Əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin əsaslı həlli, əhalinin rifah halının yaxşılaşdırılması Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə həyata keçirilən tədbirlər muxtar respublikanın iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynayır. Bütün bunlar – iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun inkişaf etməsinə şərait yaradıb. Bu isə ümumi daxili məhsul istehsalında özəl bölmənin payının 87 faiz olması ilə nəticələnib.
Daxili bazarı yüksəkkeyfiyyətli yerli məhsullarla təmin edən müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Dövlət maliyyə dəstəyi ilə müəssisədə çörək, makaron və peçenye, süd məhsulları və Şərq şirniyyatları istehsalı sahələri yaradılıb. Bu istehsal sahələrində Almaniya, Türkiyə və İtaliyadan gətirilən müasir texnoloji avadanlıqlar quraşdırılıb. Makaron sexində istehsal edilən müxtəlif növdə keyfiyyətli məhsul 350, 500 qramlıq, 10 kiloqramlıq kisələrdə, Şərq şirniyyatları istehsalı sahəsində hazırlanan Azərbaycan milli şirniyyatları – şəkərbura, Ordubad və Şəki paxlavaları, müxtəlif çeşidlərdə qat-qat, şəkərçörək, milli şirin çörək və digər unlu-qənnadı məmulatları nəfis tərtibatla bəzədilmiş taralarda satışa çıxarılır.
Fermer və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən xammal şəklində alınan südün vaxtında tədarük olunması da diqqət mərkəzində saxlanılır. Süd xüsusi maşınlarla müəssisəyə daşınıb laborator analizdən keçirildikdən sonra istehsala buraxılır. Almaniyanın “GEA”, Türkiyənin “Choromel”, “Lipovak” şirkətlərindən müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb, gündəlik istehsal gücü 15 ton olan süd məhsulları istehsalı sahəsində yüksəkkeyfiyyətli məhsul istehsalına nail olunub. Tədarük edilən, insan orqanizmi üçün vacib elementlərlə zəngin olan 100 faiz təbii süddən kərə yağı, pendir, qatıq və ayran istehsal olunan bu müəssisədə istehsal prosesi daha da təkmilləşdirilib, daxili bazarın tələbatına uyğun olaraq yeni çeşiddə süd məhsulları bazara çıxarılıb. Ötən ildə də bu istiqamətdə işlər davam etdirilib, xamaya olan tələbatı 100 faiz idxal hesabına ödənilən muxtar respublikamızda xama istehsalına başlanılıb, idxaldan asılılıq tamamilə aradan qaldırılıb. Xama 100, 200, 300, ayran 200, kərə yağı 250, 400 qramlıq, 1 və 4 kiloqramlıq, pendir isə 0,5, 1 kiloqramlıq plastik və 17 kiloqramlıq dəmir taralarda qablaşdırılır.
Müəssisənin fəaliyyətinin genişləndirilməsi, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücünün artırılması, yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi məqsədilə Sahibkarlığa Kömək Fondundan əlavə dövlət maliyyə dəstəyi göstərilib. Bu vəsaitlə müəssisə müasir avadanlıqlarla təmin edilib. Eyni zamanda çörək sexində istehsal gücü saatda 3000 ədəd çörək olan tam avtomatlaşdırılmış yeni xətt istifadəyə verilib. Burada çörək dəmir üzərində deyil, daş üzərində bişirilir ki, bu da məhsulun daha keyfiyyətli istehsalı deməkdir.
İnsan sağlamlığı üçün vacib elementlərlə zəngin olan kəpəkli çörək yüksəkkeyfiyyətli qida məhsulu kimi alıcılar tərəfindən rəğbətlə qarşılanıb. Elə bunun nəticəsidir ki, satışa çıxarılan kəpəkli çörəyə tələbat get-gedə artıb, ötən dövr ərzində kəpəkli çörək istehsalına keçid tam təmin olunub. Alıcı tələbatının öyrənilməsi və buna uyğun olaraq yeni çeşiddə çörək istehsalı diqqət mərkəzində saxlanılıb, kəpəkli unla qarğıdalı ununun qarışığından hazırlanmış qarğıdalı çörəyi istehsalına başlanılıb. Eyni zamanda xəmirin yoğurulması və dinlənməsi prosesinin daha da təkmilləşdirilməsi məqsədilə müəssisədə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb ki, bu da çörək istehsalı zamanı istifadə olunan qıcqırtma tozunu minimum həddə endirməyə imkan verir, çörəyin saxlanma müddətini artırır. Bu da israfçılığın qarşısını alır, hər bir istehlakçının ailə büdcəsinə müsbət təsir göstərir.
“Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO 9001 və İSO 22000 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb.
İldən-ilə fəaliyyəti genişləndirilən müəssisədə 200 nəfər çalışır.
Kərəm Həsənov