Şəhərdən seçilməyən qəsəbə
13 yaşı tamam olan, bütün yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri aparılmış Kəngərli rayonu bu gün müasirlik görkəmindədir. Görülən işlər nəticəsində Qıvraq qəsəbəsi müasir rayon mərkəzinə çevrilib.
Məlumat üçün bildirək ki, Qıvrağın yerləşdiyi ərazinin bir hissəsindən 7-8 il bundan əvvəl əkin sahələri kimi istifadə edilib. Naxçıvan-Sədərək magistral yolunun solunda yerləşən kənd muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən biri olmasına baxmayaraq, burada da yeni tikilmiş obyektlər barmaqla sayılası qədər az olub. İdarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılan yeni rayonun mərkəzinə çevrildikdən sonra qəsəbədə geniş kompleks quruculuq tədbirləri start götürüb. Qısa müddət ərzində müxtəlif istiqamətli tikililər istifadəyə verilib. Rayonun idarə, müəssisə və təşkilatları üçün müasir layihə əsasında yeni binalar inşa olunub. Həmin binalarda çalışanlara hərtərəfli iş şəraiti yaradılıb. Qəsəbəarası yollara asfalt çəkilib, gözoxşayan gülkarlıqlar salınıb.
Bu günlərdə qəsəbə yenə də quruculuq ab-havası ilə nəfəs alır. Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hazırda Qıvraqda böyük bir obyektin tikintisi həyata keçirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kəngərli Rayon İdarəsinin kollektivi zirzəmi ilə birlikdə yeddimərtəbəli ictimai yaşayış binasının inşası ilə məşğuldur. 48 mənzildən ibarət olacaq binanın zirzəmisi ticarət mərkəzi üçün nəzərdə tutulub. Binanın hər mərtəbəsində 8 mənzil yerləşəcək. Bu tikili Qıvrağı daha da gözəlləşdirəcək.
Həqiqətən də qısa müddətdə Kəngərli rayonunda şəhərtipli qəsəbənin salınması muxtar respublikada düzgün seçilən yolun ifadəsi, torpağa, yurda bağlı insanların sabaha cavabdehlik hissinin əməli nəticələridir. Bütün bunlar qəsəbə sakinlərinin qurub-yaratmaq əzminə öz təsirini göstərir.
Qəsəbə sakinlərinin ən çox üz tutduqları ünvan: Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı
Park qəsəbənin hər yerindən görünür və sözün həqiqi mənasında, ulu öndərin adına layiq istirahət guşəsidir. Gül-çiçəyə, yaşıllığa bürünmüş park daim insanlarla dolub-daşır. Məlumat üçün bildirək ki, 2012-ci il may ayının 30-da parkın açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edərək bu münasibətlə qıvraqlıları, ümumilikdə, Kəngərli rayonunun sakinlərini təbrik edib, belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib: “Biz iki il əvvəl də sizinlə görüşmüşük. İki il əvvəl ulu öndərin abidəsinin açılışında bərabər idik. Mən çox şadam ki, bu iki il ərzində Kəngərli rayonunda böyük işlər görülmüşdür. Burada, doğrudan da, gözəl mərkəz yaradılmış, yeni inzibati binalar tikilmişdir, indi fərdi evlər də tikilməkdədir. Gözəl Mədəniyyət Evi tikilmişdir. Yəni Kəngərli rayonunun inzibati mərkəzi artıq yaradılmış və böyük dərəcədə inkişaf etmişdir. Bu, məni çox sevindirir. Çünki Naxçıvan Muxtar Respublikasının hər bir tərəfində, hər bir rayonunda sürətli inkişaf gedir və getməlidir... Bu gün gözəl Mədəniyyət Evinin açılışında toplaşmışıq. Bir neçə il əvvəl Naxçıvanda Heydər Əliyev adına möhtəşəm mədəniyyət mərkəzinin açılışında iştirak etmişdik. İndi isə Kəngərli rayonunda Mədəniyyət Evinin açılışında iştirak edirik. Bu, böyük rəmzi məna daşıyır. Çünki bir neçə il əvvəl Kəngərli rayonu inzibati ərazi kimi mövcud deyildi. Bir neçə il bundan əvvəl Vasif Talıbov belə təşəbbüslə çıxış etmişdi. Mən bu təşəbbüsü təkcə kağız üzərində deyil, əməldə dəstəklədim və qısa müddətdə rayon yaradıldı. Qeyd etdiyim kimi, bu gün rayonun artıq inzibati mərkəzi vardır. Bu mərkəz böyüyəcəkdir və əminəm ki, gələcək illərdə Kəngərli rayonunda bundan da gözəl və yaxşı işlər görüləcəkdir”.
Qəsəbə sakinlərinin mənalı istirahəti üçün hərtərəfli şərait yaradılmış parka daimi su xətti çəkilib, gülkarlıqlar salınıb. Uşaqlar da unudulmayıb. Onlar üçün müxtəlif oyun qurğuları quraşdırılıb. Elə buradaca görüşdüyümüz rayon sakini Yusif İmanovun qəsəbə haqqında fikirlərini öyrənirik. O deyir ki, torpağa, xalqa bağlılıq, əzmkarlıq, təşəbbüskarlıq olan yerdə hər şeyə nail olmaq mümkündür. Burada nələr yaradıldığını özünüz də görürsünüz. Bəlkə də, neçə illər əvvəl bu barədə söhbət getsəydi, buna heç kəs inanmazdı. Bu gün Kəngərli sakinlərinin əsl istirahət yeri olan bu parkda dincələnlər ulu öndər Heydər Əliyev siyasətinin konkret bir rayonun timsalında uğurla davam etdirildiyini, bu siyasətin ölkəmizin gələcəyinə hesablandığını görürlər. Bir daha inanırlar ki, bu siyasətin alternativi yoxdur və bu siyasət Azərbaycanın inkişafına xidmət edir. Sevinirəm ki, bugünkü gənclik də bu həqiqəti dərk edir. Ona görə gəncliyin adını çəkirəm ki, dövlətimizin gələcəyi onlara etibar olunub.
Parkın yaxınlığında ucaldılan möhtəşəm bir bina olan rayon Mədəniyyət Evindən daim çal-çağır səsi gəlir. Bu ünvanda rayonun mədəni həyatını bütün çalarları ilə görmək olar. Mədəniyyət Evinin foyesində bir-birindən zəngin olan bir neçə sərgi nümayiş etdirilir. Sərgilərdən birində muxtar respublikanın, o cümlədən Kəngərli rayonunun sosial-iqtisadi inkişafının göstəriciləri tamaşaçılara təqdim olunur. Digər bir sərgi ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalmış vətən oğullarımıza həsr edilib. Milli dəyərlərimizi özündə əks etdirən sərgi də maraqla qarşılanır. Mədəniyyət Evində “Kəngər” instrumental ansamblı, böyüklərdən və uşaqlardan ibarət “Yallı” kollektivləri, qızlardan ibarət “Gülüm hey” folklor qrupu yaradılıb. Bu kollektivlər rayonda və muxtar respublikada keçirilən müsabiqələrdə, mədəniyyət tədbirlərində yaxından iştirak edirlər. Uşaq “Yallı” kollektivi və “Gülüm hey” folklor qrupu 2012-ci ildə “Milli dəyərlər ili” ilə bağlı keçirilən “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam müsabiqəsində fərqləndiyinə görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunub. “Yallı” kollektivi vaxtilə rayon kəndlərinin toy məclislərində, el şənliklərində ifa edilən “Sarı gəlin” yallısına yeni həyat bəxş edib.
Mədəniyyət Evində ulu öndərimiz Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı tədbirlərin keçirilməsi davamlı xarakter alıb. Burada yaradılmış “Heydər Əliyev guşəsi” öz zəngin tərtibatı ilə diqqəti çəkir. Müntəzəm olaraq rayon məktəblərinin şagirdləri buraya gəlir, onlara dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilir. Məqsəd isə ondan ibarətdir ki, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi öndər Heydər Əliyev irsinin böyüklüyü şagirdlərə dərindən aşılansın, gənclərimizin gələcək həyat yollarına işıq tutsun, ümummilli liderin irsi qiymətli milli sərvət kimi yaşadılsın, nəsillərdən nəsillərə ötürülsün.
Qıvrağı gəzərkən...
Qəsəbədə kompleks quruculuq tədbirlərinə başlanarkən buradakı inzibati ərazi dairəsi üzrə nümayəndəlik də unudulmayıb. Bu təşkilatın da yerləşdiyi ikimərtəbəli qəsəbə mərkəzi tikilib, ətrafda gülkarlıqlar və yaşıllıq zolaqları salınıb. Burada müxtəlif təşkilatların birgə fəaliyyətinə şərait yaradılıb.
Qıvraqlılar yaşadıqları qəsəbənin daha da gözəlləşməsi üçün keçirilən tədbirlərdə fəallıq göstərirlər. Bu yolla böyük meyvə bağı salınıb. Bu gün artıq həmin bağlardan məhsul toplanılır. Müntəzəm olaraq keçirilən iməciliklərdə yaşıllıq zolaqlarının salınması, meyvə tinglərinin əkilməsi, mövcud ağaclara qulluq edilməsi diqqət mərkəzində saxlanılır. Məqsəd aydındır: gənc rayonun mərkəzi daha da gözəl olsun. Rayon sakinləri onu da unutmurlar ki, muxtar respublikaya Sədərək və Şahtaxtı gömrük-keçid məntəqələrindən keçərək gələn xarici qonaqlar Naxçıvan şəhərinə gedərkən bu qəsəbədən keçirlər. Qədim diyar haqqında ilk təəssüratlar buradan yaranır. Odur ki, qəsəbənin təmizliyinə və abadlığına xüsusi diqqət yetirilir. Hər yerdə səliqə-sahman göz oxşayır. Hiss olunur ki, buna sakinlərin özləri də maraqlıdırlar. Qəsəbə məktəbinin, ötən ay istifadəyə verilmiş uşaq bağçasının, digər təşkilatların ərazilərində aparılan iməciliklərdə fəallıq göstərən qıvraqlılar qısa müddət ərzində qəsəbədə həyata keçirilən işlərə görə qürur hissləri duyurlar.
Buradakı təhsil ocağına da quruculuq işlərindən xeyli pay düşüb. Bir neçə il əvvəl məktəb üçün müasir layihə əsasında yeni bina inşa olunub. Tədrisin səviyyəsini yüksəltmək üçün burada hərtərəfli şərait yaradılıb. Aprel ayının 14-də istifadəyə verilən, müasir arxitektura üslubunda tikilmiş uşaq bağçası qəsəbəyə daha bir gözəllik gətirib.
Bağçanın müdiri Flora Əhmədova deyir ki, Kəngərli rayonunda uzun illər uşaq bağçası olmayıb. Bu gün müasir uşaq bağçasının istifadəyə verilməsi ailələrin, hər bir valideynin və uşaqların böyük sevincinə səbəb olub. Artıq işləyən anaların rahatlığı təmin edilib. Çünki uşaqlarımızı müasir məktəbəqədər tərbiyə müəssisəsinə etibar edirik. Yeni uşaq bağçası həm gələcəyimiz olan uşaqlara, həm də ailələrə göstərilən diqqətin təzahürüdür. Bu gün hər bir qıvraqlı öz yaşayışından razıdır. Çünki yaxşı yaşamaq və işləmək üçün yüksək şərait yaradılıb. Bütün bunlar muxtar respublikada insan amilinə böyük qayğının ifadəsidir. Davamlı xarakter alan belə qayğı hər birimizin məsuliyyət hissini daha da artırır.
Sakinlər müasirliyin təntənəsi olan yurd yerində görülən işlərdən razılıqlarını bildirirlər
Yazımızın əvvəlində rayondakı təşkilatlar üçün yeni binaların tikilməsi, həmin təşkilatlarda çalışan əməkdaşlara yaradılan şərait barədə qısa məlumat verdik. Rayona gəlmişkən onların fəaliyyəti ilə də maraqlandıq. Əhali ilə söhbət etdik.
Qəsəbə ziyalılarından Səmrəddin Əhmədov deyir ki, bütün təşkilatlarda əhaliyə nümunəvi xidmətlər göstərilir, qıvraqlıların mövcud problemlərinin həllinə həssaslıqla yanaşılır. Sakinlərin işlə təminatı, rabitə xidmətindən istifadəsi, onlara lazımi səviyyədə tibbi xidmətin göstərilməsi diqqət mərkəzində saxlanılır. Təbii ki, bu da qıvraqlılar tərəfindən yüksək dəyərləndirilir, onların qurub-yaratmaq əzmini yüksəldir.
Digər qəsəbə sakini İntiqam Əbilov da söhbətə qoşularaq bildirir ki, son illər muxtar respublikada insanlara çox böyük diqqət və qayğı göstərilir. Bütün bunları bizim Kəngərli rayonunda yaşayan insanlar da qədərincə qiymətləndirirlər. Bu gün müasir rayon mərkəzinə çevrilən Qıvraq qəsəbəsinin də siması belə qayğı hesabına əsaslı surətdə dəyişib. Burada yaşamaqdan zövq alıram.
Sürücü Zahid Cəfərov isə fikirlərini belə bölüşdü: – Ona sevinirəm ki, bu gün Qıvraqda yaşayanlar yaradılanların, qurulanların qədrini bilirlər. Bilirlər ki, bütün bunlar onlar üçündür, gələcək nəsil üçündür. Qəsəbəyə dövlətimizin göstərdiyi böyük qayğıya görə minnətdarlığımı bildirirəm.
Elə digər qıvraqlılar da müasirliyin təntənəsi olan bu yurd yerində görülən işlərdən razılıqlarını ifadə etdilər, burada yaşamağın sevincindən danışdılar. Kim olduğumu da soruşdular. Sevinciniz bol olsun! – deyib özümü təqdim etdim:
Muxtar MƏMMƏDOV