23 Dekabr 2024, Bazar ertəsi

Cari ildə də Kəngərli rayonunda quruculuq tədbirləri sürətlə davam etdirilir. Bu tədbirlərdən biri rayon mərkəzində inşa edilən zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olacaq 48 mənzilli yaşayış binasıdır. Obyektdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kəngərli Rayon İdarəsinin kollektivi çalışır. Yaşayış binasının zirzəmisi ticarət mərkəzi üçün nəzərdə tutulub. Binanın hər mərtəbəsində 8 mənzil yerləşəcək. Zirzəmi hissədə və birinci mərtəbədə hörgü işləri yekunlaşıb, növbəti mərtəbənin tikilişi üçün hazırlıq işləri görülür.

Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri sırasında tarixi-mədəniyyət abidələrinin bərpası da mühüm yer tutur. Belə abidələrdən biri də Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən Qarabağlar türbəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2016-cı il 4 iyul tarixdə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Sərəncam imzalayıb. ­Sərəncamın icrasına uyğun olaraq ötən ildən bu tarixi abidənin elmi əsaslarla bərpasına başlanılıb. Qeyd edək ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə, onlar arasındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir. Türbənı sərdabə və yerüstü xatirə abidəsi təşkil edir. Sərdabə onikibucaqlı olub, divarları daşdan, günbəzi isə kərpicdən inşa edilib. Türbənin yerüstü hissəsi daş kürsü­lük üzərində inşa olunan 12 yarımsilindrdən ibarətdir. Dörd giriş qapısından biri olan əsas giriş qapısı üzərindəki kitabədə müqəddəs ­“Qurani-Kərim”dən 6 ayə (“Mülk” surəsi) həkk olunub.
Ötən dövr ərzində burada xeyli iş görülüb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri tərəfindən aparılan işlər zamanı türbənin yuxarı hissəsindəki yazılar bərpa olunub, giriş qapılarının kənarları incə həndəsi naxışlarla işlənib. Türbə ilə qoşa minarələr arasındakı hissədə isə kompleks üçün muzey binası inşa olunub. Burada ekspozisiya zalı və iş otaqları yaradılıb. Hazırda muzey binasının dam örtüyü vurulur, türbənin kürsülük hissəsindəki daşların bəziləri müvafiq olaraq yerinə qoyulur. Bununla yanaşı, kompleksin ətrafı divarla hasara alınıb ki, burada da, əsasən, mozaik görüntüyə üstünlük verilib. Həyata keçirilən tədbirlər zamanı türbəyə gedən avtomobil yolunun da yenidən qurulması nəzərdə tutulub.
Adıçəkilən obyektlərin istifadəyə verilməsi Kəngərli rayonunun simasına yeni gözəllik bəxş etməklə yanaşı, rayonda turizmin inkişafına da öz töhfəsini verəcək.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR