23 Dekabr 2024, Bazar ertəsi

Dünya şöhrətli alim Həsən Əliyev yazırdı ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın təbiəti son dərəcə füsunkardır. Zahirən nə qədər quru və çılpaq görünsə də, daxilən bir o qədər zəngin və rəngarəngdir. Geniş ərazisi, münbit torpağı, saf suyu, təmiz havası, bol günəş şüası və qüdrətli insan qüvvəsi! Bütün bunlar təbii zənginlik deyilmi?

Muxtar respublikamızın zəngin bitki örtüyü Azərbaycan florasının 62,4 faizini təşkil edir. Ata-babalarımız bu torpaqlarda, əsasən, üzüm və meyvə bağları salmışlar. Ordubadın Dəstə kəndindəki ərik bağları, Sabirkənd, Əndəmic kəndindəki şaftalı, ərik, armud, badam bağları, Tivi kəndindəki alma bağı və Bistdəki “Güney” bağ, Culfa rayonunun Dizə kəndindəki badam bağı və başqaları ləzzətli meyvələriylə şöhrət qazanmışdır. Muxtar respublikamız həm də süfrə üzümünün yetişdirilməsi ilə məşhur olmuşdur.
Təəssüflə qeyd edə bilərik ki, 80-ci illərin sonuna yaxın bu bağlar baxımsızlıq ucbatından tamamilə məhv olmuşdu. Bu bağların əksəriyyəti dağ çaylarının suları ilə qida­lanırdı. Muxtar respublika ərazisində su anbarlarının olmaması ucbatından yaşıllıqların artırılması və mühafizəsinə o qədər də ciddi fikir verilmirdi. Ona görə də ötən əsrin ­50-60-cı illərində diyarımızın yaşıl örtüyü 0,6 faiz təşkil edirdi.

O illərin acınacaqlı və ürək ağrıdan mənzərəsini gözlərimiz önünə gətiririk: Naxçıvan şəhərindən başlamış Sədərəyə qədər uzanan yollarda tək-tük görünən ağaclarla birlikdə əsas diqqəti cəlb edən tikanlıqlar idi. Şahbuzda ancaq Kolanı və Batabatda nəzərəçarpan yaşıllıq zolaqları, Ordubad zonasında isə, yuxarıda söylədiyim kimi, bəzi meyvə bağları diqqəti cəlb edirdi. Culfa ərazisində də yaşıllıq çox az idi. Naxçıvan şəhərində isə “Böyük bağ” və “Sabir bağı”ndan başqa bir yaşıl­lıq gözə dəymirdi. İnsanlar qızmar yay günlərində sərinləmək, kölgəsində dincəlməyə yaşıllıq axtarırdılar.
Müdrik bir xalq məsəli var. Deyərlər ki: meşə sudur, su məhsuldur, məhsul isə həyatdır. Günəş enerjisini planetimizdə üzvi maddəyə çevirən bitkilər, o cümlədən meşələrdir. Onların məhv edilməsi, bulaqların, çayların qurumasına səbəb ola bilər. Bir el ağsaqqalı söyləyir ki, təbiətin yaxın dostu Həsən Əliyev muxtar respublikamızın təbiətinin qorunmasının əsl keşikçisi olub. 1975-ci ildə muxtar respublikanın rəhbərliyi Batabat suyunun Naxçıvana gətirilməsi təşəbbüsündə olanda, Həsən Əliyev sinəsini qabağa verib, bu faydasız təşəbbüsə öz iradını bildirib. Deyib ki, ana təbiət nə qədər əliaçıq və səxavətlidirsə, onun həm də üzü bozdur, kinlidir, qısqancdır. Onunla hesablaşmayana, ona endirilən zərbəyə qarşı birə-beş qüvvətli cavab verir. Əgər Batabatın suyu Naxçıvana gətirilərsə, bu təbiət muzeyinin fauna və florasından əsər-əlamət də qalmaz. Görkəmli alimin bu haqlı iradından sonra belə bir təşəbbüsün həyata keçirilməsinə son qoyuldu. Əvəzində yeni bir layihə həyata vəsiqə aldı. Həmin illərdə Naxçıvanda olan görkəmli alim ­Həsən Əliyevin təşəbbüsü ilə Culfa rayonunun Dizə kəndində 4-5 hektar ərazini əhatə edən “Sarı zəmi” deyilən yerdə badam bağı salındı. Bağı suvarmaq üçün artezian vuruldu, göl yaradıldı. 10 ildən çox bol məhsul verən bu bağ da 80-ci illərin sonuna yaxın baxımsızlıq ucbatından quruyub yararsız hala düşdü, məhv oldu.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli və təbiətin zənginləşdirilməsi diqqət mərkəzində saxlandı. Dahi rəhbərin təşəbbüsü ilə 1969-1982-ci illərdə ölkəmizin hər yerində, eləcə də muxtar respublikamızda keçirilən iməciliklər yolu ilə geniş yaşıllıq sahələri yaradıldı. Ərazilərdə körpə fidanlar əkildi. Xüsusi mühafizə olunan təbiət ərazilərinin qayğısına qalındı. 1969-cu ildə Ordubad Dövlət Yasaqlığı yaradıldı.
Ata-babalarımızın su ilə bağlı çoxdankı arzu-muradı da gözündə qalmadı. Ulu öndərin Naxçıvana qayğısı sayəsində Araz dəryaçası yaradıldı. Şərur rayonunda möhtəşəm bir tikintinin əsası qoyuldu. Çayın səmti dəyişdirildi. Qranit dağların altından geniş yol açıldı. Neçə minillik dağ çayı tunelə sığışdırıldı. Sonradan nəhəng bənd ucaldıldı. Bu çayın suyu min hektarlarla torpağa həyat verdi. Yol kənarlarına əkilən ağaclar göz oxşadı. Muxtar respublikamızın iqtisadiyyatı yüksəldi. Onun iqtisadi bölgələr sırasında xüsusi çəkisi artdı. Atalar demişkən, “Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar”, “Nə əkərsən, onu da biçərsən”.
Ancaq haradan bilərdik ki, çox keçməyəcək bədnam qonşularımızın çirkin niyyəti sayəsində Naxçıvan blokadaya düşəcək, işığı, qazı kəsiləcək. Əhalisi qışın sərt şaxtası ilə üz-üzə qalacaqdı. Bəzən də körpəsinin soyuqdan donduğunu görüb onu xilas etmək üçün bir zamanlar kölgəsində dincəldiyi, meyvəsini dərdiyi ağaclara balta çalacaqdı. Təki, sobası yansın, beşikdəki körpəsi soyuqdan donmasın.
Bəli, 1991-ci ildən 1992-ci ilə keçən qış çox sərt gəlmişdi. Günlərlə elektrik enerjisinə möhtac qalan, təbii qazı çoxdan kəsilən, hər tərəfdən blokadaya alınan Naxçıvanda həyat iflic vəziyyətinə düşmüşdü.
“Çətin günün ömrü az olar”, – deyib atalar. Bu çətin günlər naxçıvanlıların iradəsini qıra bilmədi. Naxçıvan bu ağır və çətin imtahandan üzüağ və alnıaçıq çıxdı. İradə və dözüm, bir də muxtar respublika vətəndaşlarının öz rəhbərinə yüksək inam hissi hər şeyə qalib gəldi.
Naxçıvanda 1996-cı ilin yazından başlanan yaşıllaşdırma və abadlaşdırma tədbirləri vətəndaşlarımızı böyük həvəslə iməciliklərə çıxardı. Muxtar respublikamızın şəhər və rayonları, qəsəbə və kəndlərində, yol kənarlarında on minlərlə ting basdırıldı, minlərlə yaşıllıq zolaqları yaradıldı. Onların becərilməsi ümumxalq işinə, ümumxalq qayğısına çevrildi. İdarə, müəssisə və təşkilatların kollektivləri yaz-payız mövsümündə bu nəcib və xeyirxah işə cəlb olundu. Çox keçmədi ki, Naxçıvan başdan-başa yaşıllığa, gül-çiçəyə büründü.
Ağac əkmək, bağ salmaq hünər deyil. Gərək onu qoruyub saxlamağı bacarasan. Bu gün muxtar respublikamızda yaşıllıqlara göstərilən qayğı belədir. Əkmisən, çox yaxşı, becər, əkdiyin tutsun, ağacların cərgəsinə qoşulsun. Yoxsa təkcə əkməklə iş bitmir. Təbiəti sevmək, onu qorumaq bu gün muxtar respublika vətəndaşlarının amalına çevrilib.
Muxtar respublikada hər ilin yaz-payız aylarında yaşıllaşdırma, təmizlik və abadlıq aylığı elan olundu, iməciliklərin keçirilməsi ənənə halını aldı.
Naxçıvanın coğrafi mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınmış, meşəsalma və meşəbərpa tədbirlərinə xüsusi əhəmiyyət verilmiş, yaşıllıq və meşə-meliorativ tədbirləri həyata keçirilmişdir. Təkcə ötən ildə 440 mindən çox ağac əkilmiş, yaşıllıq sahələri genişləndirilmişdir.
Cari ilin yazında muxtar respublikada 200 hektardan çox ərazidə yaşıllaşdırma tədbirləri aparılmışdır. Kəngərli rayonunda salınmış püs­tə bağı 20 hektar genişləndirilmiş, 80 mindən çox üzüm və iydə qələmi əkilmişdir. Keçirilən iməciliklər zamanı Naxçıvan-Batabat magistralının ətrafında 0,6 hektar sahədə yeni meyvə bağı salınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamlar və qəbul etdiyi dövlət proqramlarının icrası bu gün muxtar respublikamızı yaşıl bir diyara çevirmişdir. Şahbuz Dövlət Təbiət Qoruğu, “Arazboyu” və “Arpaçay” Dövlət Təbiət yasaqlıqları və­ Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı diyarımızın yaşıllıqlar məskənidir. Qədim Naxçıvana gələn turistlər bu təbiət muzeylərinin onlara bəxş etdiyi təmiz havasından və saf suyundan könülxoşluğu və ürəkaçıqlığı ilə danışırlar. İran İslam Respublikasından diyarımıza gələn və Naxçıvanla yaxından tanış olan turistlərdən biri deyir:
– Mən Naxçıvanda ilk dəfə 1994-cü ilin yayında olmuşam. O zaman istəyim Əshabi-Kəhfi ziyarət etmək idi. Buna nail oldum. Amma deyim ki, Culfa şəhərindən ziyarətgaha – Əshabi-Kəhfə qədər uzanan yol nəinki daşlı, toz-torpaqlı idi, heç yaşıllıq da gözə dəymirdi. Maşınımızın şüşələrini bərk-bərk bağlamışdıq ki, içəriyə toz-torpaq dolmasın. Ziyarətgaha ikinci dəfə 2014-cü ildə yenidən gəldim. Bu dəfə heyranedici bir mənzərə ilə qarşılaşdım. Burada hər şey dəyişmişdi. Əshabi-Kəhfdə bərpa işləri aparılmış, yollar hamarlanmışdı. Sevindirici hal o idi ki, yol kənarlarında səliqə ilə əkilən ağaclar yaşıl bir tuneli xatırladırdı.
Son 20 il ərzində Naxçıvanda bu istiqamətdə aparılan işlər muxtar diyarımızı gözəlliklər məskəninə çevirmişdir. Gözəlliyin isə əsas atributu, simvolu təmizlikdir. Əvvəllər Naxçıvanda külək əsəndə insanlar daldalanmaq üçün yer axtarır, qaçıb gizlənirdi. İndi isə şəhərimizin, bütövlükdə, diyarımızın təmizliyi o səviyyədədir ki, hamını valeh edir. Bu gün gülkarlığa çevrilən, abadlaşdırılan küçələr, park və xiyabanlar göz oxşayır, hər bir naxçıvanlını sevindirir, zəhmətə həvəsini artırır.
Bu gün iftixar hissi ilə deyə bilərik ki, ata-babalarımızın arzuları çin olub. Onların bir vaxtlar həsrətini çəkdiyi yaşıllıqlarla bağlı ümidləri göyərib. Diyarımız, sözün həqiqi mənasında, gülüstana dönüb.

Rövşən HÜSEYNOV
Naxçıvan Mətbuat Şurasının sədri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR