Muxtar respublikada təhsilin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Hər bir kənddə, yaşayış məntəqəsində yeni məktəb binaları tikilir, təhsilin müasir dövrün tələbləri səviyyəsində təşkili üçün hərtərəfli şərait yaradılır.
Yeniyetmə və gənclərin təhsili üçün yaradılan imkanlar mühüm strateji məqsədə xidmət edir. Belə ki, təhsil olmadan savadlı, hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirmək mümkün deyil. Məhz bu səbəbdən bu gün nəinki Naxçıvan şəhərində, hətta ən ucqar dağ və sərhəd kəndlərində də müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar və idman zalları ilə təmin olunmuş məktəb binaları tikilib istifadəyə verilir. Bu tədbirlərin davamı olaraq ötən il Şərur rayonunun Oğlanqala kəndində 576, Arbatan kəndində 234, Babək rayonunun Yarımca kəndində 342, Məzrə kəndində 270, Xəlilli kəndində 144, Ordubad rayonunun Baş Dizə kəndində 156, Culfa rayonunun Saltaq kəndində 306, Xanəgah kəndində 198, Gülüstan kəndində 156, Kəngərli rayonunun Şahtaxtı kəndində 594, Yurdçu kəndində 270, Şahbuz rayonunun Daylaqlı kəndində 168 şagird yerlik olmaqla, ümumilikdə, 3414 şagird yerlik 12 məktəb binası istifadəyə verilib. Bundan başqa, 380 şagird yerlik Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin, Naxçıvan Dövlət Texniki Kollecinin və Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin binaları da yenidən qurularaq gənc nəslin istifadəsinə verilib. Naxçıvan şəhərində 640 şagird yerlik 3 nömrəli tam orta məktəbdə yenidənqurma işləri başa çatdırılıb. Bu ilin yanvar ayında həmin məktəb müəllim və şagirdlərin istifadəsinə verilib.
Təhsilə göstərilən qayğı, yaradılan şərait bəhrəsiz qalmır. Hər il ali məktəblərə sənəd verən abituriyentlərin yüksək nəticə göstərmələri qeyd olunanların əyani sübutudur. Belə ki, 2016-cı ildə qəbul imtahanlarında iştirak edən məzunlardan 1737-si ali məktəblərin, 567-si isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Ali məktəblərə qəbul olunan məzunlardan 338-i imtahanlarda 500-dən çox bal toplayıb. Yüksək nəticə əldə edərək tələbə adını qazananlardan 4-ü ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
Xəbərlər şöbəsi