23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizin müasir sosial-iqtisadi inkişafında qeyri-neft sektorunu daha da genişləndirməklə idxal-ixrac arasında müsbət saldoya nail olmaq, istehsalla istehlakın nisbətini düzgün tarazlamaq əsas vəzifələrdən biridir. Çoxşaxəli iqtisadi inkişaf strategiyasını həyata keçirmək üçün neftdən asılılığı azaltmaq, bu məqsədlə Azərbaycanda iqtisadiyyatın digər sahələrinin və regionların inkişafına nail olmaq da əsas vəzifə kimi qarşıya qoyulub.
Ölkəmizin iqtisadiyyatı üçün strateji əhəmiyyətli belə vəzifələrin həyata keçirilməsində Naxçıvan Muxtar Respublikasının da mühüm payı vardır. Belə ki, blokada şəraitin­də olmasına baxmayaraq, həyata keçirilən iqtisadi layihələr sayəsində bu gün muxtar respublikada 371 növdə məhsul istehsal olunur. Bu məhsulların 121 növü ərzaq, 250 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. 1995-ci illə müqayisədə muxtar respublikada sənaye məhsulunun həcmi 103,2 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 11,1 dəfə artıb.
Yerli istehsalın artması daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar respublikanın ixrac potensialını artırıb, idxalın həcmini isə azaldıb. Artıq 2009-cu ildən başlayaraq muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınmaqdadır. Ötən ilin yekunlarına əsasən muxtar respublikada xarici ticarət dövriyyəsinin 9,5 faizini idxal, 90,5 faizini isə ixrac təşkil edib.

Naxçıvanın ixracat imkanlarını artıran çoxşaxəli iqtisadiyyat yerli istehsal imkanlarından istifadə olunması, müxtəlifnövlü məhsul istehsalı ilə mümkün olub. Muxtar respublika ərazisində mövcud olan zəngin təbii ehtiyatlar, xammal, enerji və infrastruktur təminatı müxtəlif sahələrdə istehsal imkanları açır. Belə ki, bu gün Naxçıvanda Günəş və hidroenerji ehtiyatlarından da istifadə olunmaqla elektrik enerjisindən tutmuş duz, mineral sular, daş məhsulları, müxtəlif çeşiddə mebellərədək, avtomobillərdən spirtli içkilərədək geniş çeşiddə məhsul istehsalına nail olunub. Təkcə qida sənayesi sahəsində Naxçıvanda əldə olunmuş nailiyyətlər muxtar respublikada emal sənayesinin inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyətli olmaqla, həm də xammal kimi istifadə edilən yerli heyvandarlıq və bağ-bostan məhsullarının iqtisadi dövriyyəyə cəlb olunmasına da təkan verib. Bu gün Naxçıvanda ət və süd məhsulları, broyler, yumurta, bal istehsalı sahəsində ən yüksək göstəricilər əldə olunub, tələbatdan artıq məhsullar respublikamızın digər yerlərinə və xarici ölkələrə ixrac edilməkdədir. Sosial sahələrdə, turizm-rekreasiya sferasında təklif olunan xidmətlərin növü və çeşidi artıb şaxələndikcə daha çox yeni iş yerlərinin yaradılması və daimi məşğulluğun təmin olunması üçün də əlverişli şərait yaranır.
Muxtar respublikamızda istehsal imkanları genişdir. İqtisadi inkişafın sürətlənməsi ilə yeni iqtisadi layihələrin həyata keçirilməsinə verilən dövlət dəstəyi bu imkanlardan istifadə olunması üçün daha da əlverişli şərait yaradır. Yeni texnologiyanın tətbiqi ilə ənənəvi sahələrin yenidən dirçəldilməsi və yerli resurslardan daha səmərəli istifadə etməklə Naxçıvan öz iqtisadi potensialı ilə ölkəmizin iqtisadi qüdrətinə güc qatacaqdır.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR