23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızın iqtisadiyyatında böyük yeri və çəkisi olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Artan inkişaf göstəriciləri sırasında aqrar sahənin xüsusi çəkisinin olması isə təsadüfi deyil. Çünki Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bölgələrimizdə bu sahənin inkişafı üçün son illərdə irimiqyaslı layihələr reallaşdırılıb. Bu sahədə böyük irəliləyişlərin müşahidə edildiyi bölgələrimizdən biri də Şahbuz rayonudur. Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər Şahbuz rayonunda da istehsal və emal sahələrinin inkişafını sürətləndirməklə yanaşı, rəqabətqabiliyyətli məhsul istehsalını artırıb.

Ərazisi, əsasən, dağlıq olan Şahbuz rayonunun özünəməxsus relyefi vardır. Mənbəyini dəniz səviyyəsindən 2500-2600 metr hündürlükdə yerləşən Biçənək aşırımından götürən Naxçıvançay rayon ərazisini tən ortaya bölür. Küküçay, Şahbuzçay isə onun iri qollarını təşkil edir. Rayon ərazisində uca dağlar, sıldırım qayalar da çoxdur – Salvartı, Camaldağ, Küküdağ, Keçəldağ, Ağdaban. Onların hər biri dəniz səviyyəsindən 3 min metrdən artıq hündürlükdə yerləşir. Rayonun kənd­lərinin əksəriyyəti bu dağların ətəklərində məskənləşib.
Sovetlər dövründə, uzun illər Şahbuz kəndlərinin sosial-iqtisadi problemlərinə lazımınca diqqət yetirilməyib. Bu səbəbdən yerli sakinlərin qarşılaşdıqları çətinliklər çox olub. Yol-nəqliyyat, maşın və texnika, gübrələr, maddi dəstək sarıdan dövlətdən heç bir yardım ala bilməyən şahbuzlular bütün çətinliklərə rəğmən böyük zəhmətlər hesabına dolanışıqlarını təmin edə biliblər. Dağlıq ərazidir, burada əkib-biçmək çox çətindir deyib, bu bölgəmizi taleyin ümidinə ­buraxmayıblar.

Ümummilli liderimizin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra şahbuzlu zəhmət adamlarının üz tutduqları bağlı qapılar açılıb. Uzun illər yığılıb qalmış problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Bütün bunların nəticəsidir ki, indi Şahbuz öz sosial-iqtisadi inkişaf səviyyəsi ilə aqrar sahədə öndə gedən bölgələrimizdən fərqlənmir. Əksinə, bir çox sahələrdə daha böyük irəliləyiş var, şahbuzlu təsərrüfat sahibləri – əkinçilər, heyvandarlar, arıçılar və aqrar sektorun digər sahələri üzrə fəaliyyət göstərən insanlar böyük nailiyyətlər əldə edirlər.
Hazırda rayonun bir çox kən­d­lərinin taxıl sahələrində ən müasir texnikaların – kombaynların, yük maşınlarının səsi gəlir. İndi biçin mövsümünün ən qızğın vaxtıdır. Ötən ilin payızında rayonda 1389 hektar sahədə taxıl əkilib. Taxıl əkilən ərazilərin 738 hektarı dəmyə, 288 hektarı sulu, 363 hektarı isə şərti sulu torpaqların payına düşüb. Bunun 1353 hektarını buğda, 36 hektarını isə arpa sahələri təşkil edib. Bu ilin yazında isə 202 hektar sahəyə arpa toxumu səpilib. Göstərilən dövlət qayğısı öz bəhrəsini verib, sahələrdə bol məhsul yetişib. Məhsuldarlığın yüksək olmasının əsas səbəblərindən biri də torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə, ümumilikdə, 243 ton 75 kiloqram həcmində müxtəlif gübrələrin verilməsi olub. Rayonun 12 yaşayış məntəqəsi, xüsusilə Türkeş, Şahbuzkənd, Şahbuz şəhərinin ətraf əraziləri taxıl əkinlərinə ən çox üstünlük verildiyi məntəqələr olub. Biçin kampaniyasının ilkin mərhələsində bu prosesə 3 ədəd kombayn cəlb edilsə də, sonrakı mərhələdə kombayn, kipvuran və taxıldaşıyan texnikaların sayının artırılacağı gözlənilir. Məhsuldarlığın indiki vəziyyəti onu deməyə əsas verir ki, bu bölgəmizin taxılçılıq sahəsində göstəriciləri yüksək ­olacaqdır.
