23 Dekabr 2024, Bazar ertəsi

Müasir cəmiyyət quruculuğunun əsas şərtlərindən biri güclü iqtisadiyyata sahib olmaqdır. Bu mənada, müstəqil Azərbaycanın ümumi inkişaf mənzərəsində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə qazanılan uğurları öz davamlılığı ilə xarakterizə etmək mümkündür. Muxtar respublika iqtisadiyyatı, onun stabil artım dinamikası, möhkəm təməllər üzərində qurulmuş strateji xəttə uyğunluğu və güclü iradə hesabına inkişaf etməkdədir.

Əsası ümummilli liderimiz tərəfindən müəyyən olunmuş iqtisadi inkişaf strategiyası müasir uğurlarımızın əsasını təşkil edir. Ölkəmizdə regionların inkişafının diqqət mərkəzində saxlanılması, neft gəlirlərimizin insan kapitalının formalaşmasına yönəldilməsi istiqamətində qəbul edilmiş mühüm dövlət qərarlarının icrası Naxçıvan Muxtar Respublikasının da hərtərəfli inkişaf etməsinə zəmin yaradıb. Naxçıvanın zəngin yeraltı, yerüstü təbii sərvətlərinin, əmək ehtiyatları və turizm potensialının fəal olaraq iqtisadi dövriyyəyə cəlb olunması bir zamanlar burada möcüzəvi görünən iqtisadi layihələri reallığa çevirib. Bəli, bu, indi çoxlarına təəccüblü görünsə də, indi Naxçıvan minik avtomobillərinin istehsal olunduğu, ərazisinin, demək olar ki, tamamında yüksəkkeyfiyyətli 4G mobil rabitə şəbəkəsinin xidmətlərindən istifadə edilən, yaxın regionda ən güclü Günəş Elektrik Stansiyasının işə salındığı, ildə 450 minə yaxın turistin səfər etdiyi bir məkana çevrilib. Naxçıvanda həyata keçirilən iqtisadi layihələrlə bərabər, irimiqyaslı infrastruktur quruculuğu əhalinin həyat səviyyəsini kökündən dəyişdirib. Bu göstəricilər baxımından şəhərlə kəndin bir-birinə yaxınlaşması, əhali gəlirlərinin artırılması, məşğulluq və məskunlaşma məsələləri dövlətin daimi qayğısına çevrilib.

Muxtar respublikada mövcud olan bütün iqtisadi resurslardan səmərəli istifadə üçün geniş təcrübə formalaşıb. Bu təcrübənin müxtəlif sahələr üzrə uğurla tətbiq olunması iqtisadiyyatın şaxələndirilməsi kimi günün tələblərinin yerinə yetirilməsinə imkan yaradır. Cari ilin ilk 7 ayının nəticələrinə nəzər saldıqda görürük ki, bu dövrdə ümumi daxili məhsul istehsalının həcmi bir il öncəki dövrlə müqayisədə artaraq 1 milyard 458 milyon 392 min 300 manat olub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 604 milyon 952 min manat dəyərində sənaye sahəsi tutur ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 1,2 faiz çox deməkdir.
Bazar iqtisadiyyatında azad sahibkarlığın stimullaşdırılması onların səmərəli fəaliyyəti üçün əsas şərtlərdəndir. Naxçıvanda özəl bölmənin inkişaf etdirilməsi üçün görülən işlər cari ilin ötən dövründə də davam etdirilib. Belə ki, 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 13 milyon 266 min 200 manat məbləğində kreditlər verilib ki, bunların da 10 milyon 553 min 400 manatı və yaxud 79,6 faizi uzunmüddətli kreditlər olub. Sahibkarlığın inkişafı yeni iş yerlərinin açılmasına və əhali gəlirlərinin artmasına da öz təsirini göstərib. Belə ki, 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı­ ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyard 10 milyon 750 min manat, onun hər bir nəfərə düşən məbləği isə 2245,6 manat təşkil edib.
Naxçıvanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi addımlar atılır. Bu baxımdan muxtar respublika üzrə ümumi daxili məhsulda ilk yeri tutan sənaye sahəsindən sonra digər bir mühüm sahə olan kənd təsərrüfatının da inkişafı diqqətdə saxlanılır. Torpaqla məşğul olan kəndliyə hər cür köməklik göstərilməsi, əl əməyinin yüngülləşdirilməsinə imkan verən ən müasir texnikaların muxtar respublikaya gətirilməsi, emal müəssisələri, anbar və istixana şəbəkəsinin genişləndirilməsi bu sahədə yüksək nəticələr əldə etməyə imkan verib. Nəticədə, regionda taxıl, ət, süd, kartof, meyvə-tərəvəz məhsullarının, habelə yüksəkkeyfiyyətli Naxçıvan balının istehsalında yüksək nailiyyətlər əldə olunmaqdadır. 2017-ci ilin yanvar-iyul aylarında 223 milyon 716 min 400 manat dəyərində, başqa sözlə, 2016-cı ilin müvafiq dövründəki göstəricidən 3,4 faiz çox kənd təsərrüfatı məhsulu istehsal edilməsi bu sahədə ilin yekunlarının uğurlu olacağını proqnozlaşdırmağa imkan verir.
Xarici iqtisadi əlaqələr muxtar respublika iqtisadiyyatının dinamik inkişafının və investisiya cazibədarlığının mühüm göstəricilərindən biridir. Naxçıvanın ixrac məhsullarının növü və bazarları genişləndikcə iqtisadi fəaliyyətin bu mühüm sahəsində də göstəricilər diqqəti cəlb edir. Təkcə 2017-ci ilin ilk 7 ayında muxtar respublikada, əsasən, ixracat­yönümlü 238 milyon 339 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsinin həcmi Naxçıvan Muxtar Respublikasının bu sahədə etibarlı əməkdaşlığından xəbər verir.
İqtisadi inkişaf insan amilindən asılı olduğu kimi, onun nəticələri də insan kapitalının formalaşmasına xidmət edir. Bu strateji xəttə dönmədən əməl edilməsi muxtar respublikamızın sosial-iqtisadi həyatının bütün sahələrində öz bəhrəsini verməkdədir. Yaşadığımız torpağın tərəqqisi üçün yorulmadan çalışan fədakar insanlar gələcəkdə də Naxçıvan iqtisadiyyatının dinamik inkişafını təmin edəcəklər.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR