Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızda əkinçiliyin və heyvandarlığın inkişafına geniş imkanlar açılıb, sahibkarlara güzəştli şərtlərlə texnika, yanacaq, kredit, subsidiyalar, gübrə verilib, suvarma sistemlərinin təkmilləşdirilməsi üçün yeni infrastruktur yaradılıb. Məqsəd əksər kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməkdən ibarətdir. Bunun üçün möhkəm baza yaradılıb, yerli xammalla işləyən, nəinki daxili bazarı təmin edən, hətta xarici bazara çıxmaq imkanı olan rəqabətqabiliyyətli emal və sənaye müəssisələri həyata vəsiqə alıb. Təkcə bir faktı qeyd edək ki, 1996-cı ildə, ümumilikdə, 40 sənaye müəssisəsinin olduğu muxtar respublikamızda hazırda bu rəqəm 11 dəfə artaraq 442-yə çatdırılıb. Bu müəssisələrin də 311-i və ya 70 faizi tamamilə yerli xammaldan istifadə edərək fəaliyyət göstərir.
Bu il fevralın 11-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşdə deyib: “Bu gün dövlət orqanlarının sahibkarlığın inkişafına baxışı aydındır. Biz nə istəyirik? İstəyirik ki, sahibkarlar sinfi formalaşsın, sahibkarlığın inkişafı hesabına yeni iş yerlərinin açılması, keyfiyyətli məhsul istehsalı davam etdirilsin. Hər bir sahibkar da istəyər ki, sabitliyin təmin olunduğu yerdə fəaliyyət göstərsin. Bir sözlə, hər bir sahibkar məqsədyönlü fəaliyyəti ilə öz biznesinin və ölkə iqtisadiyyatının inkişafına töhfəsini verməlidir”.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, əhalini keyfiyyətli yerli məhsullarla təmin etməyin, yeni iş yerlərinin açılmasına nail olmağın əsas yollarından biri də bölgələrdə istehsal müəssisələrinin, fermer təsərrüfatlarının yaradılmasıdır. Beləliklə, həm yerli resurslardan istifadə edilməklə ekoloji təmiz məhsullar istehsal olunur, həm də yerlərdə əhalinin məşğulluğu təmin edilir. Odur ki, məsələn, Almaniya kimi Avropa ölkələrində kiçik sahibkarlığın inkişafına xüsusi fikir verilir. Naxçıvanda da kiçik sahibkarlığın inkişafına, kənd yaşayış məntəqələrində istehsal müəssisələrinin, fermer təsərrüfatlarının qurulmasına ciddi diqqət yetirilir. Bu il Biznes Mərkəzində sahibkarlarla keçirilən görüşdə yeni istehsal sahələrinin, təsərrüfatların qurulması üçün verilən kreditlərin, əsasən, kənd təsərrüfatı sahəsini əhatə etməsi də dediklərimizə misaldır. Kredit alaraq öz təsərrüfatını genişləndirməyə başlayan sahibkarlardan biri də Pərviz Məmmədovdur. Kəngərli rayonunun Çalxanqala kəndində fəaliyyət göstərən sahibkarla yaratdığı təsərrüfatda görüşüb həmsöhbət olduq. Müsahibim qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikamızda yaşayan insanlar sosial problemlər məngənəsində sıxılırdı. Kəskin kontinental iqlim şəraiti olan Naxçıvanın sərt soyuğundan qorunmaq üçün uzun illər ərzində ərsəyə gətirilən yaşıllıqlara, hətta meyvə bağlarına balta çalındı. Kəndli də əsas məşğuliyyətindən uzaq düşdü. Torpaqlar əkilib-becərilmədi.
Ölkəmizdə yaradılan sabitlik və iqtisadi inkişaf kəndlərimizə də yeni həyat bəxş edib. Son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərindən bizim kəndimizə də pay düşüb, müasir tələblərə cavab verən sosial obyektlər istifadəyə verilib, insanların firavan yaşaması üçün gözəl şərait yaradılıb. Çalxanqala kəndi də müasirləşən, yeniləşən yaşayış məntəqələrimizdən birinə çevrilib.
“Yaradılan şəraitdən bəhrələnməklə daxili bazarı yüksəkkeyfiyyətli yerli məhsullarla təmin etmək üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstəririk”, – deyən sahibkar onu da əlavə etdi ki, 2010-cu ildə Kəngərli rayonunda fermer təsərrüfatımızı yaratdıq. Çalxanqala kəndində yaradılan təsərrüfatımızın ümumi sahəsi 15 hektardır. İlk illərdə Sahibkarlığa Kömək Fondundan güzəştli şərtlərlə 30 min manat kredit götürərək 3,5 hektar ərazidə badam və ərik bağı, şəxsi vəsaitimiz hesabına üzüm bağı saldıq. İlk illərdən başlayaraq yüksək məhsuldarlığa və keyfiyyətli məhsul istehsalına nail olduq. Daha sonra məhsullarımızın satışından əldə etdiyimiz 10 min manat vəsait hesabına 70 baş xırdabuynuzlu və 6 baş iribuynuzlu olmaqla, heyvandarlıq təsərrüfatımızı yaratdıq. Hazırda təsərrüfatımızda 300 başdan çox xırdabuynuzlu heyvan bəslənilir. Heyvandarlıq təsərrüfatımızın yemə olan tələbatının ödənilməsi məqsədilə 8 hektar sahədə arpa əkini həyata keçirmişik. Hər il mövsümdə 2 hektar ərazidə tərəvəz əkini aparmaqla ucuz qiymətlərlə bazarlara məhsul çıxarırıq.
Təsərrüfatın yaradılmasının əhalinin məşğulluğuna da öz töhfəsini verdiyini bildirən sahibkar dedi ki, ailəmizin işçi qüvvəsindən əlavə 5 yeni iş yeri açılıb. Orta aylıq əməkhaqqı 300 manat olan işçilər pulsuz nahar yeməyi ilə təmin olunurlar. Təsərrüfatda yaradılan hər cür şərait məhsuldarlığın artırılmasına, mövsümi ekoloji təmiz məhsulların istehsalına imkan verir. Əhalinin tələbatının ödənilməsi məqsədilə yüksəkkeyfiyyətli məhsul istehsalına və həmin məhsulların xarici bazarlara çıxarılmasına nail olmaq əsas hədəfdir.
Sahibkarlara göstərilən qayğıdan bəhrələnərək bu ildən heyvandarlıq təsərrüfatının genişləndirilməsinə başlanılıb. Təsərrüfata əlavə 20 baş iribuynuzlu heyvanın alınması məqsədilə biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim edilib. Naxçıvan Biznes Mərkəzində sahibkarlarla keçirilən görüşdə 6 sahibkara, o cümlədən Pərviz Məmmədova güzəştli kreditin çeki təqdim olunub.
İnanırıq ki, kollektiv sahibkarlığın inkişafına göstərilən hərtərəfli qayğıdan və onların fəaliyyəti üçün yaradılan şəraitdən ruhlanaraq daxili bazarı yüksəkkeyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərəcəkdir.
Kərəm Həsənov