23 Dekabr 2024, Bazar ertəsi

İyunun 20-də Şahbuz rayonunun Batabat yaylağında Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi və Naxçıvan Muxtar Respublikası “Arıçılar İctimai Birliyi” arıçı sahibkarlarla maarifləndirici tədbir keçirib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası “Arıçılar İctimai Birliyi”nin sədri Vaqif Məmmədov bildirib ki, muxtar respublikada arıçılığın inkişafı məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Belə ki, dövlət proqramının icrası muxtar respublika əhalisinin arıçılıq məhsullarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsinə və ixracının artırılmasına, arıçılıq məhsulları istehsalı sahəsinə investisiya qoyuluşunun artımına nail olunmasına, arı ailələrinin sayının 100 minə çatdırılmasına imkan verəcəkdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşı Natiq Hümbətov qeyd edib ki, arı ailələri yoluxucu xəstəliklərdən, xüsusi təhlükəli ziyanvericilərin hücumundan, yanğın, çovğun, dolu, ildırım vurmasından sığortalanır. Arı ailələri dəyərinin 70 faizi məbləğində sığorta olunur. Arı ailələrinin sığortası üzrə sığorta tarifi isə sığorta məbləğinin 5 faizi həcmində müəyyən olunur. Məsələn, 1 arı yeşiyinin dəyəri 150 manat olarsa, onun sığorta məbləği 105 manat müəyyənləşdirilir. Sığortahaqqı isə 5 faiz tariflə hesablanaraq 5 manat 25 qəpik həcmində ödənilir. Sahibkarlar hər bir arı yeşiyi üçün bu məbləği ödəməklə onu sığorta etdirə bilərlər. Arı ailələrinin sığortalanması könüllü qaydada aparılır.
Şahbuz Rayon Dövlət Sığorta Agentliyinin direktoru Nuran Xəlilov bildirib ki, sığorta mexanizmi vasitəsilə arıçılıq təsərrüfatlarına verilən sığorta zəmanəti baş verə biləcək hər hansı gözlənilməz hadisələrdən onların daha çox zərər görməməsinə və gələcəkdə öz təsərrüfatlarını genişləndirməyə imkan verən çox mühüm dövlət qayğısıdır.
Sonda arıçıları maraqlandıran suallar cavablandırılıb.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR