Sədərək rayonunun iqtisadiyyatına xeyli gəlir gətirən sahələrdən biri kartofçuluqdur. Rayonun məhsuldar torpaq sahələri burada yüksəkkeyfiyyətli kartof istehsalına imkan verir. Yaradılan şərait, dövlət tərəfindən verilən kredit və əldə edilmiş məhsuldar toxum sortları torpaq mülkiyyətçilərinin ilbəil qazandıqları uğurların artmasında başlıca səbəblərdir. Ona görə də torpaqları bərəkətli olan bu bölgədə hər il yüksəkkeyfiyyətli məhsul istehsal edilir. Kartofçuluqda təcrübə qazanan torpaq mülkiyyətçiləri rayon və Naxçıvan şəhər əhalisinin bu məhsula olan tələbatının ödənilməsində mühüm rol oynayırlar. Ona görə də bu sahə ilə məşğul olan sədərəklilər səy və bacarıqlarını əsirgəmir, ildən-ilə uğurlarını artırırlar.
Bu cəhətdən 2017-ci ili də rayonun kartof əkib-becərənləri üçün uğurlu hesab etmək olar. Belə ki, bölgənin torpaq mülkiyyətçiləri keyfiyyətli toxum sortları ilə təchiz olunmuş, 102 hektar sahədə əkin aparmış, sahələrə vaxtında və aqrotexniki qaydalar əsasında qulluq göstərmişlər. Nəticədə, çəkilən zəhmət hədər getməmiş, təsərrüfat sahibləri sahələrdə bol məhsul yetişdirməyə nail olmuşlar. Onlardan Elsevər Əhmədov, Nadir Rəhimov və başqaları becərdikləri kartofun tədarükünə hazırlaşırlar. Hər il olduğu kimi, bu il də torpaq mülkiyyətçiləri bol məhsul əldə edəcəklərinə inanırlar.
Xəbərlər şöbəsi