Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Sədərək rayonunun təsərrüfatlarında da torpaq mülkiyyətçiləri tərəfindən yay təsərrüfat işləri davam etdirilir. Bölgədə taxıl əkiləcək sahələrdə şum qaldırılır, meyvə bağlarının, tərəvəz əkini sahələrinin məhsulu tədarük edilir.
Muxtar respublikamızda torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısı, onlar üçün hərtərəfli şəraitin yaradılması, texnika və gübrə ilə təchizatda tətbiq olunan güzəştlər sədərəkli torpaq mülkiyyətçiləri tərəfindən minnətdarlıqla qarşılanır, onları daha həvəslə işləməyə sövq edir, son illərdə aqrar sahənin inkişafı hər bir torpaq mülkiyyətçisini daha da ruhlandırır, yeni-yeni uğurlar qazanmağa həvəsləndirir.
Dövlət qayğısının nəticəsidir ki, bu il muxtar respublikada taxıl biçini kampaniyasında ən yüksək göstərici Sədərək rayonunda qeydə alınıb. Belə ki, 2440 hektar taxıl əkini sahələrindən 7859 ton məhsul tədarük edilib, hər hektarın məhsuldarlığı 32,2 sentner təşkil edib.
Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu günə qədər meyvə bağlarından 485 ton meyvə, 1536 ton kartof, 4195 ton tərəvəz, 1806 ton bostan məhsulları yığılıb. Məhsul yığımı mütəşəkkilliklə davam etdirilir.
Xatırladaq ki, məhsuldarlığın ilbəil yüksəlməsində suvarma suyuna olan tələbatın dolğun ödənilməsi və əlavə torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasının da mühüm rolu vardır.
Səbuhi HÜSEYNOV