Rayonda kartofçuluğun inkişafına da xüsusi diqqət yetirilir. Onu da qeyd edək ki, əvvəllər bu sahəyə o qədər də maraq göstərilməyib. Ancaq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən və icrası uğurla başa çatan, 2005-2010-cu illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı” Şahbuzda bu istiqamətdə inkişafa təkan verib, proqramın icrası üçün nəzərdə tutulan müddət zamanı məhsuldarlıq qat-qat artıb, əkin sahələri genişləndirilib. Bu sahədə əldə olunan nəticələr isə rayon əhalisinin sosial rifah halının yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Meyvə-tərəvəzçilikdə də bu ilin göstəriciləri ürəkaçandır. Davamlı dövlət qayğısından ruhlanan torpaq mülkiyyətçiləri muxtar respublika rəhbərinin müvafiq sərəncamı ilə təsdiq olunan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın yaratdığı imkanlardan da bəhrələnərək uğurlarını artırırlar. Bu il rayonda 164 hektar sahədə tərəvəz bitkiləri əkilib, bu sahədə bol məhsul əldə edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bundan başqa, rayon ərazisində 1 hektarda qarğıdalı, 243 hektarda paxlalı, 9 hektarda bostan bitkiləri əkilib. Heyvandarlığın inkişafında mühüm rola malik olan birillik ot bitkilərinin əkininə də xüsusi diqqət yetirilib. Belə ki, rayonun əkin sahələrinin 64 hektarında birillik ot bitkilərinə yer verilib.
Uzun illər müxtəlif əkin növləri ilə məşğul olan şahbuzlu torpaq mülkiyyətçilərindən bir neçəsi əvvəllər günəbaxan əkini ilə məşğul olanların yaxşı qazanc əldə etdiyini müşahidə edərək bu əkin növündə bacarıqlarını sınamaq qərarına gəliblər. İlk dəfə olaraq günəbaxan bitkisi əkənlərlə söhbət zamanı belə bir fikir hasil oldu ki, onlar zəhmətlərinin bəhrəsini artıqlaması ilə görəcəklərinə əmindirlər. Əkinçilərin sözlərinə görə, bu bitkinin aqrotexniki qaydada becərilməsi də xeyli asandır. Günəbaxan bitkisinin xəstəliklərə qarşı dözümlü olması da fermerləri əlavə xərclərdən qismən sığortalayır. Əlverişli hava olduqda isə sahənin suvarılmasına da ehtiyac olmur. Məhsulun satışı ilə bağlı heç bir çətinlik çəkməyəcəklərindən əmin olan torpaq adamları hər hektar günəbaxan sahəsindən on sentnerdən yuxarı məhsul götürəcəklərinə arxayındırlar. Bol məhsul isə yaxşı gəlir deməkdir. Çünki günəbaxan dənlərinin istehsalı və qablaşdırılması kiçik sahibkarlar və ailə təsərrüfatları üçün real biznes imkanı yaradır. Onu da qeyd edək ki, günəbaxan əkini sahələrinin artırılması arı ailələrindən bal tədarükünü artırmaq imkanı yaradıb. Yerli arıçılarla söhbət zamanı bildirdilər ki, bal mövsümü yaxınlaşdıqda, süfrələrin şirin nemətinin süzülməsinə qalan müddət azaldıqda bu bitkinin çiçəkləri arıların nektar toplamasına müsbət təsir edir. Bu hal günəbaxan əkinlərinə, yaxın ərazilərdə arıçılıqla məşğul olanlara əlavə imkanlar yaradacaq.
Sərhəd və dağ rayonu olan Şahbuzda ardıcıllıqla həyata keçirilən tədbirlər, ilk növbədə, əhalinin sosial problemlərinin həllinə, güzəranının yaxşılaşmasına hədəflənib. Xoş güzəran isə yaxşı əhval-ruhiyyə, torpağa daha dərin köklərlə bağlanmaq, gələcəyə inamla baxmaq deməkdir.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR