23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın cənub-şərqində, Araz çayının sol sahilində yerləşən Ordubad ilin hər fəslində heyranlıq doğurur. Elə bu soyuq qış günlərində də gözəlliklər diyarının bəyaz mənzərələri könülləri isti duyğulara kökləyir. Muxtar respublikanın bütün bölgələri kimi, Ordubadın da bir özəlliyi odur ki, burada ötən hər il həyatın müxtəlif sahələrində qazanılan uğurlarla əlamətdar olur. Yola saldığımız 2016-cı il də bu baxımdan istisna deyil.    Ordubada getməkdə məqsədimiz də burada ötən il görülən işlərlə yaxından tanış olmaq idi.

Budur, çoxsaylı dini-tarixi abidələrlə zəngin olan, bu gün 49 min nəfərdən çox əhalinin yaşadığı qədim bölgədəyik. Rayon qəzetinin redaktoru Abbas Seyidlə şəhəri gəzirik. Bir daha görürük ki, Ordubad bənzəri olmayan amfiteatrdır. Sanki mahir bir memarın təxəyyülünün yaratdığı layihə ilə qurulub. Dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən, yaşı qədim tarixə söykənən, tikililəri, çinarları yüz­illiklərə şahidlik edən bir şəhər və bu şəhərin ətrafına səpələnmiş abad, axarlı-baxarlı kəndləri olan Ordubad haqqında eşitdiklərim insana qürur bəxş edir. Başını sıldırım dağlara söykəyən Ordubadın hər tərəfində çeşmələr çağlayır. İnsanları qonaqpərvər, mehribandırlar, bu gün yaxşı yaşayırlar. Bunu küçələrlə addımladıqca insanların təbəssüm dolu baxışları, yanımızdan keçən kiçiklərin hörmətlə salam vermələri də təsdiq edirdi.

Ulu öndərimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, son illər Ordubad rayonunda da geniş qurucu­luq işləri aparılıb. Bu gün rayon mərkəzində ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş xəstəxana vardır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsi, uşaq bağçası, Qaz İstismarı İdarəsi, Vergilər Şöbəsi, Mədəniyyət Evi, Elektrik Şəbəkəsi, Əhalinin Sosial Müdafiəsi Mərkəzi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, 7 saylı Dairə Seçki Komissiyası, Ordubad şəhər 3 nömrəli tam orta məktəb, uşaq musiqi məktəbi üçün inşa olunan binalar göz oxşayır. Nəqliyyat infrastrukturunun yeniləşdirilməsi istiqamətində konkret addımlar atılıb, şəhərdə müasir tələblərə cavab verən avtovağzal kompleksi, aviakassa əhalinin istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının, Polis Şöbəsinin, prokurorluğun, məhkəmənin, Kompüter Təlim-Tədris Mərkəzinin, Akademik Yusif Məmmədəliyevin, Məmməd Səid Ordubadinin, Məhəmməd Tağı Sidqinin ev-muzeylərinin, şahmat, sürücülük və internat məktəblərinin yeni inşa edilmiş və ya yenidən qurulmuş binaları da son illərin quruculuq ərməğanlarındandır. Şəhər ərazisindəki bərpaya ehtiyacı olan tarixi abidələr də unudulmayıb. Belə ki, Ordubad şəhərində indi Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyət göstərdiyi Qeysəriyyə binası, qədim məbəd, iki yeraltı abidə, bir neçə tarixi kəhriz və digər abidələr qədimliyi saxlanılmaqla bərpa edilib, əvvəlki görkəminə qaytarılıb. Rayonun kəndləri də quruculuq tədbirlərindən kənarda qalmayıb. Ordubad şəhərindən kəndlərə gedən yollar müasir şəkildə yenidən qurulub, yaşayış məntəqələrində kənd və xidmət mərkəzləri tikilib, bu mərkəzlərdə dövlət qurumları və xidmət sahələri üçün hərtərəfli şərait yaradılıb. İndi kəndlərdə insanların sağlamlığına xidmət edən, müasir tələblərə cavab verən həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir.
Ordubad şəhər sakini Abbas Tağıyev deyir ki, uzun illər boyu bu gözəl məkanda yaşayanlar çox çətinliklər çəkib, gediş-gəliş üçün rahat yollarımız belə, olmayıb. Amma bu gün həmin problemlər daha yoxdur. Baxın, hətta bu gün su sistemi belə, yenilənir, dünya standartlarına uyğun qurulur.
Ötən ilin quruculuq xəritəsindən söz düşəndə öyrəndik ki, Ordubad şəhərində Texniki Peşə və Sürücülük Məktəb Kompleksi, 36 mənzilli yaşayış binası, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Ordubad rayon filialı istifadəyə verilib. Bu gün ordubadlılar inanırlar ki, qurucu­luq işlərinin əhatə dairəsi daha geniş olacaq. Bunu az qala hər gün muxtar respublikanın ayrı-ayrı bölgələrində həyata vəsiqə alan yeni ünvanlar, infrastruktur layihələri də təsdiq edir. Elə Ordubad rayonunda da hazırda quruculuq işləri davam etdirilir. Bu gün Dəmiryol Vağzalı üçün yeni binanın və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad Yol Sahəsinin inzibati binasının, Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.
Bəli, su elektrik stansiyasından söz düşmüşkən qeyd edək ki, rayonun həyatında tarixi hadisələr, unudulmayan anlar çox yaşanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ordubadda neçə-neçə obyektin açılış mərasimlərində iştirak edib. Belə əlamətdar hadisələrdən biri də cari il yanvar ayının 11-də yaşanıb. Həmin gün ölkə başçısı Naxçıvanın enerji təchizatında xüsusi əhəmiyyət kəsb edəcək Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.
Ölkə başçısının muxtar respublika haqqında xoş fikirləri, həmçinin “Naxçıvan-Culfa, Naxçıvan-Şahbuz, Naxçıvan-Sədərək yolları ən yüksək standartlara cavab verir. Bir yol layihəsi hələ ki, öz həllini gözləyir. Bu da Culfa-Ordubad layihəsidir”, – deməsi ordubadlıların qurub-yaratmaq əzmini daha da yüksəldib.
...Şəhərin mərkəzində, yol kənarındakı parkın yaxınlığında dayanıb rayona gələn qonaqları Ordubadın milli yeməkləri ilə tanış etmək imkanı qazandıran, ala-tala qar altından belə heyranlıq doğuran “Dübəndi” ailəvi restoranının ətrafında yaradılan gözəl mənzərəni, axan şəlaləni, üzüyuxarı su boyunca çay daşları ilə yaradılan səliqə-sahmanı seyr edirik. Bu vaxt restorandan çıxan bir nəfər yaxınlaşıb hal-əhval tutur. Biləndə ki, “Şərq qapısı” qəzetindən gəlmişik, – deyir:
– Bir bizim kəndə də gəlin. Baxın görün, nə cah-calal yaradılıb. Gözəl, yaraşıqlı məktəb binamız var. Müasir kənd mərkəzi, xidmət mərkəzinin tikilməsi, yollarımızın abadlaşdırılması, körpünün təmir edilməsi hər bir kənd adamını sevindirir.
Öyrəndik ki, o, Baş Dizə kəndinin sakini Coşqun Fərzəliyevdir. Ötən il aparılan tikinti-quruculuq tədbirləri rayonun bu kəndinə də yeni sosial obyektlər bəxş edib və hər bir sakin də bundan sevinc hissi keçirir.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına xidmət edən dövlət proqramlarının Ordubad rayonunda uğurla icra edilməsinin nəticəsidir ki, məhsuldarlıq artır, əkinçilik sahələri genişləndirilir. Aqrar bölmənin maddi-texniki bazasının gücləndirilməsi, eləcə də texnika, gübrə və bitki mühafizəsi vasitələri ilə təminatın ən yüksək səviyyəyə çatdırılması bol məhsul əldə edilməsinə zəmin yaradıb. Son illərdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə rayona 99 ədəd, cari ildə isə 11 ədəd texnika alınıb gətirilib. 2016-cı ildə 2233 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 6211 ton məhsul, o cümlədən 1310 hektar sahədən 3603 ton buğda, 639 hektar sahədən 1687 ton arpa, 284 hektar sahədən 921 ton dənli-paxlalılar, 575 hektar sahədən 8453 ton kartof, 673 hektar sahədən 5518 ton tərəvəz, 41 hektar sahədən 285 ton bostan məhsulu götürülüb. Ötən il bağlardan 4752 ton meyvə tədarük edilib. Eyni zamanda rayonda yeni üzüm bağları salınıb. Süfrələrimizin bəzəyi, insanların sağlamlığı üçün zəngin mineral tərkibə malik olan kişmiş və mövüc istehsalı da ilbəil artır. Hazırda rayonda daxili və xarici bazara keyfiyyətli məhsul çıxarılması, yeni texnologiyaların tətbiqi, üzümçülük üzrə iri təsərrüfatların yaradılması istiqamətində məqsədyönlü iş aparılır, üzümçülüyün sənaye miqyasında genişləndirilməsi imkanları araşdırılır. Ötən il təsərrüfatçılar üzüm bağlarından 288 ton məhsul yığıblar. Rayonda hər birinin tutumu 100 ton olan 2 soyuducu anbarın fəaliyyət göstərməsi də zəhmət adamlarının kənd təsərrüfatının inkişafına marağını artırıb.
Yuxarı Əylis kənd sakini, kənd tam orta məktəbinin müəllimi Yusif Qədirquliyevin bizimlə bölüşdüyü təəssüratlar da xoş hisslər yaradır. Deyir ki, Ordubad qədim meyvəçilik ənənələrini inkişaf etdirir. Bunun üçün su vacib şərtdir. Ötən il “Əylis düzü” deyilən 30 hektarlıq ərazidə salınmış meyvə bağının suvarılması üçün damcı üsulunun tətbiq olunması müsbət nəticələrini verib. Nüsnüs kəndindən Aşağı Əylis kəndinə qədər olan 3 kilometr uzunluğunda kanalın çəkilməsi 250 hektar torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasına şərait yaradıb.
Son illər rayonda iməciliklər yolu ilə yerli iqlim və relyefə uyğun meyvə sortlarından ibarət hektarlarla meyvə bağları salınıb. Bunun 27,2 hektarı ötən ilin payına düşüb. Həmçinin 7 hektar sahədə bərpa işləri aparılıb. Eləcə də Dəstə kəndi ərazisində 0,4 hektar sahədə aqrotexniki qaydalar əsasında meyvə çəyirdəyi əkilib.
Bölgədə ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində Ordubad rayonunda 46 min 733 ədəd ting əkilib. Bunlar arasında meyvə və meşə, həmişəyaşıl ağaclarla yanaşı, 24 min 540 ədəd qızılgül kolu da olub. Bunu dəyərləndirən şəhər sakini, “FH oğulları” mürəbbə və cem istehsal sahəsinin sahibkarı Hüseyn Fərzəliyev bildirir ki, 2008-ci ildən yaradılan müəssisədə 16 növdə mürəbbə hazırlanır. Ətirli qızılgüldən bişirilən mürəbbə də bu çeşidlərin sırasındadır.
Ötən il salınan qızılgül plantasiyası müəssisənin istehsalında xammal mənbəyidir.
Qeyd edək ki, torpaqda çəkilən zəhmətin itməməsi üçün vacib amillərin önündə suvarma suyu dayanır. Elə meliorasiya və irriqasiya vəziyyətinin yaxşılaşdırılması məqsədilə ötən il də mövcud nasos stansiyalarında təmir işləri aparılıb, kanallar və arxlar lildən təmizlənib. İçməli su xətlərinin təmir olunması, 2,4 kilometr məsafədə yeni içməli su xəttinin çəkilməsi, 1,2 kilometrlik kaptajın təmiri, 350 metr uzunluğunda yeni kaptajın istifadəyə verilməsi isə ordubadlıların bu sahədə problemlərinin həllinə göstərilən qayğıdır.
Rayonda aparılan çoxşaxəli quruculuq tədbirlərindən təhsil sahəsinə də pay düşüb. Ordubad şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Səkinə Tağıyeva deyir ki, təhsil quruculuğu sahəsində görülən işlər kəndlərimizə möhtəşəm məktəb binaları bəxş edib. Bu gün Sabirkənd, Ələhi, Xurs, Nürgüt, Aşağı Əylis, Yuxarı Əylis və ümumiyyətlə, bir çox yaşayış məntəqələrinin təhsil ocaqları dediklərimizə nümunədir. Məktəblər müasir avadanlıqlarla, kompüter dəstləri ilə təmin olunub. Bütün bunlar fənlərin tədrisində keyfiyyət dəyişikliyi yaradıb. Odur ki, hər il qəbul imtahanları zamanı yüksək bal toplayanların sayı artır. Bunu 2015-2016-cı tədris ilində ümumtəhsil məktəblərini bitirən 328 şagirddən 251 nəfərin müxtəlif ixtisas qrupları üzrə ali məktəblərə sənəd verməsi, onlardan 167 nəfərinin tələbə adı qazanması, o cümlədən 1 qızıl, 2 gümüş medala layiq görülən məzunların yüksək balla ali məktəblərə daxil olmaları da təsdiq edir. Ali məktəbə qəbul olunan məzunlardan 45 nəfərinin 500 baldan yuxarı nəticə göstərməsi, o cümlədən 13 nəfərin 600-dən yuxarı bal toplaması müəllimləri gələcəkdə daha böyük uğurlar qazanmağa həvəsləndirir.
...Günbəgün müasirləşən qədim Ordubadın coğrafiyasına nəzər salsaq görərik ki, əksər kəndlər dağlıq ərazidə yerləşir və buralarda tikinti aparmaq böyük zəhmət və vəsait tələb edir. Amma buna baxmayaraq, ən uc­qar kənddə belə, müasir infrastrukturun yaradılması dövlətimizin hər bir yaşayış məntəqəsinə verdiyi önəmin göstəricisidir.

Beləcə, Kiçik Qafqaz sıra dağlarının Qapıcıq zirvəsinin ətəklərində yerləşən, 1 şəhər, 3 qəsəbə, 43 kənddən ibarət olan Ordubad rayonunun bir gün qonağı olduq. Əmin olduq ki, rayonda işgüzar ab-hava mövcuddur. Ordubad öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Tarixi ənənələri qoruyub saxlamaqla bərabər, yenilik, müasirlik axtarışları görülən işlərin əsas mahiyyətini təşkil edir. Qarşıladığımız hər ilin yeni uğurlar, nailiyyətlər gətirəcəyinə rayon sakinlərinin böyük inamı var...


Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR