23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızın elektroenergetika sisteminin yenidən qurulması istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. Bunlarla bağlı ətraflı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərovla görüşüb həmsöhbət olduq: 

– Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində hansı işlər görülüb?
– Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyası bu gün uğurla davam etdirilir. Elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev 2005-ci il mayın 2-də “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası muxtar respublikada da uğurla həyata keçirilib. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla işləmə rejiminə keçməsi təmin olunub, 220 kilovoltluq “Babək” yarımstansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilib və sonrakı mərhələlərdə bu istiqamətdə kompleks işlər davam etdirilib.

Son illər muxtar respublikanın mövcud hidroenerji potensialından səmərəli istifadə olunmaqla ekoloji təmiz və iqtisadi cəhətdən daha səmərəli olan su elektrik stansiyaları tikilib. 2006-cı ilin deka­brında Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ilin ok­tyabrında Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə isə Şərur rayonu ərazisində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istismara verilib.
– Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı hansı layihələr həyata keçirilir?
– Əlverişli coğrafi mövqe və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq, 2015-ci il dekabrın 1-də Babək rayonunun Xal-xal kəndi yaxınlığında 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilib. Burada işlər Belçika Krallığının “Soltech” şirkəti tərəfindən həyata keçirilib. Stansiyada 78 min 684 ədəd ən müasir “şüşə-şüşə” tipli Günəş panelləri, onlar üçün dayaqlar və 11 elektrik yarımstansiyası quraşdırılıb.
Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyinin balansında olan 8 elektrik stansiyasından 6-sı son 20 ildə istismara verilib. 1970-ci ildən istismar olunan 22 meqavat güclü Araz Su Elektrik Stansiyası nəzərə alınmaqla istehsal gücü 206 meqavat olan elektrik stansiyalarında hazırda tələbata uyğun olaraq, 80-90 meqavat gücündə elektrik enerjisi istehsal edilir.
Yaz-yay aylarında nasos stansiyalarının işləməsi ilə əlaqədar olaraq, muxtar respublikamızın elektrik enerjisinə tələbatı 80-85 meqavat, qalan aylarda isə 45-50 meqavat olur. Yaz aylarında su elektrik stansiyalarında 60-68 meqavata qədər elektrik enerjisi istehsal edilir.
Göründüyü kimi, muxtar respublikanın elektrik enerjisi ilə təminatına möhkəm zəmin yaradılıb. İstehsal olunan elektrik enerjisi nəinki daxili tələbatı ödəyir, hətta onu ixrac etməyə imkan verir.
2016-cı ildə Dövlət Energetika Agent­liyinin elektrik stansiyalarında cəmi 437 milyon 917 min kilovat-saat elektrik enerjisi istehsal edilərək elektrik şəbəkələrinə ötürülüb. Bunun 204 milyon 321 min kilovat-saatı və ya 46,7 faizi su elektrik stansiyalarında, 203 milyon 939 min kilovat-saatı və ya 46,6 faizi istilik elektrik stansiyalarında, 29 milyon 657 min kilovat-saatı və ya 6,7 faizi Günəş Elektrik Stansiyasında istehsal edilib. Alternativ və bərpa olunan elektrik stansiyalarında elektrik enerjisi istehsalı ümumi istehsalın 53,4 faizini təşkil edib. Bu göstərici çox nadir hesab olunur. Dünya ölkələri içərisində alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal olunan enerjinin miqdarı ümumi istehsalın 50 faizdən çoxunu təşkil edən cəmi bir neçə ölkə mövcuddur.
– Yaxın gələcəkdə elektrik enerjisinə olan tələbatın tamamilə alternativ və bərpa olunan enerji ehtiyatları hesabına ödənilməsi mümkün olacaqmı?
– Enerji təhlükəsizliyini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il yanvar ayının 11-də muxtar respublikamıza səfəri çərçivəsində Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib, muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək deyib: “Ordubad rayonunda elektrik stansiyasının təməli qoyuldu. Bu, çox böyük layihədir, böyük stansiya olacaq, 36 meqavat gücündə su elektrik stansiyası tikiləcək. Bu, Naxçıvan Muxtar Respublikasının iqtisadi və enerji potensialını böyük dərəcədə gücləndirəcək”.
Ordubad Su Elektrik Stansiyasında layihəyə uyğun olaraq, Araz çayının qarşısına uzunluğu 235 metr, hündürlüyü 12 metr olan dəmir-beton sipər çəkiləcək, 1 milyon 500 min kubmetr su tutumu olan anbar yaradılacaq. Yığılan su uzunluğu 100, eni 20 metr olan 3 çökəltmə hovuzuna buraxılacaq. Lildən təmizlənmiş su uzunluğu 12 min 738 metr, eni 12, hündürlüyü 7,5 metr olan və saniyədə 126,6 kubmetr su apara biləcək dördbucaq şəkilli dəmir-beton kanalla uzunluğu 95, eni 50, orta hündürlüyü 16,84 metrlik yükləmə hovuzuna daxil olacaq. Yükləmə hovuzundan suyun stansiyaya təzyiqlə ötürülməsi üçün diametri 3,9, uzunluğu 320 metr olan 3 metal boru xətti çəkiləcək. Eni 26,5, hündürlüyü 37,4, uzunluğu 70,2 metr dəmir-betonla qurulan elektrik stansiyasında Avropa istehsalı olan hesabat təzyiqi 33,71 metr, hesabat sərfi saniyədə 42,2 kubmetr, hər birinin gücü 12 meqavat olan şaquli françesktipli 3 ədəd turbin və hər birinin gücü 16 meqavolt-amper, gərginliyi 10,5 kilovolt olan 3 ədəd generator, balıq­ötürən və sutullayıcı qurğu quraşdırılacaqdır. Stansiyada istehsal olunacaq elektrik enerjisinin mövcud elektrik şəbəkəsinə ötürülməsi üçün 2 ədəd hər birinin gücü 50 meqavolt-amper olan 115/10,5 kilovoltluq transformator yarımstansiyası quraşdırılacaq və Ordubad Su Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin Naxçıvan Modul Elektrik Stansiyası vasitəsilə şəbəkələrə ötürülməsi üçün uzunluğu 75 kilometr olan 110 kilovoltluq elektrik verilişi xətti çəkiləcək.
Bundan başqa, artıq 14 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının texniki-iqtisadi əsaslandırılması və ilkin layihə sənədləri hazırlanıb. Eyni zamanda 2017-ci ildə Günəş Elektrik Stansiyasının gücü 2 meqavat artırılacaqdır. Bunun üçün xarici şirkətlə müqavilə bağlanılıb, işlərə başlanılıb. Cari ilin iyul ayında işlərin yekunlaşdırılması nəzərdə tutulur. Araz Su Elektrik Stansiyasında 2 nömrəli turbinin əsaslı təmiri, Modul Elektrik Stansiyasında isə 4 aqreqatın 48 min saatlıq işləmədən sonra planlı təmiri həyata keçiriləcəkdir.
Culfa rayonunda külək elektrik stansiyasının tikintisi üçün ötən il ölçü qurğuları alınıb və quraşdırılıb. Bir il ölçü aparıldıqdan sonra 2017-ci ilin avqust ayında bu ərazidə hansı gücdə və sayda külək enerjisi qurğuları qoyulmasının əsaslandırılması mümkün olacaqdır.
Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, muxtar respublikanın elektrik enerjisinə olan tələbatının alternativ və bərpa olunan enerji ehtiyatları hesabına 100 faiz ödənilməsi mümkün olacaq və yaxın gələcəkdə muxtar respublikamız daha çox elektrik enerjisi ixrac edəcək.
– İstehsal olunan elektrik enerjisinin minimum itki ilə abonent­lərə çatdırılması və səmərəli istifadə olunması istiqamətində hansı işlər görülür?
– Muxtar respublikada istehsal olunan elektrik enerjisinin istehlakçılara fasiləsiz və keyfiyyətli çatdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib, yeni transformator yarımstansiyaları tikilib, mövcud olanlar yenidən qurulub. Son illər “Culfa”, “Sədərək”, “Çeşməbasar”, “Xal-xal”, “Koroğlu”, “Xalçaçılıq”, “Şərur”, “Naxçıvan”, “Ordubad”, “Qıvraq” və “Nehrəm” transformator yarımstansiyaları müasir şəkildə yenidən qurularaq istifadəyə verilib.
İstehsal olunan elektrik enerjisindən səmərəli istifadə edilməsi və sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsində mühüm rol oynayan sayğacların quraşdırılması işi də diqqət mərkəzində saxlanılıb, vətəndaşların ev və mənzillərinə rəqəmsal elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib. Hazırda Naxçıvan şəhərində daha müasir, ön ödənişli, smartkarttipli sayğacların quraşdırılması davam etdirilir.
– Müsahibə üçün sağ olun.


Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR