Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasir standartlar səviyyəsinə çatdırılması göstərilən xidmətin keyfiyyətini yüksəltmiş, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Bu ilin birinci yarısında yerli və beynəlxalq marşrut xətləri üzrə daşınmalar uğurla həyata keçirilmiş, Naxçıvan-İqdır və Naxçıvan-Ərzurum marşrutları açılmışdır. Muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilmiş, fəaliyyətdə olan 139 marşrut xəttində 305 avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmişdir. Bu dövrdə İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 7997 sərnişin, əks-istiqamətdə isə 9256 sərnişin daşınmışdır.
Muxtar respublikanın istirahət və turizm mərkəzlərinə, o cümlədən hazırda yay mövsümünün başlaması ilə əlaqədar Uzunoba çimərliyinə, Ağbulaq İstirahət Mərkəzinə avtobus marşrutları açılmış, turlar təşkil edilmişdir. Həmçinin taksi fəaliyyəti göstərən sürücülərin hər ay 4 dəfə qrup şəklində muzeylərə ekskursiyaları təşkil olunmuşdur. Hesabat dövründə nazirliyin reyd komissiyası Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsi ilə birlikdə reydlər keçirmiş, sərnişindaşıma ilə məşğul olan avtonəqliyyat vasitələrinin təmizliyinə, sürücülərin geyim formasına, şəhərdaxili və rayonlararası marşrutlarda hərəkət qrafikinə nəzarəti artırmışdır.
Muxtar respublikada avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınması, marşrut qrafikinə nəzarət olunması məqsədilə yeni nəsil texnologiyalarından istifadə edilməsinə başlanmışdır. Belə ki, Naxçıvan-Bakı marşrutunda işləyən avtobuslarda Naxtel-4G GPS monitorinq izləmə sistemi quraşdırılmışdır. Naxçıvan şəhərdaxili marşrutunda işləyən avtobus və taksilərə isə GPS-lərin quraşdırılması işi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti