanlığın hamısı İtaliyanın, Rusiyanın, Türkiyənin bu sahədə ixtisaslaşmış şirkətlərinin istehsalıdır. Texnoloji avadanlığın daşınması, quraşdırılması və sınaqları mütəxəssislərin iştirakı ilə aparılıb. Zavodun ərazisində istehsal proseslərinə və hazır məhsullara texniki-kimyəvi və mikrobioloji nəzarət üçün laboratoriya, hava və soyuducu kompressor sahəsi, yeməkxana yaradılıb. Müəssisədə quraşdırılan avadanlıqların gücü saatda 3 min butulkadır. İstehsal iki xətdə aparılır. Birində araq, digərində meyvə likörləri istehsalı həyata keçirilir. Cari ildə isə limonad istehsalına başlanılması nəzərdə tutulub.
Müəssisənin rəhbəri bildirir ki, spirt rektifikatı Belarusdan, şüşə butulkalar Bakı şəhərindən, Ukrayna, Rusiya, Moldovadan gətirilir. Məhsulun qablaşdırılması üçün karton taralar yerli istehsaldır.
Müəssisədə yaradılan sərgidə nümayiş etdirilən müxtəlif çeşidli məhsullarla tanış oluruq. Öyrənirik ki, hazırda burada 7 çeşiddə meyvə araqları, 8 çeşiddə digər spirtli içki və meyvə likörləri istehsal olunur. Naxçıvanda günəşli günlərin çox olması, bölgənin iqlimi burada yetişən meyvə, giləmeyvə və bitkilərə xüsusi dad və ətir verir. Odur ki, Naxçıvan məhsulları olan heyva, şaftalı, qara tut, gilas, zirinc, kəklikotu, baldırğan araqları, albalı, heyva, şaftalı və qara tutdan hazırlanan nastoylar alıcıları razı salır.
Məhsul gümüş filtrdən keçirilərək standartlara uyğun süzülür. İstehsal olunan 100, 250, 500, 700, 750 millilitrlik şüşə butulkalarda qablaşdırılan içkilər lazımi laboratoriya analizlərindən keçirildikdən və keyfiyyətinə müvafiq qaydada zəmanət verildikdən sonra muxtar respublikada satışa buraxılır və Bakı şəhərinə göndərilir. Bu il isə məhsulun Türkiyə Respublikasına ixrac olunması nəzərdə tutulub.
Bəli, məhz keyfiyyət amilinə göstərilən diqqətin, alınan nəticənin bəhrəsidir ki, ötən il 17 min 373, 4 dekalitr – 965 min 271 manatlıq məhsul satılıb. Eləcə də müəssisənin məhsulları Bakı şəhərində, Almaniyada qida sərgisinə çıxarılıb. 2013-cü ildə isə müəssisə Gəncə şəhərində keçirilən “II Gəncə Beynəlxalq Şərab Festivalı”nda 36 ölkədən 160-dan çox xarici qonağın, müxtəlif şərabçılıq şirkətlərində çalışan istehsalçıların iştirak etdikləri festivala qatılaraq diploma layiq görülüb.
Hansı müəssisədən söhbət açırıqsa, orada bir amil diqqət çəkir. Muxtar respublika sakinlərinin məşğulluğunda oynadığı rol. Bəli, yerli istehsalın inkişafı daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətində bu gün 25 nəfərin çalışması bu sayda ailənin dolanışığı deməkdir.

 Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR