23 Dekabr 2024, Bazar ertəsi

Tarix unudulmur

“Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-1978-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizim, o bizimdir deyirdilər”. Uzaqgörən bir siyasətin ifadəsi olan bu sözləri ulu öndərimiz Heydər Əliyev Naxçıvana səfəri zamanı 2002-ci il avqust ayının 14-də Sədərək rayonunun sakinləri ilə görüşündə deyib. Zaman da ümummilli liderimizin gəldiyi qənaətin dolğun olduğunu bir daha təsdiq etdi. Bu gün Heydərabad düşmən qabağında mərdi-mərdanə dayanan müasir rayon mərkəzi, gəzməli, görməli, zövq almalı, adı ilə əzizləşən, doğmalaşan yurd yeridir.

27 il bundan əvvəl burada amansız döyüşlər gedib. Daha dəqiq desək, 1990-1993-cü illərdə ermənilər 14 dəfə Sədərəyə hücum ediblər. İlk döyüş 1990-cı il yanvar ayının 18-də olub. Təkcə 1990-cı il mart ayının 28-də Ermənistan tərəfdən Sədərəyə 300-ə yaxın top mərmisi atılıb. Bu müddət ərzində ərazidə 500-ə yaxın yaşayış evi, məktəblər, inzibati binalar dağıdılıb. Qədim yurd yerinin müdafiəsi vətənpərvər oğulların üzərinə düşüb. Muxtar respublikanın rayonlarından gələn igid eloğullarımız burada böyük qəhrəmanlıqlar göstəriblər. Həmin illərdə muxtar respublikamızın bütün bölgələrindən, həmçinin ölkəmizin 12 rayonundan Sədərəyə kömək gəlib. Qeyri-bərabər döyüşlərdə 500-ə yaxın adam yaralanıb. 108 nəfər eloğlumuz şəhidlik zirvəsinə ucalıb ki, onlardan 52-si sədərəklidir. Qanlı döyüşlərdə qəhrəmanlıq göstərən polis kapitanı Məhərrəm Seyidov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bu gün sərhəd bölgəsi olan Sədərək xaosda boğulan, gün keçdikcə bir az da iqtisadi böhranın uçurumlarına yuvarlanan düşmənin gözü qarşısında sabaha inamla addımlayır. Jurnalist həmkarlarımızdan birinin sözlərini xatırlayıram: Hər açılan sabah beşaddımlıqda olan düşmənə gözdağına, bizə göz ləzzətinə çevrilən Sədərəyin, onun mərkəzi Heydər­abadın yeni uğurlarından soraq verir.

Şəhər timsallı qəsəbə

Son vaxtlar Heydərabad qəsəbəsinə yolu düşənlər sevinc və təəccüb hisslərini gizlədə bilmirlər. Bu da təbiidir: sevinc və təəccübə səbəb təkcə onların könlünü-gözünü oxşayan yenilik, abadlıq və gözəllik deyil.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamından sonra sərhəd bölgəsində görülən işlər öz vüsəti ilə diqqəti çəkir. Həmin sərəncamdan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsinin nəticəsidir ki, ümummilli liderimizin adını daşıyan rayon mərkəzi abadlaşdırılaraq siması xeyli dəyişib, yaraşıqlı görkəmə gətirilib.
2010-cu ilin oktyabr ayında muxtar respublikaya səfəri zamanı ölkə Prezidenti cənab İlham Əliyev yenidən qurulan Heydərabad qəsəbəsinin açılışında iştirak edib, burada görülən işləri yüksək qiymətləndirib: “... Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, respublikanın rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da, böyük hadisədir”.
Son illər dövlətin davamlı qayğısı və doğma yurdu canından artıq sevən insanların fədakarlığı qəsəbəni şəhərə çevirib desək, qətiyyən yanılmarıq. Şəhərlərə xas olan xüsusiyyətləri indi Heydərabadda hər addımda görmək olar.
Bəli, sərhəd bölgəsində düşmənlə üzbəüz dayanan, onun gözünə ox kimi batan, gündən-günə böyüyən, gözəlləşən Heydərabad öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Heydər­abad qəsəbəsinin sakinləri bu yüksəliş və inkişafı, ilk növbədə, 1969-cu ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan ­quruculuq siyasətinin bu gün uğurla davam etdirilməsinin nəticəsi kimi dəyərləndirir, yüksək dövlət qayğısına bundan sonra da əməli işləri ilə cavab verəcəklərini söyləyirlər. Verdikləri sözə hər addımda əməl etdikləri də göz qabağındadır.
Bölgədə diqqətçəkən əsas cəhət adamlardakı yüksək əhval-ruhiyyə, yenilməz inam hissidir. Rayon sakinləri böyük qələbənin tezliklə gerçəkləşəcəyinə inanırlar. İnanırlar ki, onların firavan həyatı, yaxşı dolanışığı üçün qayğı və diqqətini əsirgəməyən, Qarabağ problemini özünün çoxsahəli fəaliyyətində həmişə prioritet məsələ hesab edən ölkə Prezidenti cənab İlham Əliyev müdrik siyasəti və yenilməz iradəsi ilə bu düyünü uğurla açacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır.

Qəsəbə sakinləri dedilər ki...

Heydərabad qəsəbəsi barədə yazı hazırlayarkən statistik rəqəmlərə deyil, daha çox sədərəklilərin ürək sözlərinə diqqət yetirməyə çalışdım. İlk həmsöhbətim rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Teymur Quliyevdir:
– Əvvəlcə onu deyim ki, ulu öndər Heydər Əliyev dühası Sədərəyi erməni işğalından hifz etdi. Siz də yaxşı bilirsiniz ki, bu bölgədə, bu torpaqda nələr yaşanıb. Bütün bunlar öz yerində. İndi biz qurub-yaradır, əkib-becərməklə məşğul oluruq. Sərhədlərimizi göz bəbəyi kimi qoruyan əsgərlərimizə, Silahlı Qüvvələrimizə güvənirik. Bu gün xalqımız əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir. Unutmayaq ki, Heydər Əliyev siyasəti olmasaydı, bu gün yaşadığımız bu gözəl qəsəbənin də taleyi işğal olunmuş torpaqlarımızın taleyi kimi olacaqdı. Bir ağsaqqal kimi sevinirəm ki, bu gün Heydərabad, elə, bütövlükdə, rayon sakinləri bu həqiqəti dərindən dərk edirlər.
Rayon ziyalısı, qəsəbə tam orta məktəbinin müəllimi Rza Seyidov: – Mən belə deyərdim: ulu öndər Heydər Əliyev Sədərəyi düşməndən qorudu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Sədərəyi yenidən qurdu. Ötən müddət ərzində Heydərabad qəsəbəsində, rayonun kənd yaşayış məntəqələrində xeyli həcmdə müxtəlif istiqamətli quruculuq tədbirləri həyata keçirilib. Mədəniyyət, təhsil, səhiyyə, rabitə və digər infrastrukturların normal fəaliyyəti üçün xeyli iş görülüb. Bu gün Sədərəyin şəhər timsallı rayon mərkəzində bütün dövlət qurumları müasir arxitektura üslubunda işlənmiş, maddi-texniki bazası gücləndirilmiş yeni binalarda fəaliyyət göstərirlər. Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə rayon mərkəzi salınarkən tikilmiş 49 mənzil yenidən qurulub, 16 yeni mənzil inşa olunub. Qəsəbədə həmçinin 18 müharibə veteranı üçün yeni evlər tikilib. Bütün bunlar dövlətimizin sərhəd bölgəsində yaşayan vətəndaşlarına, nəticə etibarilə, insanlara göstərdiyi qayğının bariz ifadəsidir. Onu da deyim ki, Heydər­abad sakinləri belə qayğını dəyərləndirməyi bacarırlar. Rayon mərkəzində tikilənləri, qurulanları qoruyub saxlayır, qəsəbənin gözəlliyi naminə əllərindən gələni edirlər.
Heydərabad qəsəbə tam orta məktəbinin direktoru Əli Abbasov deyir ki, fəaliyyət göstərdikləri təhsil ocağında elmlərin ilkin sirlərinə yiyələnən şagirdlərin dövlətçiliyimizə sədaqət, ölkəmizə məhəbbət ruhunda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Çünki bu gün sərhəd bölgəsində oxuyan məktəblilərdə belə keyfiyyətlərin formalaşdırılması, düzgün istiqamətləndirilməsi dövlətçiliyimizin möhkəmləndirilməsində başlıca amillərdir. Bunun üçün onlara hərtərəfli şərait yaradılıb. Müasir və işıqlı sinif otaqları, zəngin laboratoriyalar, elektron lövhəli və kompüter sinifləri burada təhsilin yüksək səviyyədə qurulmasına imkan verir. Pedaqoji kollektiv ulu öndər Heydər Əliyevin bütün nəsillər üçün örnək olan həyatı və siyasi fəaliyyətini bugünkü məktəblilərə dərindən aşılamaq üçün tədrisin mütərəqqi metodlarından lazımınca istifadə edir. Ulu öndərlə bağlı tez-tez müxtəlif mövzularda tədbirlər keçirilir, şeir və rəsm müsabiqələri təşkil olunur.
Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sərxan Abbasov: – Sədərəyin barıt qoxan qanlı-qadalı o günlərini xatırlayanda, bu gün gözqamaşdıran gözəlliyi ilə üzə gülən növrağına baxanda istər-istəməz ulu ozan Dədə Qorqudun məşhur bir deyimi yada düşür: “Torpağı qorumasan, əkib-becərməyə, əkib-becərməsən, qorumağa dəyməz...” Bu gün sədərəklilər torpağı əkib-becərməyi də, qorumağı da bacarırlar. Rayonun tarixi keçmişini gənc bölgə sakinləri, həmçinin buraya gələn qonaqlar tərəfindən öyrənmələri üçün muzeydə hərtərəfli şərait yaradılıb. 2000-ci ildən fəaliyyət göstərən muzey üçün 2010-cu ildə ikimərtəbəli yeni bina inşa olunub. Burada 2304 eksponat var. Muzeydə bir neçə şöbə yaradılıb. Muzeyi ziyarətə gələnlər burada Sədərək şəhidləri, İkinci Dünya müharibəsində iştirak edən sədərəklilər, Sədə­rəyin flora və faunası, bu qədim yurd yerində toxunmuş xalça nümunələri, rayonun keçdiyi inkişaf yolu barədə hərtərəfli məlumat ala bilərlər. Tez-tez muzeyə məktəblilərin gəlişini təşkil edirik. Burada görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş guşə öz zənginliyi ilə seçilir. Ulu öndərin rayonumuza gəlişləri zamanı çəkilmiş şəkillər, bu sərhəd bölgəsi ilə bağlı dahi şəxsiyyətin gördüyü işlərdən bəhs edən qəzet, jurnal materialları öz əksini tapıb. Muzeyin kollektivi ümummilli liderin qiymətli irsinin gənclərə öyrədilməsində fəallıq göstərir.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Samil Kazımov: – Günü-gündən gözəlləşən Heydərabad qəsəbəsində hər il yeni quruculuq tədbirləri həyata keçirilir. Bu, yaşayış məntəqəsinin ayrılmaz həyat ritminə çevrilib. Ötən il rayon Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Sədərək Rayon İdarəsi üçün yeni bina inşa olunub. Burada çalışan əməkdaşlara hərtərəfli iş şəraiti yaradılıb. Hazırda qəsəbədə 48 mənzilli ictimai yaşayış binası tikilir. Bu isə o deməkdir ki, Heydər­abad­ quruculuq ab-havası ilə nəfəs alır.
Rayon ağsaqqalı Səməd Əliyev: – Yaşımın bu vaxtında sevinirəm ki, doğma yurd yerinin bu gününü görürəm. Qəsəbəyə hər çıxdıqca qürur duyuram, fərəhdən qəlbim genişlənir. Sevinirəm ki, ulu öndərin özünün yaratdığı və adını daşıdığı bu qəsəbədə məskunlaşma getdikcə artır. Qəsəbədəki Heydər Əliyev Parkı biz ağsaqqalların daha çox üz tutduğu ünvandır. Burada salınan yaşıllıqlar göz oxşayır. Qısası, bu gün qəsəbə ulu öndərin özünün arzuladığı bir yaşayış məntəqəsinə çevrilib.

Heydərabaddan qayıdarkən düşündüklərim

Dəfələrlə Heydərabadda olmuş, rayon mərkəzini qarış-qarış gəzmişəm. Hər gəlişimdə bu yaşayış məntəqəsinin saatbasaat, günbəgün dəyişdiyini görmüşəm. Dəyişməyən isə sakinlərin bu qədim yurd yerinə olan bağlılıqlarıdır. Düşmənlə bir addımlıqda ayıq-sayıq dayanan, quran, yaradan, sabaha daha böyük ümidlərlə baxan qəsəbə sakinlərinin məğrurluğu, qəhrəmanlığı, dövlətçiliyimizə sədaqəti, Vətənə məhəbbəti məndə böyük qürur hissi yaradıb. Heydərabadı göz bəbəyi kimi qoruyan, belə yurd yerində yaşayaraq rayonun iqtisadiyyatının gücləndirilməsinə töhfələr verən Heydərabad sakinlərinin vətən sevgisi qarşısında baş əymişəm. Onları bu sərhəd bölgəsinə bağlayan məhz ulu öndərə, dahi rəhbərin inşa etdirdiyi bu qəsəbəyə böyük ehtiramları və vətən sevgisidir.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR