23 Dekabr 2024, Bazar ertəsi

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında da dinamik inkişafın möhkəm təməlini yaratmışdır. Bu işdə sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrasının böyük əhəmiyyəti olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sen­tyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” iqtisadi sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini genişləndirmiş, rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin yaradılmasına və nəticə etibarilə yeni iş yerlərinin açılmasına öz təsirini göstərmişdir.

 2016-cı ildə dövlət proqramında nəzərdə tutulan vəzifələrin icrası diqqətdə saxlanılmış, güzəştli şərtlərlə kreditlərin verilməsi davam etdirilmişdir. Muxtar respublikada həyata keçirilən kreditləşmə işində 2016-cı ildə Ali Məclis Sədrinin müvafiq Fərmanı ilə yaradılan “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti vəsaitləri hesabına verilən 4-8 faizli, uzunmüddətli kreditləri də qeyd etmək lazımdır. Belə ki, bu kreditlər muxtar respublikamızda əhalinin mənzil təminatını yaxşılaşdırmaqla bərabər, real sektorun da inkişafına xidmət edir. Sahibkarlığın inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmində özəl bölmənin payı 87 faizdən çoxdur. 

İqtisadi inkişafın əsas göstəricilərindən olan real sektorun inkişafı həm də bank-kredit müəssisələrinin səmərəli fəaliyyətindən asılıdır. Bu baxımdan 2016-cı ildə muxtar respublikada banklar tərəfindən 2160-ı hüquqi, 53 min 620-si fiziki şəxs olmaqla, 55 min 780 müştəriyə xidmət göstərilmişdir. Bu istiqamətdə görülmüş tədbirlər nəticəsində 2016-cı ildə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1202-yə çatdırılmışdır.
Sahibkarların hüquqlarının müdafiəsi və onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilmiş, 2016-cı ildə 11 sahibkarlıq subyekti “Nəzarət kitabçası” ilə təmin olunmuşdur. Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi tədbirləri çərçivəsində hesabat dövründə muxtar respublikada xüsusi fəaliyyət növləri üzrə 19 lisenziya verilmişdir.
Xarici iqtisadi əlaqələrin genişləndirilməsinə böyük diqqət və qayğının göstərilməsi, ixracın stimullaşdırılması sahəsində qəbul edilən qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanlarının artmasına, iqtisadi əlaqələrimizin daha da genişlənməsinə, məhsullarımızın dünya bazarlarına daha geniş çeşiddə çıxarılmasına zəmin yaratmışdır. Bu məqsədlə 2016-cı ildə ölkə daxilində və xaricdə keçirilən 16 biznes-forum, 2 beynəlxalq sərgidə 147 sahibkarlıq subyektinin iştirakı, eləcə də muxtar respublikada istehsal olunan qida və tikinti sənayesi məhsullarının nümayişi təmin edilmişdir. Bundan başqa, muxtar respublikada istehsal olunan məhsulların reklam və təşviqi işlərinin aparılması məqsədilə milli dəyərləri əks etdirən 484 əl işi və sənət əsərinin, həmçinin 37 ixrac potensiallı müəssisəyə aid ərzaq və qeyri-ərzaq olmaqla, 339 çeşiddə məhsulun kataloqu hazırlanmışdır.
İxracyönümlü məhsul istehsalının standartların tələbləri səviyyəsində olması vacib məsələdir. Dövlət pro­qramında bu sahədə nəzərdə tutulan vəzifələr 2016-cı ildə yerinə yetirilmiş, 13 yerli istehsalçı şirkət beynəlxalq GS1 sisteminə daxil edilmiş, 96 yeni ştrixkod verilmiş, ümumilikdə, ştrixkod verilən məhsulların sayı 3493-ə çatdırılmışdır.
Muxtar respublika əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında əsas ərzaq məhsullarının keyfiyyətinə nəzarət edilməsi mühüm yer tutur. Bu məqsədlə yüksək maddi-texniki bazaya və kadr potensialına malik müasirtipli laboratoriya yaradılmışdır. Bundan əlavə, Latviya Milli Akkreditasiya Bürosunun ekspertləri Mərkəzi Qida Sınaq Laboratoriyasında olmuş, akkreditasiya sənədləşməsi və analizlər üzrə yoxlamalar apararaq laboratoriyanın beynəlxalq akkreditasiyanın tələblərinə uyğunluğunu müsbət qiymətləndirmişlər. Görülən işlərin nəticəsi olaraq Beynəlxalq Akkreditasiyadan keçmiş Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən verilən keyfiyyət sertifikatları ilə ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılmasına şərait yaranmış, ixrac olunan məhsullara 115 mənşə sеrtifikаtı vеrilmişdir.
Xalqımıza məxsus adət-ənənələrin, xalq yaradıcılığı nümunələrinin, eləcə də minilliklər boyu formalaşmış milli dəyərlərin bərpası, qorunması və gələcək nəsillərə ötürülməsinə muxtar respublikamızda xüsusi önəm verilir, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. 2016-cı ildə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 14 fiziki şəxsdən sərgi-satış məqsədilə 9 min 527 manat dəyərində 204 əl işi və sənət əsəri qəbul edilmiş, 6 min 794 manat dəyərində 97 əl işi və 5 min 600 manat dəyərində 27 xalça satılmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsində hazırlanmış 1400 manat dəyərində 13 ədəd əl işinin və sənət əsərinin isə sərgi-satışı keçirilmişdir.
Son dövrlərdə Naxçıvanda çoxsaylı yüngül və yeyinti sənayesi məhsullarını və tikinti materiallarını istehsal edən müəssisələr, geniş emal sənaye sahələri yaradılmışdır. Qida sənaye müəssisələrinin istehsal gücləri nəzərə alınmaqla bilavasitə kənd və qəsəbələrdə inşa edilmişdir. Bu da kənd əhalisinin işlə təminatına əlavə imkanlar açır, istehsal müəssisələri yerli xammalla təchiz edilir. Yerli xammaldan istifadə olunması sənaye məhsullarının qiymətlərinin də bazarın tələbatına uyğun olaraq tənzimlənməsinə imkan verir. Ötən il muxtar respublikada bal, pendir və yabanı tərəvəz məhsullarının qablaşdırılması, mebel, qapı-pəncərə, avtomobil şinlərinin üzlənməsi, çörək istehsalı, unlu-qənnadı məmulatları, taxıl emalı sahələri olmaqla, ümumilikdə, 49 sahənin yaradılması başa çatdırılmışdır.
Son illər muxtar respublika iqtisadiyyatında müşahidə olunan sabit artım tempi əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və səmərəli məşğulluğun təşkili üçün də əlverişli şərait yaratmışdır. Bu istiqamətdə aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, 2016-cı ildə 3 mindən artıq yeni iş yeri açılmışdır ki, bunun da 98 faizi daimi iş yerləridir.
Naxçıvan Muxtar Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar sektorda ötən illər ərzində aparılan köklü islahatlar bu sahənin daha da sürətli inkişafına əlverişli zəmin yaratmışdır. Kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq və istehsalın rəqabət qabiliyyətliliyini artırmaq məqsədilə toxum, yanacaq və sürtkü materialları, mineral gübrə və damazlıq mal-qara alışına subsidiyalar verilməkdədir. Aparılmış genişmiqyaslı işlərin, ardıcıl siyasətin nəticəsində artıq muxtar respublikada, demək olar ki, bütün əsas kənd təsərrüfatı məhsulları üzrə daxili tələbat nəinki tam ödənilir, hətta bəzi məhsullar ölkəmizin və yaxın xarici dövlətlərin bazarlarına da çıxarılır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2016-cı ildə 66 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilmiş, əvvəlki dövrdə gətirilənlərlə birlikdə 102 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq güzəştli şərtlərlə lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Bundan əlavə, məhsul istehsalçıları 4 min 923 tondan çox mineral gübrə ilə təmin edilmişdir.
Baytarlıq xidmətinin əhatə dairəsini genişləndirmək və keyfiyyətli heyvandarlıq məhsullarının istehsalına nail olmaq məqsədilə 2016-cı ildə bir sıra işlər görülmüş, Şərur rayonunun Oğlanqala, Arbatan, Culfa rayonunun Gülüstan, Saltaq, Babək rayonunun Məzrə, Hacıvar, Xəlilli, Ordubad rayonunun Baş Dizə, Şahbuz rayonunun Daylaqlı, Kiçikoba və Kəngərli rayonunun Yurdçu kənd­lərində baytarlıq məntəqələri istifadəyə verilmişdir.
Aqrar sahənin inkişafında meliorativ tədbirlər xüsusi önəmə malikdir. Muxtar respublikada müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması su itkisini aradan qaldırmaqla bərabər, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına da şərait yaratmışdır. Mütərəqqi suvarma şəbəkələrinin qurulması və yeni su xətlərinin çəkilməsi nəticəsində 2016-cı ildə muxtar respublikada 923 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır.
Ümumilikdə, ötən il kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə muxtar respublikada 6 heyvandarlıq, bir quşçuluq, bir balıqçılıq, 6 soyuducu anbar və 3 istixana təsərrüfatı fəaliyyətə başlamışdır. Bütün bunların nəticəsidir ki, son illər güzəştli kreditlər hesabına 235 heyvandarlıq, 64 quşçuluq təsərrüfatı, 15 balıqçılıq, 102 arıçılıq, 196 hektar sahədə 64 bağçılıq, 10 hektar sahədə 8 üzümçülük təsərrüfatı, ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar, sahəsi 127 min 162 kvadratmetr olan 21 istixana kompleksi və digər müasir müəssisələr yaradılmışdır.
Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, yolların abadlaşdırılması, təbii qazın, elektrik enerjisinin davamlı verilməsi, bütün kəndlərin telefonlaşdırılması kənddə şəhər rahatlığını yaratmışdır. Artıq muxtar respublikada kənd yaşayış məntəqələrinin əksəriyyətində nümunəvi kənd mərkəzləri salınmışdır. 2016-cı ildə muxtar respublikanın rayon mərkəzlərində, qəsəbə və kənd­lərində 212 infrastruktur obyekti istifadəyə verilmişdir. 49 infrastruktur obyektinin inşası davam etdirilir.
Muxtar respublikanın şəhər və rayonlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olmuşdur. Bu inkişafın nəticəsidir ki, 2016-cı ildə 256 müxtəlif təyinatlı obyekt, o cümlədən 18 təhsil, 13 səhiyyə, 5 idman, 29 mədəniyyət müəssisəsi, 13 kənd və 14 xidmət mərkəzi, 2 ictimai yaşayış binası tikilərək istifadəyə verilmiş, 9 yaşayış binasında yenidənqurma və əsaslı təmir işləri aparılmışdır. Ötən il Naxçıvanda müasir yol-nəqliyyat sisteminin qurulması məqsədilə 62 kilometr uzunluğunda avtomobil yolları salınmış, 5 körpü tikilmiş və ya əsaslı təmir olunmuş, Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qaraj, Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb terminalı” istifadəyə verilmiş, Babək rayonunun 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulmasının ikinci mərhələsi başa çatdırılmışdır. Bundan başqa, 2016-cı ildə Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlamış, bu məqsədlə 3 sərnişin vaqonu gətirilmiş, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.
Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi sahəsində görülən işlər insanların informasiyaya olan tələbatının dolğun ödənilməsinə, xidmətin keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Görülən işlərin nəticəsidir ki, muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidməti yaradılmış, 102 kilometr məsafədə fiber-optik kabel xətti çəkilmişdir. 2016-cı ildə “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi əhalinin elektron xidmətlərə çıxışını, sürətli internetdən istifadə imkanlarını daha da yaxşılaşdırmışdır.
Naxçıvanda yeni texnologiyalar iqtisadiyyatın bütün sahələrində tətbiq olunur. Muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. 2016-cı ildə Naxçıvanda Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilmiş, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kompüter şəbəkəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının Hökumət Ödəniş Portalına qoşulmasından sonra bu sistemə daxil olmuş bütün bank-maliyyə sektorunun və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılmasına başlanılmışdır. Muxtar respublikada poçt xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması istiqamətində də tədbirlər görülmüş, 10 yeni poçt bölməsi istifadəyə verilmişdir.
Əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması muxtar respublikamızda irriqasiya sahəsində görülən əsas işlərdəndir. Belə ki, ötən il Naxçıvan şəhərinin Tumbul, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilmiş, çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilmişdir. Muxtar respublikanın rayonları üzrə 56,9 kilometr uzunluğunda içməli su xətləri çəkilmiş, 76,6 kilometr uzunluğunda içməli su xətləri təmir olunmuşdur. Bundan başqa, 15 kəhrizin təmiri başa çatdırılmış, 5 kəhrizin təmiri davam etdirilmiş, 68,2 kilometr uzunluğunda sugətirici kanallar yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 127,9 kilometr uzunluğunda kanallar lildən təmizlənmiş, 4 subartezian quyusu tikilmiş, 4 subartezian quyusu isə bərpa olunmuşdur.
Uzunmüddətli fasilədən sonra muxtar respublikada istehlakçıların, xüsusilə əhali təsərrüfatlarının təbii qazla təminatı iqtisadi inkişafa mühüm töhfə vermişdir. Artıq əhalinin və təsərrüfat subyektlərinin qazla təchizatı prosesi başa çatdırılmış, bütün mənzillərdə qaz sayğacları quraşdırılmışdır. 2016-cı ildə istehlakçılarda olan qaz sayğaclarının smartkarttipli elektron sayğaclarla əvəz olunması üçün 13 min 621 sayğac sifariş verilmiş, sayğaclardan 13 min 528 ədədi istehlakçılarda olan qaz sayğacları ilə əvəz olunmuşdur.
Sosial sahələrin inkişafı da ötən il diqqət mərkəzində saxlanılmışdır. Bu dövrdə 460 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində, 16 nəfərə isə Ahıllar evində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 282 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 365 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 330 sakin sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 340 şəxsə protez-ortopedik xidməti göstərilmiş, 278 şəxs texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur. Sağlamlıq imkanları məhdud 11 muxtar respublika sakininin xaricdə, 49-nun ölkə daxilində müalicəsinə, 64-nün isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir. Sosial qayğıya ehtiyacı olan 4 şəhid ailəsinə və sağlamlıq imkanları məhdud 7 Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzil, 2 şəxsə isə minik avtomobili verilmişdir.
Ekoloji siyasətin əhəmiyyəti nəzərə alınaraq ötən il ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə olunması istiqamətində fəaliyyət də uğurla davam etdirilmişdir. 2016-cı ildə 546 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri aparılmış, 452 minə yaxın ağac və bəzək kolları əkilmişdir.
Proqramın uğurlu icrası nəticəsində elmi-tədqiqat işlərinin müasir tələblər səviyyəsində yerinə yetirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin maddi-texniki bazası gücləndirilmiş, alim və tədqiqatçılar üçün hərtərəfli iş şəraiti yaradılmışdır. Bu sahədə görülən işlərin davamı olaraq bölmənin Təbii Ehtiyatlar İnstitutunun Seysmoloji Xidmət Mərkəzi istifadəyə verilmişdir.
Nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin sənaye üsulu ilə hazırlanması məqsədilə muxtar respublika üzrə əhalisi 5 mindən çox olan kənd yaşayış məntəqələrində mövcud olan nəqliyyat infrastrukturu obyektləri naturada dəqiqləşdirilərək ünvan xəritələri hazırlanmışdır.

Bir sözlə, 2016-cı ildə “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası ölkəmizin ümumi inkişafında Naxçıvan Muxtar Respublikasının imkanlarını daha da genişləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR