Ötən il Şahbuz rayonunda quruculuq tədbirlərinin geniş vüsət alması daha çox investisiya qoyuluşuna səbəb olub, 2016-cı ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşunun həcmi 1,2 faiz artaraq 29 milyon 768,9 min manat təşkil edib.
Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyaların həcmi 1,8 faiz artaraq 26 milyon 306 min manata çatıb. Bəhs olunan dövrdə 168 yerlik Daylaqlı kənd tam orta məktəbi, kənd və xidmət mərkəzləri, Kiçikobada kənd və xidmət mərkəzləri istifadəyə verilib, hər iki kənddə kənddaxili yollara asfalt örtük salınıb, küçələrin işıqlandırılması təmin olunub.
Qeyd edək ki, Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün inşa edilən inzibati binada, eləcə də Kolanı kəndində 360 şagird yerlik məktəb binasında tikinti işləri başa çatdırılıb. Hazırda bu obyektlərdə son tamamlama işləri görülür. Bundan başqa, Kükü, Güney Qışlaq, Şahbuzkənd, Keçili kəndlərinin yollarında təmir işləri aparılıb. Daylaqlı kəndində 3,5 kilometr, Kiçikoba kəndində isə 3,6 kilometr məsafədə kənddaxili yollara asfalt salınıb.
Rayonda enerji təminatını daha da yaxşılaşdırmaq məqsədilə iki transformator quraşdırılıb, 22 abunəçinin evinə yeni elektrik xətti çəkilib. Quruculuq tədbirləri qaz və rabitə təsərrüfatlarını da əhatə edib. 30 abonent yeni qaz xətti ilə təchiz olunub, 81 telefon xətti çəkilib.
Son illər rayonun sosial-iqtisadi inkişafı bölgədə fərdi yaşayış evlərinin artmasına səbəb olur. Bəhs olunan dövrdə əhalinin şəxsi vəsaiti hesabına 16 yeni fərdi ev tikilib.
Xəbərlər şöbəsi