Yanvarın 20-də Almaniyanın paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə – 2017” sərgisi işə başlayıb. 1926-cı ildən başlayaraq hər il keçirilən və Avropanın ən iri sərgisi olan “Beynəlxalq Yaşıl Həftə” sərgisində dünyanın 70-ə yaxın ölkəsindən 1500-dən çox şirkətin nümayəndələri iştirak edir.
Bu sərgi kənd təsərrüfatı və emal müəssisələrinin öz məhsullarını nümayiş etdirmək üçün ənənəvi bir forum olduğundan Azərbaycan 9-cu dəfədir ki, sözügedən sərgidə iştirak edir və 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycana aid pavilyonda Naxçıvanda fəaliyyət göstərən şirkətlərin məhsulları da nümayiş etdirilir. Sərgiyə 9 istehsalçı şirkətdən 18 növdə, 54 çeşiddə məhsul çıxarılıb.
Sərgidə iştirak edən İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudovla əlaqə saxladıq. O bildirdi ki, ilk günlərdən Naxçıvan məhsulları böyük maraq doğurub. “Beynəlxalq Yaşıl Həftə – 2017”də “Gəmiqaya Mineral Sular” MMC-nin və Babək “Sirab” ASC-nin mineral suları, “Cahan Çay” MMC-nin müasir şəkildə qablaşdırılan çayları, “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” MMC-nin şərabı, meyvə suları, halvası, “Şərur-3” MMC-nin spirtli içkiləri və likörü, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin vaflisi, lokumu və qənnadı məmulatları, “Naxçıvan Duz İstehsalı” MMC-nin duzu, Ordubadın mürəbbəsi, “Farma-Şah” MMC-nin dərman bitkilərindən hazırlanan çayları və kapsulları nümayiş olunur.
Yanvarın 28-nə qədər davam edəcək sərgi çərçivəsində iştirakçılara Naxçıvan Muxtar Respublikasının investisiya və biznes imkanları, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriləcək.
Sərgi iştirakçılarına muxtar respublika haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər də paylanılıb.
Xəbərlər şöbəsi