Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul olunan dövlət proqramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, aqrar sahədə müasir infrastrukturun yaradılması kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə də əkinçiliyin inkişafına əlverişli şərait yaratmış, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olmuşdur.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi də muxtar respublikada əhalinin keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə təminatına imkan verir. Dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası 2016-cı ildə davam etdirilmiş, muxtar respublikanın torpaq iqlim şəraitinə uyğunlaşmış, yüksək məhsuldarlığa malik 372 meyvə sortunun və “Araz” Elm-İstehsalat Birliyinin kolleksiya bağında 54 üzüm sortunun genetik fondu toplanmışdır. Həmin sortların çoxaldılaraq torpaq mülkiyyətçilərinə paylanması və yeni bağların salınması ilə əlaqədar işlər aparılmışdır. Bu dövrdə tərəvəz əkini sahələrinin genişləndirilməsinə də diqqət artırılmış, muxtar respublikada 2015-ci illə müqayisədə 2016-cı ildə kartof əkini 2,9 faiz, tərəvəz əkini isə 0,3 faiz artmışdır.
Meyvəçiliyin və tərəvəzçiliyin inkişafında vacib məsələlərdən biri də müasir meliorasiya və irriqasiya sistemlərinin qurulmasıdır. Ötən il bu sahədə bir sıra tədbirlər görülmüş, Kəngərli rayonunun Böyükdüz və Xok kəndləri ərazisində 117 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsi, Babək rayonunun Kərimbəyli və Kültəpə kəndlərində 217 hektar torpaq sahəsini əkin dövriyyəsinə qatan suvarma şəbəkəsi istifadəyə verilmiş, Şərur rayonunun Ələkli kəndinə Arpaçay sol sahil kanalından ümumi uzunluğu 3 kilometr olan yeni suvarma boru xətti çəkilmiş, 589 hektar ərazinin su təminatı yaxşılaşdırılmışdır. Bundan başqa, Uzunoba gölünə su aparan kanalda yenidənqurma, Şıxmahmud-Xəlilli kanalında təmir işləri aparılmış, muxtar respublika üzrə 29 kilometr beton kanal və 94 kilometr ara arxları lildən təmizlənmişdir. Yaşıllıqların suvarılması üçün Şərur, Babək, Şahbuz, Culfa, Ordubad, Sədərək və Kəngərli rayonları ərazilərində müxtəlif diametrli borularla, ümumilikdə, 34 kilometr suvarma xətti çəkilmiş və mövcud olanlar təmir edilmişdir.
Son illər muxtar respublikada yeni soyuducu anbarların istifadəyə verilməsi əhalinin qış aylarında yerli meyvə və tərəvəz məhsulları ilə təminatına şərait yaradır. Ötən il muxtar respublikada dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına hüquqi və fiziki şəxslər tərəfindən ümumi tutumu 1750 ton olan 6 soyuducu anbar yaradılmışdır. Həmçinin muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin stimullaşdırılması məqsədilə kənd təsərrüfatında istifadəsinə icazə verilən üzvi və qeyri-üzvi vasitələrin, o cümlədən tinglər və şitillərin idxalının rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq sadələşdirilmiş və güzəştli qaydada həyata keçirilmişdir.
Qeyd olunan dövrdə əkinçilik üçün yararlı olmayan torpaq sahələrində meliorativ tədbirlərin görülməsi və yeni meyvə bağlarının salınması da diqqətdə saxlanılmışdır. Belə ki, Kəngərli rayonu ərazisində torpaq örtüyünün dəyişdirilməsi və əraziyə kənardan münbit humus qatlı torpaq örtüyü gətirilməklə, torpaqda münbit şərait yaradılmış və eyni zamanda əraziyə mütərəqqi damcılı suvarma sistemləri çəkilməklə 50 hektar sahədə püstə bağı salınmışdır. Püstə bağının ətrafındakı 4 hektar sahədə isə tarla qoruyucu yaşıllıq zolağı yaradılmışdır. Ümumilikdə, ötən il kənd təsərrüfatına yararsız 118 hektar torpaq sahəsində meyvə bağları və yaşıllıq zolaqları salınmışdır. Həmçinin dövlət proqramına uyğun olaraq Naxçıvançay, Əlincəçay və Gilançay vadilərində 44 hektardan artıq sahədə, Arazboyu düzənlik ərazilərində isə 48 hektar sahədə meyvə bağları, 4,5 hektarda isə üzüm bağı salınmışdır. Bu dövrdə tingçiliyin inkişafı da diqqətdə saxlanılmış, Şərur rayonunda iki sahibkar tərəfindən 4 hektar, Babək rayonunda bir sahibkar tərəfindən 0,5 hektar sahədə müxtəlif meyvə növlərinin məhsuldar sortlarından tinglər yetişdirilmiş, ümumilikdə, təsərrüfatlarda 87 min ədəd tingin satışı həyata keçirilmiş, 73 min meyvə tingi isə əkin üçün hazır vəziyyətə gətirilmişdir.
Kənd təsərrüfatı məhsullarının kütləvi istehsalı dövründə sağlam rəqabət mühitinin yaradılması, daxili bazarın kеyfiyyətsiz məhsullardan qorunması və istеhlakçıların hüquqlarının qorunması istiqamətində monitorinqlər aparılmış, yеrli məhsulların satışına üstünlük vеrilməsi məqsədilə sahibkarlar maarifləndirilmiş və onlara ticarət qaydalarının tələblərinə əməl еtmələri üçün müvafiq tövsiyə və tapşırıqlar vеrilmişdir. Əhalinin ucuz və keyfiyyətli məhsullarla tələbatının ödənilməsi məqsədilə Naxçıvan şəhərində və rayon mərkəzlərində həftənin şənbə və bazar günləri kənd təsərrüfatı, emal sənayеsi məhsullarının satışı yarmarkası təşkil olunmuş, yarmarkalarda 56 yerli məhsul istehsalçısı tərəfindən əhaliyə 116 adda, 236 çeşiddə məhsul bazar qiymətlərindən 10-30 faiz ucuz qiymətə təklif olunmuşdur.
Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına son illər muxtar respublika üzrə üzümçülüyün inkişaf etdirilməsi məqsədilə 8 layihənin maliyyələşdirilməsinə 179 min manat, 64 layihə üzrə meyvəçilik təsərrüfatlarının yaradılmasına 1 milyon 308 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Muxtar respublikanın kənd təsərrüfatı sektorunda ixraca yönəlik məhsulların istehsalının təşkili sahəsində müvafiq monitorinq, müşahidələr və marketinq araşdırmaları aparılmışdır. Kənd təsərrüfatı məhsullarının rayon və kənd yerlərində qəbulunun təşkili, soyuducu kameralarda saxlanması üçün texnologiyaların mənimsənməsi, meyvə-tərəvəzin ilkin emalı və çeşidləndirilməsi üçün zəruri infrastrukturların yaradılması, eləcə də markalanma və qablaşdırılmasının yerinə yetirilməsi üçün optimal avadanlıqların müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Meyvə qurudulması, o cümlədən göycənin qurudulması, qablaşdırılması və lavaşa istehsalı ilə bağlı layihələr hazırlanmış, sahibkarlarla görüşlərdə təqdimatı keçirilmiş və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının rəsmi internet səhifəsində yerləşdirilmişdir.
2016-cı ildə fermer və sahibkarların maarifləndirilməsi məqsədilə Naxçıvan Televiziyasında və Naxçıvan Dövlət Radiosunda, “Naxçıvanın səsi” radiosunda verilişlər hazırlanmış, “Şərq qapısı” və rayon qəzetlərində məqalələr dərc edilmişdir. Aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən isə sığorta işinin əhəmiyyəti mövzusunda torpaq mülkiyyətçilərinin iştirakı ilə rayon, qəsəbə və kəndlərdə müvafiq seminarlar keçirilmişdir. Geni dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş məhsulların muxtar respublikaya idxalına yol verilməməsi barədə xarici iqtisadi fəaliyyətlə məşğul olan biznes subyektləri ilə görüşlər keçirilmişdir. Bununla yanaşı, üzərində geni dəyişdirilmiş məhsul olması haqqında məlumatlar olan mallara nəzarət gücləndirilmişdir. Naxçıvan Gömrük Ekspertizası İdarəsində genetik modifikasiya olunmuş məhsulların analizinin aparılması üçün müvafiq avadanlıqlar alınmış, qida məhsullarında gen dəyişikliyinin öyrənilməsinə başlanılmışdır. Naxçıvan Gömrük Ekspertizası İdarəsi tərəfindən daha çox geni modifikasiya olunması ehtimalı olan məhsulların siyahısı hazırlanaraq gömrük sərhəd-buraxılış məntəqələrinə göndərilmişdir.
Dövlət proqramına uyğun olaraq muxtar respublikada şoranlaşmış və qrunt sularının üzə çıxması nəticəsində əkin dövriyyəsindən çıxmış torpaq sahələri müəyyənləşdirilmişdir. Həmin sahələrin əkin dövriyyəsinə qaytarılması və bu prosesin qarşısının alınması üçün torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri aparılmış, Şərur, Culfa, Babək, Sədərək rayonlarında bataqlaşan və şoranlaşan torpaq sahələrində 37 kilometr kollektor, 9 kilometr açıq drenaj lildən təmizlənmiş, 2 kilometr yeni açıq drenaj tikilmişdir.
2016-cı ildə muxtar respublika üzrə 975 hektar yonca sahəsində fitanomus zərərvericisinə, 1603 hektar taxıl və cavan meyvə bağlarında siçanabənzər gəmiricilərə qarşı, 374 hektar kartof sahəsində kolorado kartof böcəyinə qarşı, 11215 hektar taxıl sahəsində alaq otlarına qarşı, eləcə də 11 hektar sahədə bəzək bitkilərinin zərərverici və xəstəliklərinə qarşı kimyəvi mübarizə tədbirləri aparılmışdır. Bununla yanaşı, arpa, qarğıdalı, kartof, paxlalı, tərəvəz, xaşa, şənbəllə və günəbaxan toxumlarından nümunələr götürülərək analiz edilmişdir.
Kənd təsərrüfatı məhsullarının tədarükü, satışı və emalı üzrə cəmiyyət və birliklərin yaradılması istiqamətində də işlər görülmüş, “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” və “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli cəmiyyətləri təsis edilmiş, “Naxçıvan Muxtar Respublikası İstixanaçıları” İctimai Birliyi yaradılmışdır. Muxtar respublikada kommersiya baxımından əhəmiyyət kəsb edən iqtisadi əhəmiyyəti olan meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanması və realizasiyası imkanlarının qiymətləndirilməsi ilə bağlı təhlillər də aparılmışdır. Qonşu ölkələrdə, o cümlədən Türkiyə Respublikasında fermer birliklərinin yaradılmasında tətbiq olunan təcrübələr öyrənilmiş, istehsalçı birliklərin və fermer kooperativlərinin idarəetmə təcrübələri araşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti